Sərdar Cəlaloğlunun imzaları MSK-ya təqdim edilib - SABAH SON GÜNDÜR

Baxış sayı:
1747

11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş ADP sədri Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi məqsədi ilə imzatoplama kampaniyası başa çatıb. Muxalifet.az xəbər verir ki, bu barədə partiyanın  Mərkəzi Seçki Qərargahından ADP mətbuat xidmətinə daxil olan məlumatda bildirilir.
Məlumatda daha sonra qeyd edilir: “Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi üçün 107 seçki dairəsinin ərazisindən 45000 seçicinin imzası toplanılıb. Bunlardan 1500 imza qeyri-dəqiq olması və səliqəsiz yazı səbəbi ilə partiyanın mərkəzi seçki qərargahında araşdırma zamanı çıxdaş edilib və bu barədə yekun protokolda müvafiq qeyd göstərilib. Beləliklə də MSK-ya ADP sədrinin prezidentliyə namizədliyini dəstəkləyən 43500 vətəndaşın imzasının təqdim edilməsi qərara alınıb. İmzaların qruplaşdırılması və yekun protokolun hazırlanması başa çatdırılıb və bu günün sonunadək qanunvericiliyə müvafiq olaraq seçkinin indiki mərhələsinə aid bütün sənədlər MSK-ya təqdim ediləcək”.
Partiyanın Mərkəzi Seçki Qərargahından onu da bildiriblər ki, imza kampaniyasına bəzi bölgələrdə yerli hakimiyyət mənsublarınınm qanunsuz müdaxilə cəhdləri olub və onlar haqqında müvafiq qaydada müraciətlər edilib.     
Qeyd edək ki, Azərbaycan Prezidentliyinə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah - martın 12-də başa çatacaq.
Bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən аzı 30 gün (12 mart) qalanadək saat 18.00-dək MSK-ya təqdim olunmalıdır.
Xatırladaq ki, MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.


Muxalifet.az