“Somalidə ehtiyacı olanlara dəstəyi davam etdirməyə hazırıq” – Elmar Məmmədyarov

Baxış sayı:
166

“Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Somalidəki qaçqın və məcburi köçkünlər üçün uzunmüddətli həll yollarının tapılması səylərinin artırılmasına ehtiyac var: “Somalidə humanitar vəziyyətin pisləşməkdə davam etməsindən ciddi narahatıq. İqlim dəyişikliyi Somalidə tez-tez quraqlığa səbəb olur, insanları demək olar ki, hər iki ildən bir evlərini tərk etməyə məcbur edir. Azərbaycan müvafiq hökumətlərin və beynəlxalq təşkilatların, Afrikanın Buynuzundakı, o cümlədən bölgənin ən çox zərər çəkmiş ölkəsi olan Somalidəki humanitar böhranın aradan qaldırılmasına yönəlmiş müraciətlərinə cavab verib.

2012-ci ildə Azərbaycanın paytaxtında yerləşən İKT ilə əlaqəli bir qurum olan İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzi Azərbaycan hökumətinin dəstəyi ilə Somalidəki quraqlıq qurbanlarının 1 aylıq ərzaq təhlükəsizliyinin təmin olunması ilə nəticələnən xeyriyyə aksiyasını təşkil edib.

Azərbaycanın ADA Universiteti dövlət quruculuğunun möhkəmləndirilməsi üçün vacib olan sahələrdə gənc Somali mütəxəssisləri üçün tam əhatə olunan təhsil təqaüdü verir. Beynəlxalq ictimaiyyətin Somaliyə dəstəyini davam etdirməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar girişə icazə verməli və yerli əhalinin və onlara kömək edənlərin təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməlidirlər”.