ŞOK: Ramil Usubov da göstəriş verdi, Qaradağ polisi evi dağıdılan vətəndaşın TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMİR

Baxış sayı:
16489

Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanda yaşayan Hacıyev Gülverdi və həyat yoldaşı Hacıyeva Nərgiz Zərbala qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır: “Həmkəndlimiz olan Əndəlifov Lazım və Əndəlifov Səyyar Əzim oğulları, eləcə də 35-40 nəfərlik saqqallı dini dəstənin bizim ailəmizə qarşı (10 və 14 may 2015-ci ildə) yaşadığımız evi daş-qalaq etmələri barəsində dəfələrlə yerli və yuxarı hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərdən sonra, nəhayət ki, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2, 221.3 və 186-cı maddələri üzrə açılmış cinayət işinə 2016-cı ilin sentyabrından Qaradağ Rayon Məhkəməsində baxılmış və bu 2017-ci ilin aprelin 10-da hər iki şəxs barəsində hökm elan edilmişdir. Doğrudur, aparılan istintaq zamanı Qaradağ Pİ-də Habil Hüseynov, Elnur kimi məsuliyyətsiz müstəntiqlərin maddi maraqları təmin edilməsi qarşılığında məhkəməyə təqdim edilmiş ittiham aktında şahid ifadələri çıxarılmış, ekstremist saqqalı dəstənin gecə evimizə basqını zamanı törətdikləri quldurluq hadisələrini Lazım və Səyyar Əndəlifovlar öz üzərilərinə götürmüşlər.Və məhkəmə zamanı onlar başçılıq etdikləri ekstremist dəstənin basqını zamanı evimizə dəymiş maddi ziyanı 4000 (dörd min) manat dəyərləndirilərək, ödənilməsi qət edilmişdir. Lakin bütün bunlara baxmayaraq bizə son 2 ildə imkan verilmir ki, ailəmizlə birlikdə dağıdılmış evizimizi bərpa edə və köçüb rahat yaşaya bilək. Belə ki, biz, ilk olaraq 14 sentyabr 2016-cı il və 24 sentyabr 2017-ci il tarixində ailəmizin təhlükəsizliyinin təmin edilməsi üçün daxili işlər naziri cənab Ramil Usubova dəfələrlə rəsmi müraciətlər etmişik. Yerli hüquq-mühafizə orqanlarının passivliyindən istifadə edən Əndəlifovlar yaxın qohumlarına göstəriş verirlər ki, bizim aildən heç kəsi evin yaxınlığına gəlməyə qoymasınlar, söyüb-təhqir etsinlər, fiziki zorakılıq göstərsinlər. Bir neçə ay əvvəl bir neçə dəfə evimin və hasarımın dağılmış hissəsini ustaların köməkliyilə bərpa etmək istəsək də, Əndəlifovlar dəstəsi hücum çəkib buna imkan verməmiş, ustaları qovmuşlar. Bu məsələ ilə bağlı 24 sentyabr 2017-ci ildə və 14 yanvar 2018-də, son dəfə 28 fevral 2018-ci ildə daxili işlər naziri cənab Ramil Usubovdan xahiş etdik ki, təhlükəsizliyimizi təmin edilsin, evimizin uçulmuş-dağılmış hissəsini və həyətyanı hasarın divarını bərpa edib, şəxsi evimizdə normal yaşayışımıza davam edək. Sağ olsun cənab naziri ki, Bakı Baş Polis İdarəsinə verilən göstərişdən sonra həm İdarənin İstintaq və Təhqiqat İdarəsi, həm də İctimai Təhlükəsizlik İdarəsi tərfindən qaldırdığımız məsələ iki dəfə - 10 oktyabr və 16 noyabr tarixlərində geniş araşdırılmış, məndən idarənin müstəntiqi polis İmran Əliyev (012-590 68 87) izahat almış və sonda idarə rəisi cənab Nurullah Məmmədxanlı rəsmən Qaradağ Pİ-nə müvafiq tədbirlər görülməsi üçün göstəriş vermiş və göstərişin icrası nəzarətdə saxlanılmışdır. Və sağ olsun Qaradağ RPİ-nin rəisi cənab Əli İbrahimovu ki, o, məni şəxsən qəbul edib şikayətimi dinləmiş və birbaşa 11-ci PB-nə müvafiq tədbirlər görməsi barədə göstərişlər vermişdir. Çox təəssüflər olsun ki, Bakı şəhər Baş Polis İdarəsinin nəzarətində olan müraciətimizlə bağlı 11 aydan çoxdur ki, Qaradağ RPİ-nin 11-ci PB tərəfindən passiv araşdırma aparılır. Belə ki, Bakı Baş Polis İdarəsinin və Qaradağ Pİ-nin bizim 3-cü dəfə ailəmizin təhlükəsizliyinin təminatı və əmlakımızın uçmuş hissələrinin bərpasıilə bağlı müraciətimiz icra edilməsi üçün yenə də 11-ci PB-nə göndərilmişdir. Dekabrın əvvəlində 11-ci PB-nin rəis müavini evimizin yanına gəlib 4-5 dəqiqə bizimlə ayaqüstü müzakirə edib, qeyd etdi ki, evinizi tikdiyiniz torpaq sahəsi barədə sorğu verəcəyik, görək torpaq necə əldə olunub, siz nə qədər qanunsuzluqlar etmisiniz? Mən qeyd etdim ki, müraciətimizdə torpaq sahəsinin verilməsi barədə 1992-ci ildə verilmiş sərəncamı da, evimin eskiz layihəsini də təqdim etmişəm. Mən və qonşuluqda yaşayan qardaşımdan başqa, bu balaca kənddə kimsənin evinin hansısa torpaq sənədi olmadan tikib yaşayırlar. 11-ci Polis Bölmə rəisinin müavini evimin dağıdılmış hissələrini, uçurulmuş hasarın, sökülüb atılmış darvazanın bərpa olunması barədə müzakirə aparmaq əvəzinə, əsas məsələlərə əhəmiyyət vermədən mənim işimin araşdırlmasına göstəriş verəcəyi məni qane etmir. Belə ki, hazırda dağılmış evimin darvazasına “SATILIR” sözü yazmış qarşı tərəf bizə nəinki əmlakımıza yaxın düşməyə imkan verir, hətta əmlakımızı öz dədəsi Əzimin əmlakı kimi satdığa qoyub. Yəni faktiki mənimsəmişdir. Ailəmiz də əmlaka yaxın düşə bilmir. İmkan verilmir. Belə olan halda 11-ci PB-nin uzun-uzadı yersiz araşdırma aparması, mənasız sorğular verməsi, bu işə görə CM-nin 221.3-cü maddəsinə görə məhkum edilmiş qarşı tərəfin 10.04.2017-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin HÖKMÜNƏ nəzər yetirsələr, hər şey aydın olar. Bakı Baş Polis İdarəsində bu məsələ araşdırılıb Qaradağ Pİ-nə həvalə edilsə də, məni qəsdən get-gələ salırlar. Niyə, 11-ci PB-nin məhkumlar Əndəlifovlara “gözün üstə qaşın var” deməyə cürəti çatmır? Bu mənim üçün çox qaranlıq qalır. Yəni, doğrudanmı DİN-dən, Bakı Baş Polis İdarəsindən, Qaradağ RPİ-nin rəhbərliyi tərəfindən bu qədər məslənin həlli üçün göstərişlər verilsə də, 11-ci polis Bölməsi iki ayağını bu məhkumlardan ötəri bir başmağa qoyur? Qaradağ rayon 11-ci Polis Bölməsinin rəisinin imzaladığı 26 aprel 2018-ci il tarixli cavab məktubunda qeyd edilir: “Sizin PA-na, Qardağ RPİ-nə və digər dövlət orqanlarına etdiyiniz müraciətlər tərəfimizdən araşdırlmışdır. Sizin və ailə üzvlərinizin təhlükəsizliyi təmin olunur və siz münaqişəli ailə kimi qeydiyyata götürülərək daim nəzarət olunur. Tikinti məsləsilə bağlı Qaradağ rayon İH-nə və yaxud məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Mən də cavab istəyirəm ki, əgər mən və ailəm 2015-ci ilin mayın 15-dən sonrakı kütləvi basqın və dağıntılardan sonra evimizə daxil ola və bərpa edə bilmiriksə, bizim təhlükəsizliyimiz necə təmin OLUNUR? Qaldı tikinti məsləsinə, bununla bağlı mən niyə Qaradağ RİH-nə müraciət etməliyəm? Mən bu evdə 1991-ci ildən evimi də, hasarımı da, darvazamı da tikib yaşayırdım. İndi niyə məni Qaradağ 11-ci RPB-si gedər-gəlməzə göndərərk İcra Hakimiyyətindən təzədən icazə almaq üçün bizi kola-kosa salır? Mən tələb edirəm ki, yerli məhkəmənin evimin-hasarımın dağıdılmış hissəsinin bərpası üçün qarşı tərəfin ödədiyi 4000 AZN pulu evimin bərpasına sərf edib dinc yaşayım. Bizə formal – kağız üzərində təhlükəsizliyimizə təminat lazım deyil. Bizə reallıq lazımdır. Elə polisin belə mövqeyindən sonra indi də Əndəlifovlar dəstəsinin ağsaqqalı hesab edilən Xoşbəxt adlı birisi də evimin həyətini öz əmlakı kimi satdığa qoyub, mənə hədə-qorxu gəlir. Xatırladım ki, 14 yanvar 2018-ci il tarixli eyni məzmunlu 3-cü müraciətimdən sonra Qaradağ RPİ-nin rəisi cənab Əli İbrahimov məni rəsmən qəbul edib məsləni ətraflı araşdırdı. Hər şey aydın olduqdan sonra xidməti otaqda mənim yanımda 11-ci PB-nə zəng edərək lazımi tapşırıqlar verdi ki, mənə bu işdə köməklik göstərilsin. Sabahı gün mən 11-ci PB-də oldum. Qaradağ RPİ-nin rəisinin göstərişlərinə baxmayaraq, yenə də 4-cü dəfə məni indi başqa bir formada yola verdilər ki, “Sən get Məhkəmə İcra Şöbəsinə və qoy onlar sənin dağdılmış əmlakının bərpa olunmasına və təhlükəsizliyinin təmin olunmasını icra etsinlər”. Mən naəlac qalıb Qaradağ rayon İcra Şöbəsinin müdirinin qəbulunda oldum. O da məni başa saldı ki, sən get təzədən məhkəməyə müraciət et və son qətnaməni bizə gətir ki, o zaman biz icra edək. Bir sözlə, 11-ci PB məhkum olunmuş Əndəlifovlar dəstəsinin qarşısında özünü niyə bu qədər aciz və məzlum hiss edir, onu başa düşə bilmirəm. Çox hörmətli Prezident və Mehriban xanım! Ailəmiz bu məsələnin həll edilməsi üçün yalnız Sizə ümid bəsləyir. Sizdən və nazir Ramil Usubovdan bir daha xahiş edirk ki, şəxsi nəzarətiniz altında bizim ailənin təhlükəsizliyinin təmin edilməsi, məhkum Lazım və Səyyar Əndəlifovların dağdılmış evimi qanunsuz ələ keçirərək satdığa qoymasının qarşısının alınmasını və evimizin - hasarlarımızın, darvazamızın dağıdılmış hissələrinı bərpa etdikdən sonra bizə rahat yaşamaq üçün imkan yaradılmasını birbaşa Qaradağ RPİ-nə həvalə edəsiniz. Qoşmalar: Qaradağ RPİ-rəisinin 04 oktyabr, 29 dekabr 2017-ci il və 26.04.2018-ci il tarixli məktubları, Bakı şəhər Baş polis İdarəsi İstintaq idarəsi rəisi və müavinin 19 və 23.10.2017-ci il, və 16 noyabr 2017-ci il tarixli məktubların surətləri, Bakı şəhər Baş polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsi rəisinin 10 oktyabr və 21 noyabr 2017-ci il tarixli məktubların surətləri. Torpağın sərəncamı, Evimin eksiz layihəsi”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.