SON DƏQİQƏ: Türkiyə ABŞ-a müharibə elan edər... - Çavuşoğlu

Baxış sayı:
7435

Türkiyə ilə Amerika arasında son illərdə yaranan gərginlik səngimək bilmir. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsinin qəbulolunmaz olduğunu bəyan edib. Çavuşoğlu deyib ki, qarşıdan gələn həftə ərzində ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda keçirəcəyi görüşlərdə bu məsələ diqqətində olacaq.
Muxalifet.az xəbər verir ki, "CNN Türk" televiziyasına müsahibəsində Çavuşoğlu deyib ki, F-35 təyyarələrinin satışının ləğvi qəbuledilməzdir, belə olarsa, Türkiyə bunun cavabını verəcək.
Qeyd edək ki, Türkiyə ABŞ-dan 100-dən çox "Lockheed Martin F-35" tipli döyüş təyyarəsi satın almaq istəyir və həmin təyyarələrin 1 il ərzində Türkiyəyə verilməsi nəzərdə tutulurdu. Təyyarələrin bəzi ehtiyat hissələri Türkiyə şirkətləri tərəfindən istehsal olunur. Lakin aprelin sonlarında ABŞ-da Respublikaçı senatorlar Ceyms Lankford və Tom Tillis, eləcə də Demokrat Partiyasının Senatdakı təmsilçisi Coanna Şahinn tərəfindən təqdim olunmuş qanun layihəsində F-35 təyyarələrinin Türkiyəyə satışını dayandırmaq təklif olunur.
Göründüyü kimi, iki dövlət arasındakı soyuq münasibətlər düzəlmək bilmir. Ekspertlər ABŞ-ın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qərarının gərginliyi daha da artıracağını bildirirlər. Çavuşoğlunun Amerika səfərində bu məsələnin əsas müzakirə mövzusu olacağı qeyd edilir. Türkiyə-Rusiya əlaqələrinin yaxın olduğu sürəcdə bu tipli təzyiq xarakterli qərarların Amerika başda olmaqla, Qərb dünyasında tez-tez təkrarlanacağı vurğulanır.
Politoloq Şahin Cəfərli bildirib ki, Türkiyə-ABŞ münasibətlərində çoxlu problemlər yığılıb qalıb:
“Beşinci nəsil F-35 çoxfunksiyalı hərbi təyyarələrinin Türkiyəyə satışının dayandırılması barədə senatorların təklifinə də ayrıca yox, məhz bu problemlərin kontekstində yanaşmaq lazımdır. Hər iki tərəfin bir-birinə qarşı ciddi iradları var və tərəflər problemlərin həllinə hansı nöqtədən başlamaq barədə hələ ki razılığa gələ bilməyiblər. Ankaranın əsas narazılığı ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD-YPG-yə dəstək verməsi, onu silahlandırması, ABŞ-ın Türkiyədə 15 iyul hərbi çevriliş cəhdində və terror təşkilatı (FETÖ) qurmaqda ittiham olunan Fətullah Güləni himayə etməsi, Rza Zərrabla bağlı məhkəmə prosesi və bu proses çərçivəsində “Halkbank”ın keçmiş müdir müavini Hakan Atillanın ABŞ-da həbsi, eləcə də Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan haqqında həbs qərarı, ABŞ-ın İrana qarşı embarqoları pozmaqda ittiham etdiyi Türkiyə banklarına böyük miqdarda cərimə kəsməsinin gözlənilməsi kimi məsələlərdir. Vaşinqtonu isə Türkiyədə amerikalı pastor Endryu Branson və İstanbuldakı ABŞ Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi, Türkiyənin Rusiya və İranla yaxınlaşması, Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri satın alması, İsrailə qarşı mövqeyi və s. məsələlər narahat edir. Ən ciddi problem budur ki, hər iki tərəf bir-birinə etimadı itirib, qarşılıqlı güvən problemi yaranıb və bu da gündən-günə dərinləşir. ABŞ-dakı erməni və yunan lobbiləri də fürsətdən istifadə edərək Türkiyə əleyhinə fəaliyyətlərini gücləndiriblər. “F-35” təyyarələrinin Türkiyəyə satışının dayandırılması təşəbbüsünün ortaya çıxmasında bu lobbilərin də rolu var. Onlar Senatda görüşlər keçirərək Türkiyənin “F-35”in texnoloji sirlərini Rusiya və İrana ötürə biləcəyini bildiriblər. Türkiyənin hazırkı siyasətinə, Rusiya və İranla ortaq addımlarına nəzər salanda bu iddia senatorlara kifayət qədər inandırıcı görünür, çünki qeyd etdiyim kimi, qarşılıqlı inamsızlıq yaranıb. Xüsusən protestant-yevangelist din adamı Bransonun həbsi ABŞ rəhbərliyində ciddi qıcıq doğurub. Hətta bu yaxınlarda prezident Tramp və vitse-prezident Pens bu məsələ ilə bağlı öz etirazlarını bildiriblər. Tramp və onun komandası ABŞ-ın yevangelist dini icmaları ilə çox yaxındır, bu icmalar seçkidə Trampın qələbəsində mühüm rol oynayıb. Bu səbəblə, Bransonun Türkiyədə həbs olunmasına bir ABŞ vətəndaşının xaricdə həbsi kimi yox, ABŞ prezidenti və vitse-prezidenti ilə eyni kilsəyə etiqad edən, onların dəstəklədiyi dini icmanın nümayəndəsinin həbsi kimi də baxmaq lazımdır. Amerikalılar düşünür ki, Türkiyə əslində Bransonu həbs etməyib, girov götürüb və onu Fətullah Gülənlə dəyişdirmək istəyir. Bu isə onlarda Ərdoğan hökumətinə qarşı qəzəbi artırır. S-400 məsələsi də Vaşinqtonu qıcıqlandıran mövzulardan biridir. Türkiyə NATO üzvüdür, Rusiya istehsalı olan bu sistem isə NATO-nun raket-hava hücumundan müdafiə sisteminə inteqrasiya oluna bilməz. Digər tərəfdən, bu alış-veriş ABŞ Konqresinin ötən il qəbul etdiyi sanksiya qanununun tələbləri altına düşür. ABŞ hökuməti S-400 anlaşması ilə bağlı Türkiyəyə sanksiya tətbiq edə bilər və bu məsələ tərəflər arasındakı danışıqlarda müzakirə mövzularından biridir. Hər iki tərəfin əlində kartlar var və tərəflər bunlardan alver vasitəsi kimi istifadə etməyə çalışır”.
Politoloq ABŞ-ın Türkiyədən siyasətini dəyişməsini gözlədiyini də qeyd edib:
“Türkiyə 2002-ci ildən bəri F-35 layihəsinin tərəfdaş ölkələrindən biridir və bu layihə çərçivəsində təxminən 12 milyard dollar dəyərində 120 ədəd F-35A” təyyarəsi satın alacaq. Bu barədə anlaşma var və bunu pozmaq elə də asan deyil. Türkiyənin təxminən 10 şirkəti bu layihə çərçivəsində müxtəlif ehtiyat hissələrinin istehsalına, mühərriklərə texniki baxış işlərinə cəlb olunub. Senatorların hazırladığı qanun təklifində satışdan imtina edilməsindən deyil, bu təyyarələrin Türkiyəyə tədarükünə, eləcə də təyyarələrin istismarı ilə bağlı vacib texniki informasiyaların verilməsinə, texniki xidmətin göstərilməsinə məhdudiyyətlərə tətbiq olunması təklif edilir. Düşünürəm ki, ABŞ hökuməti bu layihədən də Türkiyə ilə danışıqlarda təzyiq vasitəsi kimi yararlanacaq. ABŞ Türkiyədən öz siyasətini dəyişdirməsini gözləyir. Məsələn, Vaşinqtonun gözləntisi budur ki, Türkiyə Rusiya ilə münasibətlərin səviyyəsini bir qədər aşağı salsın, S-400-ləri əldə etməkdən vaz keçsin, İranla münasibətlərə müəyyən məsafə qoysun və İsraillə münasibətləri istiləşdirsin, Branson və Topuzu qeyd-şərtsiz azad etsin. Türkiyə isə əvəzində heç nə əldə etmədən bu güzəştlərə getmək fikrində deyil. Türkiyə ilk növbədə gözləyir ki, ABŞ Suriyada PYD-YPG qruplaşması ilə əlaqələrini məhdudlaşdırsın, onlara verdiyi silahları geri alsın, Menbiç məsələsində hələ Obama dövründə verdiyi vədi yerinə yetirsin və oradan silahlı kürdləri çıxarsın, Zərrab işi ilə əlaqədar Türkiyəyə qarşı addımları atmaqdan vaz keçsin. Tərəflər qarşılıqlı olaraq bu məsələlərdə geri addım atsalar, gərginlik səngiyəcək və anlaşmaq mümkün olacaq. Düzdür, Türkiyə S-400 komplekslərinin satın alınmasından imtina etməyin artıq çox gec olduğunu söyləyir, amma əvəzində ABŞ-ı məmnun etmək üçün ondan “Patriot” sistemləri almağa hazır olduğunu bildirir. Çavuşoğlunun səfəri nəticəsində əsas müzakirə mövzusu sabiq dövlət katibi Reks Tillersonla aparılan danışıqlar nəticəsində Menbiç məsələsində əldə olunan razılığın həyata keçirilməsi olacaq. Təbii ki, tərəflər digər problemlərə də toxunacaqlar, lakin səfər zamanı bu problemlərin həll olunması gözlənilmir. Əsas məsələ tərəflərin problemlərin həllinə dair möhkəm siyasi iradə nümayiş etdirməsidir. Əgər belə bir iradə qarşılıqlı olaraq ortaya qoyulsa, problemlərin həllinə başlamaq olar. Hazırda ABŞ hökumətində, Konqresdə, beyin mərkəzlərində Türkiyə ilə münasibətlərə dair 2 yanaşma var. Birinci yanaşmanın tərəfdarları yuxarıda qeyd etdiyimiz məsələlərə görə Türkiyə rəhbərliyinin cəzalandırılmasını, onlara qarşı sanksiyaların tətbiq olunmasını zəruri sayır. Yəni bu çevrələr Türkiyə ilə müttəfiqliyə faktiki olaraq, son qoyulmasını təklif edirlər. İkinci yanaşmanın tərəfdarları isə hesab edirlər ki, Türkiyə hələ də regionda ABŞ-ın ehtiyac duyduğu önəmli müttəfiqdir və ondan vaz keçmək olmaz. Bu çevrələr dialoq yolu ilə mövcud problemlərin həllini mümkün sayırlar. Ümid edirəm ki, ikinci xətt Vaşinqtonda üstünlük qazanacaq və iki ölkə tədricən aralarındakı problemləri aradan qaldırmağa başlayacaqlar”.