​Soydaşlarımız həyəcan təbili çalır - DƏRBƏNDDƏ AZƏRBAYCANLILARIN HÜQUQLARI TAPDALANIR

Dərbəndin azərbaycanlı icması çoxminli mitinq keçirəcəyini bildirir...

Hurriyyet.org xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzi İdarə Heyətinin iclası keçirilib. İclasda BDM-ə Dərbənddən ünvanlanan müraciət müzakirə olunub.
Müraciətdə bildirilib ki, 90-cı illərdə azərbaycanlılar hakimiyyətdə üstünlük təşkil edirdisə, 2000-ci illərdən başlayaraq, mənzərə kökündən dəyişdi. Azərbaycanlıların Dərbənd əhalisinin 50%-ni təşkil etməsinə baxmayaraq, hüquq-mühafizə orqanlarındakı heç bir rəhbər vəzifədə azərbaycanlı yoxdur.
Dərbənd şəhərində Nizami parkının bərbad vəziyyətdə olması, Azərbaycan teatr binasının göz görə-görə dağıdılması, azərbaycanlıların kompakt yaşadığı qədim məhəllələrdə infrastruktur və sosial problemlərin həll edilməməsi Dərbənd şəhər rəhbərliyinin və federal rəhbərliyin soydaşlarımıza qarşı münasibətin bariz nümunəsidir.
Müraciətdə 20 ildən artıqdır ki, öz doğma ata-baba torpaqlarında yaşayan soydaşlarımıza qarşı müxtəlif yollarla təzyiq və sıxışdırılma siyasəti aparıldığı qeyd edilir. Dərbənd şəhərində anti-Azərbaycan siyasətinin son illər daha da kəskinləşdiyi və prosesin belə gedəcəyi halda yaxın illərdə azərbaycanlıların öz doğma şəhərlərində yaşamaq imkanlarının belə ciddi təhlükə altına düşəcəyi bildirilir.
Hurriyyet.org “Dagestanpost.ru” saytına istinadən xəbər verir ki, 2016-cı il sentyabrın 9-da Dərbənddə Dağıstan Respublikasının parlamentinə namizədlərdən birinin Azərbaycan icması ilə seçkiqabağı görüşündə Dağıstandakı kadr siyasətinin reallaşdırılması zamanı azərbaycanlıların hüquqlarının tapdalanması da müzakirə edilib:
“BDM olaraq Dərbənddəki son durumla bağlı ictimaiyyətimizi məlumatlandırmağı özümüzə borc bilməklə yanaşı, müvafiq dövlət strukturlarımızı, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızı soydaşlarımızın taleyinə biganə qalmamağa çağırırıq və öz ata-baba yurdunda yaşayan xalqımıza qarşı aparılan anti-milli siyasətin Rusiya federasiya rəhbərliyi tərəfindən təcili müdaxilə edilməsi üçün tədbirlər görülməsini tələb edirik”.
Sayt icma nümayəndələrinin şikayətlərindən də yazıb: “Biz Dərbənddə həyata keçirilən kadr siyasətindən narazıyıq. Dərbənd şəhərinin keçmiş meri İmam Yaralıyevin gəlişi ilə azərbaycanlıların vəzifələrindən fəal şəkildə sıxışdırılması başlandı. Yeni rəhbər Malik Baqlıyevin təyinatı da heç nəyi dəyişmədi, hər şey olduğu kimi davam edir (icma nümayəndələri onun Yaraliyevin kursunu məqsədli şəkildə davam etdirməsindən şübhələnirlər). Bizi heç kim eşitmək istəmir. Sentyabrın 18-də RF Dövlət Dumasına və DR parlamentinə seçki keçiriləcək və məmur özbaşınalığı üzündən biz öz partiya namizədlərimizi irəli sürə bilmirik. Bizim də ali təhsilli gənclərimiz var, onlar da deputat olmaq istəyirlər (hətta ictimai fəaliyyətlərinə görə deputatlığa daha artıq layiqdirlər), lakin bizi sadəcə oraya buraxmırlar. Yuxarıdan təzyiq göstərilir. Bütün bunlara son qoymaq vaxtıdır. 90-cı illərdə azərbaycanlılar hakimiyyətdə üstünlük təşkil edirdisə, 2000-ci illərdən başlayaraq, mənzərə kökündən dəyişdi. Azərbaycanlıların Dərbənd əhalisinin 50%-ni təşkil etməsinə baxmayaraq, hüquq-mühafizə orqanlarındakı heç bir rəhbər vəzifədə azərbaycanlı yoxdur.
Və yaxud da şəhər administrasiyasını götürək. Əgər bələdiyyə başçısı ləzgi seçilirdisə, müavini həmişə azərbaycanlı olurdu və əksinə. İndi isə vəziyyət dəyişilib. Respublika səviyyəsində də belədir. Rəhbər heyətin tərkibində bircə nəfər azərbaycanlı nazir var. Bu gün hakimiyyət tərəfindən heç bir dəstək və anlayış görməyən Azərbaycan xalqının nümayəndələri bu özbaşınalığa son qoymaq üçün toplaşıblar”.
Qeyd edək ki, Dərbənd şəhərinin azərbaycanlı icması respublika hakimiyyətindən millətlərin təmsil edilməsində kadr tarazlığının saxlanılmasını tələb edir, problemin rədd ediləcəyi təqdirdə çoxminli mitinq keçirəcəyini bildirir.

BDM Dərbənddəki son durumla bağlı belə bir açıqlama verib:“Dərbənd azərbaycanlılarından Beynəlxalq Diaspor Mərkəzinə (BDM) müraciət daxil olub. Müraciətdə 20 ildən artıqdır ki, öz doğma ata-baba torpaqlarında yaşayan soydaşlarımıza qarşı müxtəlif yollarla təzyiq və sıxışdırılma siyasəti aparıldığı qeyd edilir. Dərbənd şəhərində anti-Azərbaycan siyasətinin son illər daha da kəskinləşdiyi və prosesin belə gedəcəyi halda yaxın illərdə azərbaycanlıların öz doğma şəhərlərində yaşamaq imkanlarının belə ciddi təhlükə altına düşəcəyi bildirilir.
Müraciətdə qeyd olunur ki, azərbaycanlıların Dərbənd şəhər rəhbərliyində təmsil olunmalarına imkan verilmir, hətta son dövrlər bir sıra kiçik vəzifələrdə işləyən azərbaycanlılar da vəzifələrindən kənarlaşdırılıblar. Onların yerinə ləzgi millətindən olan nümayəndələr vəzifələrə gətirilir. Hansı ki, həmi şəxslər əslən dərbəndli belə deyillər və onları bu şəhərlə bağlayan heç bir səbəb yoxdur.
Müraciətdə qeyd olunur ki, Dərbənddə anti-Azərbaycan siyasəti geniş vüsət almış, azərbaycanlıların milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsi məhdudlaşdırılmaqda və hətta son zamanlar Azərbaycan dəyərləri təhqir olunmaqdadır. Dərbənd şəhərində Nizami parkının bərbad vəziyyətdə olması, Azərbaycan teatr binasının göz görə-görə dağıdılması, azərbaycanlıların kompakt yaşadığı qədim məhəllələrdə infrastruktur və sosial problemlərin həll edilməməsi Dərbənd şəhər rəhbərliyinin və federal rəhbərliyin soydaşlarımıza qarşı münasibətin bariz nümunəsidir. Şəhərin maliyyə strukturu, mədəniyyət, təhsil, tibb, torpaq və hətta gənclər siyasəti ilə bağlı şöbələri ləzgiləşdirilmiş, bu şöbələrdən azərbaycanlı kadrların çıxarılması ilə yanaşı, Azərbaycan dilinə də qadağa qoyulmuş və işlək dil kimi ləzgi dili geniş vüsət almışdır. Azərbaycanlıların şəhər rəhbərliyinə, deputat korpusuna namizədliklərinin irəli sürülməsinə maneələr yaradılır və müxtəlif vasitələrlə namizədliklərinin geri götürülməsi üçün təzyiqlər edilir. Dəfələrlə federal rəhbərliyə çoxsaylı müraciətlərin edilməsinə baxmayaraq, Dərbənddə anti-Azərbaycan siyasəti dayandırılmaq əvəzinə, gündən-günə daha da geniş vüsət alır.
Mərkəzimizə ünvanlanan müraciətdə həyəcan təbili çalınmaqdadır. Qeyd edək ki, Rusiya Federasiyasının qanunlarına əsasən, Dərbənd şəhəri etnik Azərbaycan şəhəridir. Bu baxımdan şəhərin idarə edilməsi sistemində əvəllər olduğu kimi etnik azərbaycanlılar üstünlük təşkil etməlidir. BDM olaraq Dərbənddəki son durumla bağlı ictimaiyyətimizi məlumatlandırmağı özümüzə borc bilməklə yanaşı, müvafiq dövlət strukturlarımızı, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızı soydaşlarımızın taleyinə biganə qalmamağa çağırırıq və öz ata-baba yurdunda yaşayan xalqımıza qarşı aparılan anti-milli siyasətin Rusiya federasiya rəhbərliyi tərəfindən təcili müdaxilə edilməsi üçün tədbirlər görülməsini tələb edirik”.
Hurriyyet.org