“ŞOYQU, GERASİMOV, MARŞAL HAFTAR VƏ “VAQNER” MUZDLULARI...” - Ərdoğan Rusiyanın hərbi elitasını ittiham etdi

Baxış sayı:
1454

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Müdafiə naziri Sergey Şoyqu və “Vaqnerin özəl hərbi şirkəti”ni (VÖSŞ) Liviyada müharibə aparmaqda ittiham edib.

Bu barədə Türkiyə lideri ilə reportajdan fraqmentlər yayımlayan NTV məlumat verib.

Jurnalistlərlə söhbətində Türkiyə lideri Şoyqunun, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarın, habelə “Vaqnerin özəl hərbi şirkəti”nin rəhbəri adlandırdığı birinin bir yerdə çəkilmiş hansısa fotoşəkli haqda danışıb.

R.T.Ərdoğan deyib: "Onların hamısı Rusiyanın ən yüksək hərbi vəzifəliləridir və “Vaqneri” idarə edirlər. Amma yenə də “Vaqner” ilə əlaqələrinin olmadığını iddia etməyə davam edirlər. Rusiya hazırda Liviyada müharibəni ən yüksək səviyyədə aparır".

Lenta.ru saytının məlumatına görə, böyük ehtimalla, söhbət Liviya Milli Ordusu mətbuat xidmətinin 7 noyabr tarixində yayımladığı bir videodan gedir. Görüntülərdə Ali Baş Komandan, marşal Xəlifə Haftarın Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə danışıqlara gəldiyi əks olunur. Marşalı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qarşılayır. Onlar binaya yaxınlaşır və sonra qapı yaxınlığında dayanan,  “Vaqnerin özəl hərbi şirkəti”nin sahibi olduğu iddia edilən restavrator Yevgeni Priqojinin yanlndan keçərək salona daxil olurlar...

Yeri gəlmişkən, 2020-ci ilin yanvarında Rusiya Prezidenti Vladimir Putin Liviyada rus muzdlularının olması mümkünlüyü ilə bağlı suala cavab verib. Onun sözlərinə görə, orada Rusiya vətəndaşları olsalar belə, onlar Moskvanın maraqlarını təmsil etmir və dövlətdən maliyyə almırlar.

“Vaqner özəl hərbi şirkəti” Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (CAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər./Virtualaz.org