​Sərnişindaşıma xidmətində ənənəvi özbaşınalıq - Bakı Beynəlxalq Avtovağzalı korrupsiya yuvasına çevrilib

Baxış sayı:
5698

Avqustun 1-dən ictimai nəqliyyatda gediş haqlarının birdən-birə nə az, nə çox 50 faiz qaldırılması şəhərlərarası rəsmi tariflərin də eyni faizlə qaldırılmasına nədən olub. Ölkədə hələ sovet dönəmindən hökm sürən rəsmi tariflərin şişirdilərək yuvarlaqlaşdırılması özbaşınalığı bu gün də daha eybəcər şəkildə meydan suladığından sərnişinlərin durumunu təsəvvür etmək çətin deyil. Özəlliklə Bakıdan uzaq olmayan rayonlara gediş haqları rəsmi tarifdən 2-3 dəfə bahadır.(??)
Fikir verin, avqustun 1-nə kimi Bakıdan 153 kilometrlik məsafədə olan Ağsuya avtobusla gediş haqqı tarifi 2.45 manat olduğu halda gerçəkdə sərnişinlərdən 5 manat alınırdı. Müqayisə üçün deyək ki, Ağsuya nisbətdə Bakıdan iki dəfə uzaq məsafədə (306 km) olan Ağcabədiyə rəsmi gediş haqqı 4.90 manatdır(hazırda 7.30 manatdır ). Bakıdan 116 km məsafədə yerləşən Şamaxıya getmək isə rəsmi 1.86 manat qarşılığında 4 manata başa gəlirdi. İndi Ağsuya rəsmi tarif 3.70 manat, Şamaxıya isə 2.80 manat müəyyən olunub. Amma vurğuladığım kimi, bunlar rəsmi tariflərdir. Gerçək bazar qiyməti yəqin ki, Ağsuya 6 manat, Şamaxıya isə 5 manat təşkil edəcək.
Digər bölgələrə də rəsmi qiymətlərin yox, qeyri-rəsmi qiymətlərin qüvvəyə minəcəyi şəksizdir. 167 km-lik Qubaya və bundan 10 km uzağa -177 km-lik Qusara rəsmi tariflər müvafiq olaraq 2.67 manat və 2.83 manat idisə, indi 4 manat və 4.20 manat olub. Amma artımdan qabaq gerçək qiymət də elə 4 manat idi. Yəni bu istiqamətdə də bazar qiymətinin ortalıq 5 manat təşkil edəcəyi şübhə doğurmur.
Bəs bu ikili standartlar - tariflər nədən qaynaqlanır? Hamının gözü qabağında avtovağzala giriş-çıxış zamanı qeyri-rəsmi hər nəqliyyat vasitəsindən 2-10 manat arası ödəniş alınmasa, şlaqbaum qaldırılmır. Eyni zamanda kassa sistemi və online bilet satışı iflic durumdadır. Avtobus sahiblərindən hər sərnişinə görə rəsmi tarifə uyğun haqq alıb, yola salırlar. Nəqliyyat vasitələrinin sahibləri də məcbur olub, qiyməti 2-3 qat artıq alır. Sərnişin neyləyə bilər? Vəhşi monopoliya qarşısında istehlakçı - vətəndaş sərnişin gücsüzdür. Dəhşətdir, bu rüşvət, korrupsiya özbaşınalığı polisin, prokurorluğun gözü qarşısında meydan sulayır! Baxın, bilet kassası sistemi işləmədiyindən, online bilet satışına süni əngəl yaradıldığından vergidən milyonlar gizlədilir. Bu milyonlar hesabına pensiyaları, əmək haqlarını normal səviyyəyə çatdırmaq olar və gediş haqqının artırılmasından aztəminatlı ailələr elə də ziyan çəkməz.
Sadaladıqlarımız ölkənin nəqliyyat, sərnişindaşıma sisteminin yarıtmazlığını ortaya qoyur. Bu sahəyə cavabdeh olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin heç olmasa, online sistemi qaydasına salacağı da gözlənilmir. Şəhərlərarası daşımaçılıqdakı özbaşınalıqları qaydaya salmaq biletlərin kassa və online satışını təşkil etməkdən keçir. Bunu təşkil etmirlərsə, yaxud bacarmırlarsa, deməli, ruslar demiş, mafiya ölməzdir.
...Bakıdan 90 kilometrlik məsafədə yerləşən Qobustan (Mərəzə) yaşayış məntəqəsinə ümumiyyətlə avtobus marşrutu nəzərdə tutulmayıb. Elə qatar, hava reysləri də. Bu məntəqənin adı heç avtovağzalın dəftərində yoxdur. Nə rəsmi, nə də qeyri-rəsmi. Fikrimizcə, fikirləşməyə dəyər...
Məğrur Bədəlsoy