Sosial böhranlar, miqrasiya və diaspor

İstər ölkədə, istərsə də xaricdə müxalif, yəni alternativ fikirlər hər zaman olmalıdır, ancaq...

XXI yüzil öz mənzərəsi ilə bu gün tamamilə fərqli bir biçimdə formalaşmaqdadır. Dünya sanki insanların, bəzən də xalqların yeni köç dalğaları ilə daha geniş mənada xarakterini dəyişməkdədir. Bir yandan etnik münaqişələr, o biri yandan vətəndaş savaşları, dəhşət saçan iqtisadi böhranlar “3-cü Dünya” ölkələrini öz ağuşuna almışdır. Sanki dünya yeni sosial-etnik mənəzərini dəyişir.
Təbbi ki, bu prosesdə mirqasiya axınlarına intellektual səviyyədə yanaşılmalıdır. Proseslərə dövlətçilik maraqlarından yanaşaraq, gələcək hədəflər fundamental şəkildə ortaya qoyulmalıdlr. Məsələn, İrlandiya, Yaponiya, İtaliya, Almaniya və başqa ölkələr zamanında miqrasiya proseslərinə konseptual şəkildə yanaşdıqları üçün, bu gün inkişaf etməkdədirlər.

Azərbaycanlı miqrantlar və onların durumu

Sosial-iqtisadi, bəzən də siyasi proseslərə görə, ölkəmizdən xarici dövlətlərə köç edən vətəndaşların ictimai mənşəyini xarakterizə etdikdə bəlli olur ki, onların əksəriyyəti əmək miqrantlarıdır. Dini və etnik, siyasi və əqidəsinə görə miqrasiya edənlərin sayı təqribi hesablamalara görə 0.2% təşkil edir. Bu, onların psixoloji və mənəvi problemləri ilə bağlıdır. Əksər insanlar əməkçi miqrantlar statusunda  başqa ölkələrdə rifah ardınca getmək arzusunda olanlardır.
Azərbaycana da başqa ölkələrdən gələnlər faktiki əmək miqrantlarıdır. Onların əksəriyyəti ölkəmizdə fəaliyyət göstərən şirkətlərin mütəxəssisə olan ehtiyacları ilə bağlıdır. Başqa dövlətlərə gedənlər isə əsasən MDB ölkələrində məskunlaşmaqla, ehtiyaclarını nizamlamaq istəyənlərdir. Təqribi hesablamalara görə, onların sayı 3 milyona yaxındır. Rusiya, Belorus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova və Qırğızstanda yaşamaqla özlərinə həyat tərzi quran soydaşlarımız faktiki olaraq, orta dərəcəli sosial təbəqəni təmsil edirlər. Bu, dünyada mövcud olan etnik miqrantlar arasında yüksək göstəricilərdən biridir. Sosial həyat tərzinə görə soydaşlarımızı təmsil edən miqrantlar məskunlaşdıqları ölkələrdə “dövlətdən müavinət almaq” kimi statusla yaşamırlar. Onlar nəinki özlərini, həm də ölkəmizdəki ailələrinin sosial ehtiyaclarının ödənilməsində yaxından iştirak edirlər.
Fikrimizcə, soydaşlarımıza məxsus diaspor təşkilatlar yeni miqrantlar statusu ilə gələnlərlə asanlıqla dil taparaq onlara məskunlaşmaq, işlə təmin olunmaq və digər sahələrdə çevik şəkildə gərəkən dəstəyi verməklə vətənpərvərlik hisslərinin ölmədiyini, mənsub olduğu xalqın və dövlətin şərəfini qorumağı əməldə nümayiş etdirməlidir. Belə bir mənəvi və psixoloji yanaşma tərzi istənilən zaman ümummilli hədəflərin gələcəkdə daha möhtəşəm şəkildə inkişafı üçün strateji önəm daşıyır. Bu gün İtaliya, İspaniya, Portuqaliya, Yaponiya, İrlandiya və digər ölkələrin tarixi inkişaf mərhələlərini diqqətlə izlədikdə, bir zamanlar miqrasiya etmiş soydaşların diaspor qurumlarının sayəsində möhtəşəm uğurlara imza atdıqlarının şahidi ola bilərik. Təkcə MDB məkanında yaşayan 3 milyonluq soydaşımızın sosial mənada varlığı, diaspor təşkilatları sırasında təməlli şəkildə formalaşması, milli dəyərlərimizə, özəlliklə dil faktoruna yüksək səviyyədə sahib çıxması milli məsələdə vahid orqanizmə çevrilmək deməkdir. Təbii şəkildə diaspor təşkilatları ilə uzlaşmış qaydada dövlətimiz tərəfindən hazırlanmış proqramların tətbiq edilməsi bu prosesdə mühüm rol oynaya bilər.

Mənəvi dəyərlərin fövqü

Orta Şərq ölkələrindəki kataklizmlər, vətəndaş müharibələri, etnik münaqişələrə görə miqrasiya edən xalqların problemləri Azərbaycan xalqına məxsus miqrantlardan xeyli dərəcədə fərqlənir. Orta Şərq ölkələrində uzun illər yaşanılan sərt diktatura rejimlərinin sayəsində onlar adicə orta səviyyədə təhsil olmayan zümrə kimi qəbul olunurlar. Onların təfəkküründəki “əşirətçi”, “tayfabazlıq”, “tərriqətçi” və dini baxışlarında məhəlli yanaşma tərzi milli konsolidasiya proseslərinə güclü şəkildə mənfi təsir göstərir. Azərbaycanlı miqrantlar onlardan fərqli olaraq azından orta təhsillidirlər. Bu amil soydaşlarımızın miqrasiya etdikləri ölkələrdə asanlıqla adaptasiya olamlarına imkan yaradır.
Heç də sirr deyil ki, Rusiya, Ukrayna və Belorusda son illərdə baş verən “velikoross”, “maloross” və “belorus” düşüncə tərzinin konsepsiyası əsasında azından 110 milyonluq soydaş toplumların mənəvi baxımdan konsolidasiya prosesləri müşahidə olunur. Orta Asiyada Qazaxıstan Monqolustan, Çin, Əfqanıstan, Pakistan, Rusiya, Özbəkistan və başqa ölkələrdə yaşayan qazax türklərinin, Özbəkistan Əfqanıstan, Çin, Pakistan, Rusiya, Qırğızstan və başqa ölkələrdəki özbək türklərinin milli konsolidasiyasının təməl prinsplərini ortaya qoyaraq dövlət səviyyəsində proseslər başlatmışlar. Bu, təqribən 30 milyonluq qazax və 58 milyonluq özbək türkünün milli bütünlüyü üçün təkcə bu günün deyil, həm də gələcəyin inkişaf perspekti deməkdir. Beləliklə Orta Asiyanın həm coğrafi, həm də etnik sosiallaşma düzəninin formalaşma prosesləri inkişaf etməkdədir. Azərbaycan bir dövlət olaraq, etnik-sosial, dil və mədəniyyət baxımından soydaşlarla inteqrasiyanın sistemini formalaşdırdığı təqdirdə yaxın dövr üçün möhtəşəm uğurlara imza ata bilər. Belə ki, xaricdə yaşayan soydaşlarımız arasında çoxlu sayda imkanlı işadamları vardır. Onların Azərbaycana yatırım qoymaq hüquqları çərçivəsində bəzən xoşagəlməyən hallar baş verir. Buna görə də soydaşlarımız onlara məxsus şirkətlərin ölkəmizdə biznes mühitinin inkişafına dəstək risqlərini hesabalamaq məcburiyyətində qalırlar.
Fikrimizcə, ölkəmiz və xaricdəki diasporumuz arasında mənəvi baxımdan inteqrasiyanın yeni mərhələsinə doğru ciddi addımların atılmasının zamanı çatmışdır. Bu, biznes əlaqələrindən tutmuş vətənpərvərlik ənənəsi dəyərlərinə qədər inkişafın təməli ilə uzlaşdırılmalıdır. Dünyada baş verən iqtisadi və sosial böhranlardan asanlıqla yayına bilən dövlətlər milli diasporla həmin proseslərdə birgə iştirak edirlər. Ermənistan kimi kasıb və imkansız bir bölgəyə çevrilmiş məkanda erməni diasporunun sayəsində bir çox sosial-iqtisadi problemlərin çözülməsinə imkanlar yaradılıb. Təkcə bir fakta istinad edərək onu da qeyd edək ki, ABŞ-da yaşayan milyader Kirk Kirkoryan (Rusiyadakı erməni müğənnisi Filipp Kirkorovun əmisi) maddi imkanları sayəsində yaratdığı “Linsi Fondu”nun xətti ilə hər il Ermənistana 150 milyon dollar həcmində yardım göstərir. Beləliklə tək bir erməni işadamının sayəsində büdcəyə bunca miqdarda maliyyə dəstəyi verilir. Biz demirik ki, imkanlı soydaşlarımız ölkəyə ianələr şəklində yardımlar etsin. Ancaq, mənəvi baxımdan imkan yaradılmalıdır ki, onlar Azərbaycanda işadamı kimi gərəkən yatırımlarda yaxından iştirak etmək hüququna sahib olsunlar. Şübhəsiz, hər hansı bir bürokratik ənəgəllər tamamilə aradan qaldırılmalıdır ki, imkanlı soydaşlarımız bu prosesdə fəallıq göstərə bilsinlər. Bunun üçün Azərbaycanın təbii şəkildə istehsal vasitələrinə görə maddi qaynaqları, coğrafi şəraiti mövcuddur. Ən azından Xəzərətrafı və Qafqaz regionunda dinamik biznes mühitinin imkanlarından yararlanmaqla ölkənin iqtisadi potensialını inkişaf etdirmək olar.

Stabillik faktoru və konfliktlər

İndi dünyada bəzi ölkələrə məxsus diaspor təşkilatlarının onların mənsub olduqları dövlətlərə qarşı daha sərt şəkildə müxalifyönlü proseslərdə fəallıq göstərmələri müşahidə olunur. Pakistan üzərindən İran və Əfqanıstana, İraq, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt üzərindən İrana, Suriya, İraq, İran, hətta Avropa üzərindən Türkiyəyə, Çexiya, Polşa, Sloveniya, Ukrayna və digər ölkələr üzərindən Rusiyaya və digər ölkələrdə diaspor təşkilatlarının müxalifət yönlü fəaliyyətlərində nəinki adıçəkilən dövlətlərin hakimiyyətlərinin dəyişməsi, hətta  dövlətin bir neçə yerə bölünməsi kimi təhlükəli proseslər müşahidə olunur. Azərbaycan bir dövlət kimi bütün bunlara hər zaman hazır olmalıdır. Təbii ki, istər ölkədə, istərsə də xaricdə müxalif, yəni alternativ fikirlər hər zaman olmalıdır. Bütün bunlara hətta skeptik yanaşılmalıdır. Ancaq, dövlətin tənəzzülə uğradılması, bir neçə bölgəyə parçalanması kimi hallara qətiyyən yol verilməməlidir. Buna görə də, ölkəmizdə, həm də xaricdəki diaspor təşkilatrımızda, bununla yanaşı miqrantlar arasında yeni fəaliyyət növlərinin yaradılmasına ehtiyac duyulur. Bu, onların Azərbaycanla əlaqəli şəkildə fəaliyyət növlərinin tərkib hissəsi kimi formalaşdırılmalıdır. Neqativ halların aradan qaldırılması və neytrallaşdırılması üçün proseslərə realistcəsinə yanaşılmalıdır. Ölkəmizi təhdid edən, süni şəkildə etnik bölücülük siyasətlərin qarşısının alınması üçün diaspor təşkilatlarının arasında geniş miqyasda təbliğat vasitələrinin yaradılmasına dəstək verilməlidir. “Marginal” etnososial çevrələrin niyyətlərinin ardında duran səbəbləri isə çılpaqlığı ilə cəmiyyətə tanıtmağın zamanı çoxdan çatmışdır. Çünki, korporativ maraqları aradan qaldırmaqla diasporun daha da aktiv şəkildə milli dövlət olmanın yanında yer almasını təmin etmək bu gün ən çox vacib proseslərdən biri sayılmalıdır.
Miqrasiya proseslərindəki dinamizmin fenomeni və onun keyfiyyət göstəriciləri bölgəsəl xarakter daşıdığından hansı ölkədə soydaşlarımızın necə fəaliyyət göstərməsinin milli məzmun və xarakter daşımasına xüsusi diqqət yetirilməlidir. Azərbaycanın son 350 illik tarixinə diqqət yetirildikdə qarşıya çıxan problemlərin səbəblərini elə həmin faktorlarda aramaq lazımdır. Bu gün ölkəmizi təhdid edən bir sıra mərkəzdənqaçma proseslərində məhz həmin faktorlar fərqli məzmunda və formada təzahür etməkdədir.
Stabillik və konfliktlər faktorunda yer alan proseslərin siyasi, ictimai və sosial xarakterini ciddi şəkildə analiz etməklə yanaşı, Azərbaycanın dövlət olaraq çevik şəkildə fəaliyyəti gözlənilən problemlərin və təhlükələrin qarşısını almaqla mümkündür. Çünki, xaricdən idarə olunan və ölkəmizin daxilində özlərinə elektorat düzəninə ümid bəsləyən güclər məhz bu amillə hərəkət etməyi planlaşdırmışlar. Bu gün sosial şəbəkələrdə süni şəkildə fəallıq göstərənlər məhz bu faktora istinad nöqtəsi kimi baxırlar. Diaspor siyasətimizə önəm verməklə gözlənilən kataklizmlərin qarşısını neytrallaşdırıcı təsir imkanları ilə almaq olar. Bu siyasət ölkədaxili problemlərin həlli yönündə ən vacib məsələlərdən birinə çevrildikcə qarşıya çıxan problemlərin həllində intensivliyi artırar. Sosial böhranlar, miqrasiya və diaspor siyasətimizdə stabilliyin təmin edilməsi və konfliktlərin aradan qaldırılmasın üçün bu faktor Azərbaycanın başlıca hədəflərindən birinə çevrilməlidir.
Ə. Yusifoğlu, "Hürriyyət"