​ŞOK: “Orta məktəblər ödənişli təhsilə keçir...” - Ekspert rəyləri

Baxış sayı:
13501

 “Təhsil haqqında” qanunun 19-cu maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə görə, Azərbaycanda ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti verilir.
Muxalifət.az-ın xəbrinə görə, Teleqraf.com məsələ barədə təhsil ekspertlərinin fikrini öyrənib.
Ekspert Nadir İsrafilovun sözlərinə görə, son zamanlar “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin özünü doğruldub-doğrultmayacağı bilinmir: “Müvafiq qaydaları hazırlayıb ictimailəşdirmədən, rəyi öyrənmədən, pedaqoji və psixoloji cəhətləri əsaslandırmadan, işlək mexanizminin olub-olmamamasına tam əminlik yaratmadan “Təhsil haqqında” qanuna birdən-birə dəyişiklik etmək o qədər də ümidverici görünmür.
Müəllimlərin sertifikasiyaya cəlb olunması, təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə daha erkən cəlbi, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirmək səlahiyyətlərinin verilməsi və sair bu kimi dəyişikliklərin gələcək taleyi hələlik aydın deyil”.
Ekspert bildirib ki, ümumtəhsil müəssisələrinə yeni səlahiyyətlərin verilməsi müəyyən tendensiyanın əsasını qoya bilər: “Dövlət təhsil müəssisələrində tam orta təhsilin pulsuz olduğunu bildirən maddəyə “dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər” əlavəsi, ola bilər, ali məktəblərdə olduğu kimi orta ümumi təhsilin hər üç səviyyəsində də ödənişin rəsmiləşdirilməsinə hesablanıb.
Onsuz da valideynlərin müəyyən qismi öz övladlarının “təhsil proqramlarının tam mənimsəməsini” təmin etmək üçün əsasən repetitor və ayrı-ayrı hazırlıq kurslarının xidmətlərindən yararlanırlar”.
Digər təhsil eksperti Kamran Əsədov isə orta məktəblərə belə bir xidmət göstərmək səlahiyyətlərinin verilməsini müsbət addım kimi dəyərləndirib: “Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununa görə, orta ümumtəhsil məktəblərində təhsilin 3 pilləsi var: ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Bundan əlavə beynəlxalq imtahanlar da var. Yəni SAT, İELTS hazırlığı və ya Avropa və Amerika ölkələri üçün orta məktəb səviyyəsi. 
Qanuna dəyişiklik olarsa, bu kimi hallarda ödənişli əsaslarla təhsil veriləcək. Əlbəttə, orta məktəblərə xidmət göstərmək səlahiyyətlərinin verilməsi müsbət haldır. Amma bunun üçün ilk növbədə kadr potensialı yaradılmalıdır”.
Qeyd edək ki, “Təhsil haqqında” qanunun 19-cu maddəsinin 18-ci bəndinə əsasən, tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
Qanuna təklif olunan əlavəyə əsasən isə dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.