Sərkisyan baş nazir olsa bunt qalxacaq?

Əgər Ermənistanın indiki prezidenti Serj Sərkisyan gələn il hakimiyyətini baş nazir postunda davam etdirməyə qərar versə xalq bunt qaldırmaz.
 
Virtualaz.org xəbər verir ki, bunu hakim Respublika partiyasının siyasi şurasının üzvü Ovanes Saakyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib.
“Əgər bizim siyasi komanda qərara alsa ki, Serj Sərkisyan ölkəyə rəhbərliyi davam etdirməlidir, o zaman təbii ki, bunt olmayacaq. Çünki Serj Sərkisyanın bu illər ərzində ölkə prezidenti kimi topladığı təcrübə, bir sıra digər amillər var. Bu səbəbdən müxalifətçilərin Sərkisyan baş nazir olacağı halda erməni xalqının bunt qaldıracağı haqda iddiaları əsassızdır”-Ovanes Saakayan bildirib.
Sərkisyanın prezident səlahiyyətləri gələn il bitir. Onun səlahiyyət müddətinin bitməsindən sonra Ermənistan parlament üsul-idarəçiliyinə keçəcək, prezident postu olmayacaq və ölkəni baş nazir idarə edəcək. Sərkisyan 2018-ci ildə baş nazir olacağı ilə bağlı hələ konkret cavab verməyib.