Şərəf anlayışı olmayanın Borçalı “davası”

“Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) 25 iyun 2016-cı il tarixində keçirilən növbədənkənar konfransının qəbul etdiyi qərarların mövcud qanunlara uyğun olduğu Ədliyyə Nazirliyi tərəfindən təsdiqləndi. Maraqlıdır ki, cəmiyyətdə rəhbər dəyişikliyinin hüquq çərçivəsində baş verməsinin rəsmi qüvvəyə minməsi sabiq sədr Zəlimxan Məmmədlini ciddi təşvişə salıb.
Belə ki, Ədliyyə Nazirliyinin tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlini “Borçalı” İctimai Cəmiyyətinin yeni sədri olaraq tanıması saman çöpündən yapışmış Zəlimxan Məmmədlinin son ümidini də əlindən aldı. Bundan isterikaya düşən Zəlimxan Məmmədli onun kimi düşünməyən, onun cəmiyyətə sədrlik etməsinə qarşı çıxan hər kəsi təhqir etməyə başlayıb.
Qeyd edək ki, Z.Məmmədlinin “Borçalı” İctimai Cəmiyyətinə sədrlik etməsini istəməyənləri sayıb qurtarmaq mümkün deyil, ancaq onun sədrliyini istəyənləri barmaqla saymaq olar. Zəlimxan Məmmədli də həmin barmaqla sayılacaq tərəfdarları ilə birlikdə hay-küy salaraq ictimai rəyi çağdırmağa çalışır.
Gürcüstanda yaşayan soydaşlarımızla bağlı yaradılmış bir təşkilatın sədri (keçmiş –müəl.) həmin soydaşlarımızın yanına gedə bilməməsinin nə qədər ciddi məsələ olduğunun ya fərqində deyil, ya da özünü axmaq yerinə qoyaraq bunu görməzdən gəlir. Halbuki “Borçalı” İctimai Cəmiyyətinin sədrinin Gürcüstana buraxılmaması, onun arzuolunmaz şəxs elan edilməsi çox ciddi məsələdir. Gürcüstana daxil olması hələ 2014-cü ildən qadağan edilmiş Zəlimxan Məmmədli bunun nə anlama gəldiyini başa düşmürsə, bu artıq siyasi yox, tibbi bir problemdir. Hər bir ölkə, xüsusilə də Gürcüstan kimi azadlıq və demokratiya sahəsində böyük islahatlar həyata keçirmiş bir dövlət yalnız özü üçün ən təhlükəli hesab etdiyi şəxsləri arzuolunmaz elan edə bilər.
Digər tərəfdən, bir dövlət üçün arzuolunmaz elan olunan şəxsin həmin ölkədəki soydaşlarına hansı xeyri dəyə bilər? Görəsən, belə arzuolunmaz şəxs elan olunan birinin həmin ölkədəki soydaşlarına yönəlik fəaliyyətinin həmyerlilərinə çox ciddi zərər vura biləcəyini Zəlimxan Məmmədli bilmirmi? Əgər bilmirsə, deməli, bu artıq ağıl məsələsidir. Yox, əgər bilir və buna da israr edirsə, deməli, pis bir niyyəti var. Əgər Azərbaycan dövləti bir gürcünü arzuolunmaz şəxs elan edib, onun ölkəmizə daxil olmasına qadağa qoysa, həmin şəxsin respublikamızda yaşayan gürcülərə hansı xeyri dəyə bilər? Xüsusilə Gürcüstanın arzuolunmaz şəxs elan etdiyi Zəlimxan Məmmədlinin Borçalıda və ümumilikdə Gürcüstanda yaşayanlara hansı xeyri dəyə bilər? Soydaşlarına xeyri əvəzinə zərəri dəyəcək birinin bunda təkid etməsi çox düşündürücüdür.
Zəlimxan Məmmədli dolayısı yolla eyham vurur ki, onun sədrlikdən kənarlaşdırılmasında Azərbaycan rəsmilərinin də təsiri olub. Deməli, bu şəxsin “Borçalı” İctimai Cəmiyyətinin sədri olmasını Gürcüstan rəsmiləri ilə yanaşı, Azərbaycan rəsmiləri də  arzuolunmaz hesab edir. İki ölkənin dövlət rəsmilərinin əleyhinə gedib, soydaşlarına zərərdən başqa nə verə bilər, Zəlimxan Məmmədli?
Nəhayət,  Zəlimxan Məmmədlinin “Borçalı” İctimai Cəmiyyətinin sədri olmasını Gürcüstandan olan nüfuzlu ziyalılar da istəmirlər. İyunun 25-də baş verənlər bunun bariz nümunəsidir. Ancaq Zəlimxan Məmmədli bunlarla barışmaq istəmir.
Zəlimxan Məmmədlinin “Borçalı” İctimai Cəmiyyətinin təsiçiləri olan ziyalıların, Borçalıdan olan ictimai xadimlərin, Gürcüstan və Azərbaycanın dövlət rəsmilərinin mövqeyinin ziddinə gedərək “Borçalı” İctimai Cəmiyyətinin sədi postundan ikiəlli yapışmasına ictimaiyyət özü qiymət verməlidir.
Eyni zamanda, onu da xüsusi olaraq vurğulayaq ki, Zəlimxan Məmmədlinin onun düşünməyənləri, onun mövqeyində olmayan hər kəsi təhqir etməsinə heç kim icazə verməyib. Bu təhqirə görə, o, qanun qarşısında cavab verməlidir. Bunun üçün isə, əvvəlcə tibbi yoxlamadan keçirilməli və anlaqlı olub-olmadığı ilə bağlı ekspert rəyi alınmalıdır...

Arzuman Loğmanoğlu