Şərəfli və müqəddəs müəllim peşəsinə kölgə salanlar... - TƏHLİL

Baxış sayı:
2939

Seçki qutusuna topa bülleten atan, "karusel" əməliyyatlarında iştirak edən, səslərin sayılması zamanı ədalətsizliyə yol verən müəllimlər əməlləri ilə pedaqoq adına ləkə gətirirlər Onların vəzifəsi şagird və ya tələbəsinin layiqli vətəndaş, azad düşüncəyə sahib olan müstəqil şəxs kimi yetişməsini təmin etməkdir Bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 23-də ölkədə növbəti bələdiyyə seçkiləri baş tutub. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Həmçinin, o da bildirilib ki, seçki məntəqələrində seçici fəallığı 32.72 faiz olub. Belə ki, səsvermə hüququna malik 4972356 seçicidən 1627064 nəfəri səs verib. Nəzərinizə çatdıraq ki, siyasilər, ictimai fəallar, qeyri-hökumət təşkilatları, o cümlədən media nümayəndələri və müstəqil ekspertlər arasında Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlarla razılaşmayanların sayı heç də az deyil. Onların iddiasına görə, seçki fəallığı 32.72 faiz yox, xeyli az olub. Eyni zamanda, o da qeyd olunur ki, əksər məntəqələr üzrə səsvermə azad və ədalətli mühitdə keçirilməyib, səsvermə zamanı çoxsaylı qanun pozuntuları müşahidə edilib. Əslində, 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd olmuş Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörüntülər də bu barədə deyilənlərin həqiqətəuyğunluğunu göstərir. Bundan başqa, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin "facebook" səhifəsindəki qeydləri də bələdiyyə seçkilərinin ürəkaçan səviyyədə keçirilmədiyini deməyə əsas verir. Belə ki, bələdiyyə seçkilərinin müstəqil və müxalif namizədlərin az sayda iştirakı səbəbindən milli siyasi hadisəyə çevrilmədiyini vurğulayan Anar Məmmədlinin sözlərinə görə, Beyləqanın Təzəkənd bələdiyyəsinə səsvermə bitdikdən sonra müşahidəçilər səslərin şəffaf sayılmasını tələb ediblər. Lakin məntəqə seçki komissiyasının üzvləri onlara məhəl qoymayıb və müşahidəçiləri kənarlaşdırıb: "Buna etiraz edən kənd sakinləri məntəqənin qarşısında toplaşıb, MnSK (məntəqə seçki komissiyası-red.) üzvlərini səsləri yenidən saymağa məcbur edib, uzun müddət onları bayıra buraxmayıblar. Və səsləri yenidən saydırıblar". O bildirib ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə bəzi seçki dairələrində inzibati resurslardan istifadə hallarını, həmçinin bəzi şəxslərin namizədliyinin tutarlı əsaslar göstərilmədən qeydə alınmadığını müşahidə edib: "SMDT seçkiqabağı təşviqat dövründə bəzi namizədlərə və müşahidəçilərə qarşı yerli icra hakimiyyətləri orqanları, DSK və MnSK üzvləri, o cümlədən bələdiyyə əməkdaşlarının təzyiq hallarını qeydə alıb. Namizədlərin təşviqat materialları bəzi seçki məntəqələri ərazisində məhv edilsə də, bununla bağlı araşdırmalar aparılmayıb. Ümumilikdə, seçkiqabağı təşviqat mərhələsində passivlik və rəqabətsiz mühit müşahidə olunub. SMDT-nin 23 dekabr 2019-cu il bələdiyyə seçkilərinin bütün mərhələləri üzrə müşahidələrinin ilkin nəticələri göstərir ki, bələdiyyə seçkiləri siyasi azadlıqların kəskin məhdudlaşdırılması, bərabər və həqiqi rəqabət imkanlarının çatışmazlığı, səsvermə və səslərin sayılması qaydalarının kütləvi şəkildə pozulması şəraitində keçirilib. Bununla da bələdiyyə seçkiləri alternativ seçim şəraitinin olmaması, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilərək Azərbaycan vətəndaşlarının gerçək və azad iradəsini ifadə etməyib". Qeyd edək ki, Ümid Partiyasının bələdiyyə seçkilərinin nəticələrinə dair bəyanatında da namizədlərin irəli sürülməsi, imza toplanması, seçkiqabağı təşviqat kampaniyasının aparılması və seçki günü çoxsaylı qanun pozuntularının müşahidə olunduğu öz əksini tapıb. Bəyanatda o da deyilir ki, əvvəlki seçkilərdə olduğu kimi, yenə də seçki günü "karusel" əməliyyatları, seçki qutularına topa-topa bülletenlərin atılması, səslər sayılarkən ənənəvi səssayma üsullarından istifadə edərək, öncədən hazırlanmış "qaliblərin" siyahısının elan olunması seçki komissiyalarına olan inam və etimadı daha da azaltdı: "Son zamanlar hakimiyyətin iddia etdiyi dəyişiklik siyasətinin mahiyyətinə zidd olan bu seçki situasiyası və onun rəsmi olaraq açıqlanan nəticələri Ümid Partiyası olaraq bizdə böyük təəssüf hissi doğurur. Hesab edirik ki, növbəti seçkilərdə analoji halların baş verməməsi üçün təxirəsalınmaz addımlar ataraq bələdiyyə seçkilərinin bu səviyyədə keçrilməsində məsuliyyəti olan şəxslərə və qurumlara qarşı ciddi ölçü götürülməlidir, qanunları pozan MSK, DSK və MnSK nümayəndələri qanun qarşısında cavab verməlidirlər". Ümid Partiyası iddia edir ki, bələdiyyə seçkilərinin nəticələrinə görə, bu gün ayrı-ayrı bələdiyyə subyektləri ərazisində əhalinin və namizədlərin qanun pozuntuları ilə bağlı iddiaları belə deməyə əsas verir ki, bu hallar növbədənkənar parlament seçkiləri zamanı da baş verəcək. Gördüyünüz kimi, bütün bunlar dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin çoxsaylı qanun pozuntuları ilə yadda qaldığını deməyə əsas verir. Məsələnin ən üzücü tərəfi isə ondadır ki, əksər məntəqələrdə seçki qutusuna topa bülleten atanlar, "karusel" əməliyyatlarında iştirak edənlər, səslərin sayılması zamanı ədalətsizliyə yol verənlər, müşahidəçilərin işinə mane olanlar, eyni zamanda seçki prosesini işıqlandırmağa çalışan media nümayəndələrinə hücum çəkənlər məhz müəllimlər olub. Hələ bu, harasıdır. Əldə edilən məlumatlarda o da bildirilir ki, bir sıra məntəqələrdə müəllimlər valideynləri aidiyyəti olmadığı məntəqələrdə səsverməyə cəlb ediblər. Halbuki bu cür qeyri-qanuni addımlar şərəfli və müqəddəs müəllim peşəsinə kölgə salır, vətəndaşların, əsasən də şagirdlərin onlara olan inam və etibarını ciddi şəkildə sarsıdır. Şübhəsiz ki, müəllimin vəzifəsi seçkidə şalvarının və ya yupkasının arasından topa bülleten çıxarıb seçki qutusuna atmaq deyil. Müəllim adını daşıyan şəxsin birbaşa borcu şagird və ya tələbəsinin layiqli vətəndaş, azad düşüncəyə sahib olan müstəqil şəxs kimi yetişməsini təmin etməkdir. Bələdiyyə seçkilərində məntəqə üzvü qismində iştirak edən müəllimlərin bir qismi isə törətdikləri qanunsuz əməllərlə bu şərəfli və müqəddəs ada layiq olmadıqlarını nümayiş etdirdilər. İndi özünüz qərar verin: Hansı şagird bu cür müəllimə layincə hörmət edər, onun tapşırıqlarını yerinə yetirər? Təbii ki, müstəqil düşüncəsi olan və ədaləti hər şeydən üstün tutan heç kim yupkasından topa bülleten çıxaran müəllimə şərəfli peşə nümayəndəsi kimi yanaşmaz! Elə bu cür müəllimlərin ucbatındandır ki, hazırda əksər orta, həmçinin ali təhsil müəssisələrində şagird və tələbələr müəllimlərlə normal, səmimi və mehriban münasibət qurmaqda maraqlı deyil. Bu cür hallar isə son nəticədə şagird və tələbələrin bir qisminin dərsə, elmə maraq göstərmək əvəzinə avaraçılıqla məşğul olmasına səbəb olur. Bir sözlə, seçki qutusuna topa bülleten atan, "karusel" əməliyyatlarında iştirak edən, səslərin sayılması zamanı ədalətsizliyə yol verən müəllimlər əməlləri ilə pedaqoq adına ləkə gətirirlər./Hurriyyet.org