​Sərkisyandan hiyləgər gediş: kameraların önündə... - Politoloq

Baxış sayı:
940

Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan hiyləgər gediş etdi.

Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Sərkisyan əvvəlcə radikal müxalifətin lideri, deputat Nikol Paşinyanla neytral zonada - oteldə görüşə razılıq verdi:
“Daha sonra bu görüşü televiziya ekranları qarşısında reallaşdırdı, görüşü yarımçıq tərk edərək dünya və Ermənistan ictimaiyyətinə mesaj yolladı ki, rəqibi qanunları saymır, ona qarşı ölçü götürüləcək. Artıq “ölçü” götürülüb, Paşinyan və onun deputat həmkarları həbs olunublar".
Politoloqun sözlərinə görə, bundan sonra Ermənistandakı hadisələr iki xətt üzrə inkişaf edə bilər:
“Birinci, mitinqləri təşkil edən şəxs həbs olunduğundan mitinq və küçə yürüşləri getdikcə səngiyəcək, çünki polisə “vur” əmri də verilib. Sərkisyan insanları qətlə yetirmək hesabına belə hakimiyyətini qoruyacaq. İkincisi, Paşinyanı əvəz edən tapılacaq və müxalifət birləşərək Serj Sərkisyana qarşı müqaviməti gücləndirəcək. Hadisələrin birinci ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırıram. Çünki müxalifət Paşinyana ilk gündən dəstək vermədisə, indi onun boşalan yerini əvəz etməyə çalışmayacaq. Bu yol digər müxalifət liderlərini də Paşinyanın yanına – həbsə aparır. Bütün hallarda heç kimin gözləmədiyi halda Paşinyan təkbaşına ortaya güc qoydu və bu amil Serj Sərkisyana gələcəkdə yeni problemlər yaradacaq”.
Xatırladaq ki, bu gün günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.