​Sosial-iqtisadi şok və ondan çıxış yolları

(QISA ANTROPOLITOLOJİ TƏHLİL)
 
BU GÜN AZƏRBAYCANDA NƏ BAŞ VERİR?
 
Azərbaycanda manatın bir an içində 50 faiz dəyərinin itirməsinə və bir gündə xalqın on milyard dollarlarla ölçülən ziyana düşməsinə xalqın susqunluqla reaksiya verməsi hamıda cavabını bilmədiyi iri bir sual yaradıb. Hətta hər bir fərd düşdüyü vəziyyətdə özünün bu dərəcədə sakit olmasını özü üçün belə anlaya bilmir. Bütün bunlar əslində şok vəziyyətinin təzahüridir.
Azərbaycanda bir gündə milli valyutanın 50 faiz devalvasiyaya uğraması və insanların buna reaksiyası iqtisadi-sosial şok effekti yaratdığını göstərir. Sosial-iqtisadi şok hökümətlərin öz sosial-iqtisadi kursunda kəskin və qəfləti dönüş etməsinin əhalidə yaratdığı reaksiya kimi təzahür edir.
 
SOSİAL İQTİSADİ ŞOK NƏ DEMƏKDİR VƏ ONU NECƏ ANLAMAQ OLAR?
 
“Şok” sözü fransız və ingilis dilərində qalxana nizə ilə vurmaqdan götürülmüş “vurmaq” mənası verir. İqtisadi həyatda qəfləti iri həcmli pisliyə və ya yaxşılığa doğru dəyişilmələrin iqtisadiyyatda əks olunması və həmin dəyişilmələrin insanların sosial həyatında buraxdığı təsir sosial şok adlanır. Beləliklə, sosial şok iqtidarların xalqa sosial-iqtisadi hücümundan və ona vuduğu zərbədən yaranan sosial vəziyyətdir.
Şok termin kimi daha çox təbabət elmlərində işlənir. Buna görə də yaranmış vəziyyəti yalnız sosial şoku bioloji şokla metafora etməklə anlamaq mümkündür. Elmdə bioloji həyat əsasında siyasi həyatı öyrənən elm antopolitologiya və ya siyasi antropologiya adlanır. Antropolitologiya canlıların, eləcə də insanın bioloji həyatının qanunları əsasında cəmiyyətdə baş verənləri şərh edən bir elmdir. Antropologiya elmindən çox-çox qabaq ictimai şüurun müxtəlif formalarında - qədim dövrlərdə mifologiyada antromorf təsəvvürlər, ədəbiyyatda və incəsənətdə metaforiya, çoxallahlı dinlərdə, xüsusən Misir çoxallahlığında antropomorf Allah obrazları və daha sonralar sosial fəlsəfədə antropoloji təsəvvürlər əsasında cəmiyyətin təşkil, idarə və tənzim olunması ilə bağlı fəlsəfi antropologiya meydana çıxmışdır. “Vətəndaş razılaşmasi” təliminin banisi Russo “hakimiyyətin bölünməsi” nəzəriyyəsini irəli sürərkən məhz insan orqanizmini nümunə götürmüş - Ali qanunverici orqanı mərkəzi sinir sistemi ilə - beyinlə, icra hakimiyətini həzm sistemi ilə, nəzarət hakimiyyətini qan-damar sistemi ilə metafora etmişdir. Elə həmin vaxtlarda başqa bir filosof Uolden “Meşədə” adlı traktatında cəmiyyəti anlamaq üçün meşəyə getdiyini və meşədə gördüklərini insan cəmiyyətinə metafora edərək, cəmiyyətdəki insanları, ayrı-ayrı sosial qrupların davranışlarını anladığını bildirmişdir. Məsələn, o yalnız gündəlik həyat qayğıları ilə yaşayan meşşanları bir qarından ibarət, qarınqulu “ağac qurduna” oxşatmışdır.
Mən özüm də antropolitoloji prinsiplərə uyğun olaraq, üzvü inkişaf qanunları əsasında ictimai-siyasi proseslərə müdaxilə və onun nəticələri haqqında öz mülahizələrimi elmi məqalələrimdə şərh etmişəm.
Fəlsəfədən elmlərin ayrılma mərhələsində dəbdə olan fəlsəfi antropologiya antropolitologiya elminin yaranmasını stimullaşdırmışdır. Mən bu kiçik yazımda antropolitoloji təhlil aparmaqla bu günlərdə bütün cəmiyətimizin yaşadığı sosial-iqtisadi şok və bu şokun mümkün nəticələri, o cümlədən çıxış yolları ilə, yəni cəmiyyəti gözləyən hadisələrlə bağlı öz fikirlərimi bölüşmək istəyirəm.
 
ŞOKUN SİYASİ ANTROPOLOJİ TƏHLİLİ

Sosial antropoloji yaşam sosial şoku bioloji şoka bənzətməklə -metafora etməklə anlamağı tələb edir. Buradan da əvvəlcə kifayət qədər hərtərəfli elm şəkildə öyrənilmiş bioloji şokla bağlı elmi məlumatlar verib, sonra həmin məlumatlar əsasında sosial şoku şərh edəcəyik.
“Şok” çoxmənalı söz olduğundan konkret təyinatı yoxdur. “Şok” sözünün dəqiq mənası müəyyən edilməyib. Sadəcə “şok” sözü altında insan orqanizminin hipotoniya - daxili təzyiqin aşağı düşməsi ilə müşahidə olunan funksional tükənməsi başa düşülür.
Mənasının nə olmasından asılı olmayaraq şok - müəyyən güclərin energetik faktorlarının insan orqanizmində yaratdığı kritik vəziyyət kimi təzahür edir.
Buradan da sosial şok yaşayan insanların bu günkü vəziyyətinin hakimiyyətin iqtisadi siyasətinin - devalvasiya siyasətinin onlarda funksional tükənmə vəziyyəti yaratması ilə bağlı olduğu aydın olur. Şoku düzgün olaraq – yaşama şiddətli hücum kimi təyin etmək olar. Şok özü müstəqil təzahür olmayıb, müxtəlif xarici səbəbəblərin nəticəsi kimi ən ağır bioloji vəziyyəti özündə təqdim edir. Şok mərhələli inkişaf edən bioloji reqressiyadır.
Bunu sosial şoka metafora etsək çıxan nəticə bundan ibarətdir ki, əhalinin bu günkü durumu hakimiyyətin insanlara xarici ağır fiksal təziyiqləri ilə mərhələli inkişaf edən bir vəziyyət kimi təzahür etmişdir.
Şokdan xilas olmaq üçün səbəb, şokun hansı mərhələdə olması və şoka proyeksiya olunan törədici səbəbin müəyyən edilməsi vacibdir.
Bu günkü vəziyyətin səbəbi hamı üçün aydındır. Qlobal iqtisadi böhran və “Holland sindromu” - yanlış neft siyasəti nəticəsində manatın qəfləti və iri miqyaslı devalvasiyası, xalqda sosial iqtisadi şok vəziyyətini başlatmasdır və buna görə bu şok sosial-iqtisadi şokdur. Hakimiyyət yaranmış vəziyyəti bütünlüklə qlobal iqtisadi böhranla izah etməyə cəhd edir, amma bütün dünyada milli valyutaların devalvasiyası ilə müqayisədə Azərbaycan manatının ən etibarsız valyuta olduğu öz təsdiqini tapır. Hansı ki, Ermənistanda təxminən 2 faiz, Gürcüstanda 20 faiz devalvasiya olduğu halda Azərbaycanda 100 faiz devalvasiya olması və bunun məhz neftin dünya bazarıdakı qiymətinin düşməsi ilə bağlı olması göstərir ki, Azərbyacandakı vəziyyət qlobal iqtisadi böhrandan daha çox Azərbaycanın yaşadığı “Holland sindromu” ilə bağlıdır.
İqtisadiyyat elmində iqtisadi artımların xarici faktorlardan sərt asılılığı qeyri-rassional tərəqqi adlanır. Qeyri-rassionallıq insan ağlından asılı olmadan baş verən tərəqqidir. Bu da onu göstərir ki, 1974-cü ildən Azərbaycan iqtisadiyyatinda heç bir rassional addım atılmayib, yəni iqtidarın konkret olaraq heç bir qeyri-neft  iqtisadi siyasəti olmayib.
 
SOSİAL ŞOKU NECƏ TƏNZİMLƏMƏK OLAR?
 
Bu gün hamını bir sual düşündürür: yaranmış vəziyyət nə vaxtadək davam edəcək və xalq bu vəziyyətdən nə vaxt və necə çıxa bilər?!
İnsan orqanizminin şokogen təsirin kritik vəziyyətindən sonra yaşaması yalnız hemostazın tənzimlənməsinə sürətli uyğunlaşma ilə mümkündür. Bu o deməkdir ki, ya xalq və dövlət bütünlükdə bu şokdan məhv olacaq, yəni Azərbaycan özünü defolt elan edəcək, ölkə iqtisadiyyatı çökəcək, ya da çox tezliklə sürətlə yeni iqtisadi siyasətə - milli valyutanın üzən məzənnə siyasətinə uyğunlaşacaqdır. Manatın üzən məzənnə siyasəti iqtidardan düzgün tənzimlənmə siyasəti aparmağı tələb edir. Amma təcrübə göstərir ki, iqtidar yenə də yanlış tənzimlənmə siyasətinə keçmişdir. Manatın dəyərini itirməsi ilə insanların həyat şəraitinin kəskin pisləşməsinin qarşısının alınması indeksasiya siyasəti minimum əmək haqqını devalvasiyaya indeksləmə tələb etdiyi halda, iqtidar bazar qiymətlərini tənzimləmə siyasəti həyata keçirir. Bu siyasət isə  iki səbəbə görə yanlışdır:
Birincisi, bazar iqtisadiyyatı qiymətlərə müdaxiləni yolverilməz hesab edir və bazar iqtisadiyyatının hakim olduğu ölkələrdə heç bir iqtidar süni inzibati yolla bazar qiymətlərini tənzimləmək iqtidarında deyil. Bu siyasət ən yaxşı halda orta və kiçik biznesi iflasa uğradacaq. Baxmayaraq ki, iqtidar qiymətlərə nəzarət etdiyini deyir, amma əsl həqiqqətdə bazarda qiymətlər devalavasyanın tələb etdiyindən də artıq həddə qaldırılımışdır.
İkincisi, bazar iqtisadiyyatının prinsiplərinin pozulması qara bazara keçidi stimullaşdırır. Bu da ölkədə möhtəkirliyə və “qara bazaar”ların təzahürlərinin meydana çıxmasına səbəb olur. Xalqın “qara bazaar” prinsiplərinə uyğunlaşması ölkədə maliyyə-vergi nəzarətinin effektini heçə endirəcək, sərvətin bir əldən digərinə ədalətli yolla keçidinin qarşısını alacaq, sərvət  cinayətkar qrupların əlinə keçəcək.
Şokdan sonra tarazlığın bərpası genetik əsasın elastikliyinə təsir edərək bəzi tələblər - dəyişilmələr qoyur və hətta  hüceyrə siteminin metabiolik ekonomikasında “kəskin mutasiya” tələb edir. Bu prosesi sosial şoka metafora etsək aydın olacaq ki, xalq susqunluq nümayiş etdirsə də proseslərin özü - indiki şok vəziyyəti hakimiyyətdən təcili, ciddi siyasi dəyişilmələr tələb etməkdədir. Hansı ki, bunun “kəskin mutasiya”sı koalision hökümət yaratmaqdan, növbədənkənar ədalətli, demokratik seçkilər keçirməkdən və beynəlxalq administrasiya ilə əməkdaşlıq etməkdən ibarətdir. Məhz buna görə Azərbaycan Demokrat Partiyası şokun ilk günündə mövcud kritik durumdan çıxmağın radikal islahatlar paketinə yuxarıdakı ideyaları aid etmişdir.
Şok zamanı ən böyük ağırlıq bir tam kimi funksional təşkil olunmuş sistemin üzərinə düşür. Bu o deməkdir ki, bu günkü şokun ağırlığı bir tam kimi bütün xalqın və dövlətin üzərinə düşmüşdür. İqtisadi böhranların sosial-siyasi böhranlara keçməsi də bununla bağlıdır. Bəzi iqtidar nümayəndələri şokun ağırlığının xalqın üzərinə düşdüyünü zənn edərək, iqtidardan tələb olunan dəyişilmələri əsassız hesab edir və ya buna ehtiyac duymur. Bəziləri isə şüurlu şəkildə şoku dərinləşdirən addım atmaqla xalqı yükləmə siyasətinin tərəfdarı kimi çıxış edir. Bu isə şokun ağırlığının yalnız xalqın üzərinə düşməsinə səbəb olur ki, buradan da sosial destablizasiya meydana çıxma riski artır.
 
ŞOKDA OLAN ADAMLAR NƏ DÜŞÜNÜR?
(Davamı olacaq)
Sərdar CƏLALOĞLU