““Söyüş kampaniyası”nın arxasında ciddi məmurlar dayanır” - ƏVƏZ ZEYNALLI

Baxış sayı:
3889

“Bu məmurlar Azərbaycanı qaranlığa aparır; onlar maraqlıdır ki, cəmiyyət gərginləşsin, hər kəs hər kəsi söysün” “Yaratdıqları “canavar” artıq bunların özlərini “yeməyə” başlayıb” Son vaxtlar Azərbaycanda televiziyaların, mətbuatın, eləcə də social şəbəkələrin fəaliyyəti ilə bağlı ciddi iradlar var. Hətta televiziyalara rəhbərlik edən şəxslərin özləri də etiraf edirlər ki, bir sıra verilişlər, seriallar əxlaqsızlığı təbliğ edir. Maraqlıdır ki, milli-mənəvi dəyərlərin aşınmaya məruz qalması nə ilə bağlıdır? “Hürriyyət”in bu və digər suallarını "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı cavablandırıb: (Əvvəli bu linkdə: “Ölkədə “canavar mühiti” yaradılıb, vəziyyət acınacaqlıdır” - ƏVƏZ ZEYNALLI) - Sosial şəbəkədə hər bir adam tənqidi fikrini səsləndirə bilər, ancaq bununla yanaşı, əxlaqını da qorumalıdır ki, cəmiyyətdə mənəvi aşınma getməsin... - O artıq tamam başqa məsələdir. Azərbaycanda elə bir mühit qurulmalıdır ki, onda yüzlərlə, milyonlarla insan bu müzakirələrə daxil olacaq, böyük bir ictimai rəy yaradılacaq, həmin söyüş söyənlər, bir-birini təhqir edənlər avtomatik olaraq ortadan çıxacaq. Axı, ciddi bir media mühitində o şeylərə yer yoxdur. Biz ciddi bir media mühitini ortadan qaldırmışıq. Biz ölkə mediasını təlxəklərin, falçıların, mediadan heç bir şey anlamayanların əlinə vermişik, axı. Ona görə də siz indi kimsədən soruşa bilməzsiniz və biz deyə bilmərik ki, siz bunu niyə belə edirsiniz? Çünki çoxsaylı insanlar var. Sosial şəbəkələr də elə bir mühit yaradıb ki, bu insanların sayı getdikcə artır. Onu yalnız ümumi nizama salmaq lazımdır. O nizam da ölkədə müstəqil media mühitinin yaradılmasıdır. Bu mühit yaranmayınca, hər kəs bu şeyləri artıra-artıra davam edəcək. - Belə bir fikir də var ki, ölkədə aparılan “söyüş kampaniyası” hansısa maraqlı qüvvələr, yəni bir “görünməyən əl” tərəfindən idarə olunur. Siz bu haqda nə düşünürsünüz? -Vallah, “görünməyən əl” zad yoxdur, əl görünür, Azərbaycan hakimiyyətidir. Onu mən dəfələrlə demişəm. Bu, “söyüş kampaniyaları”nın hamısının arxasında Azərbaycanın ciddi məmurları dayanır. Onlar maraqlıdır ki, cəmiyyət gərginləşsin, hər kəs hər kəsi söysün, sonra da getsin bir-birini bıçaqlasın, qanını axıtsın. Bu, birbaşa Azərbaycan hakimiyyətindəki məmurların işidir. O məmurlar ki, media mühitini zibillədilər, məhv etdilər, media mühitini ortadan qaldırdılar, müstəqil qəzetləri bağladılar, kağız mətbuatının bütün satış mərkəzlərini dayandırdılar, televiziyaların efirini müstəqillikdən azad elədilər, bunun hamısı həmin o məmurların işidir. İndi də həmin o məmurlar cəmiyyəti daha çox gərginləşdirməyə aparır. - Sizcə, məqsəd nədir, cəmiyyəti niyə gərginləşdirmək istəyirlər? - Məqsəd - idarə edə, sivilləşdirə bilmədikləri cəmiyyəti gərinləşdirməkdir. Çünki cəmiyyət gərginləşəndə daha yaxşı idarə olunur. Bunlar belə idarə etmək istəyirlər. Bunlar azad sözün boğulduğu bir ölkə yaradıblar. İndi də o problemlə özləri qarşılaşıblar. Məqsəd nədir? Azərbaycanı idarə edə bilmirlər. Məqsəd Azərbaycan mediasının müstəqil olmağını istəmirlər. İllərdir Azərbaycanda yaradılmış son dərəcə müstəqil, geniş, yaxşı əlaqələri olan media orqanları var. İllərdir bunlar çalışdılar, sonra bunları döydülər, həbs etdilər, sındırdılar, pul verdilər, satın alıdılar. Niyə? Bu mühiti yaratmaq üçün. İndi bu mühit yaranıb, ölkədə media susdurulub, tənqidi səslərin qarşısını alırlar, televiziyaları dayandırdılar. İndi məqsəd başqa bir yerdən çıxdı. Artıq onu idarə etmək mümkün deyil. İstənilən adam hər yerdə telefonunu açır, canlı yayına girir, istədiyi sözü deyir. Bu, artıq tamam başqa bir problemdir - Belə çıxır ki, öz yaratdıqları gərginliyin içində artıq özləri itib-batır. -Təbii ki, yaratdıqları “canavar” artıq bunların özlərini “yeməyə” başlayıb. Ona görə ki, nizamsız, xaotik bir vəziyyət yaratdılar. Bu xaotik vəziyyədən də belə bir “cəhənnəm” ortaya çıxdı. İndi bunu yenidən qaytarıb, nizama salmaq lazımdır. Amma onu bu məmurlarla nizamlamaq mümkün deyil. Bu məmurlar rədd olub, cəhənnəmin dibinə getməlidirlər. Azərbaycanda yenidən etibarlı, etimadlı müstəqil media mühiti yaranmalıdır. Etibarlı, etimadlı mühitdə heç kim heç kimi söyməz. Niyə söyür ki? Dəli olub? Sözü var, gəlib deyəcək də. Sözü var, tənqid edəcək. Bütün söyüşlər son dərəcə ciddi və gərgin ədalətsiz mühitdən doğur. Təbii ki, arada elə məsələlər var ki, o həm də insanın özünün tərbiyəsi ilə bağlıdır. Onu da artıq zaman göstərəcək. Tərbiyəsiz adamın müstəqil media mühitində nə işi var. Peşəkar olmayanın peşəkar mühitdə nə işi var. Onun hamısını normal halda müstəqil media mühiti aradan qaldırmalıdır. Onu da bizim Azərbaycanın aparılan dövlət siyasəti və həmin dediyiniz o “görünməz əllər”, hansı ki, o məmurların əlləridir, onlar ediblər. İndi onlar özləri də həmin bu problemlərin içində qalıblar. -Adətən bir toplumda milli mənəvi dəyərlər aşınmaya məruz qalanda nüfuzlu ziyalıların sözünə daha çox ehtiyac duyulur. Bu gün Azərbaycanda əksər ziyalılar bu kimi həqiqətlərlə qarşılaşanda susqunluq nümayiş elətdirir. Demək olar ki, ziyalıların səsi eşidilmir. Sizcə, bunun səbəbləri nədir? -Vallah, bizdə balaca SSRİ qurulur da. O vaxtı biz SSRİ-ni dağıda bildik, amma indi bir Sovet cəmiyyəti qurulur. Ona görə də həmin o dediyiniz ziyalılar ortada yoxdur. Ziyalının ortada olması üçün də sərbəst mühit lazımdır, axı. Ziyalı qorxmadan sözünü deməlidir. Bizim Azərbaycan ziyalılarının da alnına qorxaqlıq yazılıb. Qarabağ əldən gedib, heç kim dinmir. Ölkədə milli-mənəvi dəyərlər bu dərəcədə aşınır, hamı sakitcə oturub. Bilirsiniz nəyə görə? Onun çoxu prezident təqaüdü alır, çoxuna prezidentin müəyyən təltifləri verilir, bəzilərinə ev verilib. Ona görə də hər kəs düşünür ki, ay Allah, danışaram, evim əlimdən çıxar, danışaram, qəzəbə məruz qalaram. Yaxud çoxunun ev almaq, təltif olunmaq ehtimalları, var. Ona görə, bu ümumi mühitdən ziyalılar kənarda qala bilməz. Necə ola bilər ki, media ölü vəziyyətdə olsun, müstəqil olmasın, amma ziyalıların mühiti əla olsun?! Olmaz, axı. Çünki ölü mühit varsa, bu cəmiyyətin tamamına xasdır. Yəni burada media sıradan çıxıb. Ona görə də ziyalıların səslərini qaldırması mümkün olan şey deyil. Ziyalıların da fikri ilə müstəqil media həmahəngdir. Əslində, həmin o müstəqil media olanda həmin o ziyalı da danışacaq. İndi doğru ziyalının danışmağa yeri və yaxud həmin mühit yoxdur. Çünki 1-2-si danışanda, o, hədəfə gəlir. Dərhal hakimiyyətdən yüzlərlə ev almış, təltif olunmuş jurnalistlərin hədəfinə gəlirlər. Hakimiyyətin səngərində olan yüzlərlə jurnalistin hədəfinə gəlmək də çətin məsələdir, axı. Heç kim o riskin altına da girmir. Ona görə, müstəqil media mühiti yaradılanda, ictimai qınaq müsbət formada cəmiyyətdə bərqərar olanda, onda təbii ki, ziyalı da çıxıb danışacaq. Düzdür, qınayırıq, amma indi ziyalı niyə danışsın ki. Bir ziyalı ağzını açıb bir söz deyən kimi yüzlərlə hökumət jurnalisti qarğa-quzğun kimi üstünə tökülüşür, ağzına nə gəlir danışır, yazır. Buna da hansı ziyalının ürəyi tab gətirər ki. Amma müstəqil media mühiti düzələndə, ökədə istimai rəy müsbət mənada formalaşanda təbii ki, ziyalı da çıxıb danışacaq, o da əlini daşın altına qoyacaq. - Qeyd etdiniz ki, indi “balaca SSRİ qurulur”. Bu məsələdə kimlər maraqlıdır? -Azərbaycanı idarə edənlər, Azərbaycanın müstəqil olmasını, dünya ilə inteqrasiya olmasını istəməyənlər, birbaşa Azərbaycan hakimiyyətində oturanlar. Biz böyük SSRİ-ni dağıda bildik, kiçik SSRİ-ni yarada bilmərik, axı. Hər kəs anlamalıdır ki, biz bütün dünyaya hökm edən böyük bir diktaturanı, imperiyanı çevirə bilmişik. Biz onu darmadağın edə bilmişiksə, yenidən balaca bir diktaturanın, balaca bir SSRİ-nin yaradılması mümkün deyil. Onu kaş ki, bizi idarə edənlər anlasınlar. İdarə edənlər bilsin ki, tarxin təkərini geri qaytarmaq mümkün olmayacaq. O mənada o xülyadan da gərək, vaz keçsinlər. Təbii ki, onlar Azərbaycanı qaranlığa aparan adamlardır. İndi biz də qaranlığı seçməməliyik, işığa doğru getməliyik. İşıq da ölkədə demokratik sistemin, insan hüquq və azadlıqlarının yaradılmasında keçir. Şamo EMİN, Hurriyyet.org