ŞOK KORRUPSİYA FAKTI: Qarabağ əlilinə tikilən ev İÇİNDƏ YAŞAMADAN UÇUB-DAĞILIR - Prezidentə müraciət

Baxış sayı:
6808

Ucar rayonu Qazıqumlaq kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Rahib Hüsey oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edən şikayətçi yazır:
"Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi aldadıb, dövlətin ayırdığı pulu mənimsəyir. Belə ki, mən Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olduğum üçün, dövlətimizin qanunlarına əsasən, mənə yaşadığım Ucar rayonu Qazıqumlaq kəndində dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edildi. Həmin mənzilin tikintisinə 2017-ci ilin mart ayında başlanıldı və həmin ilin dekabr ayında mənim istifadəmə verildi. Buna dair mənə sənəd təqdim edildi. Həmin evin inşası üçün 60.000 manat pulun ayrıldığı bildirilsə də, gözlə görünən budur ki, burada küllü miqdarda talançılığa yol verilib. Nəticədə də hələ yaşamağa başlamadığımız ev sökülüb dağılır. Evin qapıları, pəncərələri əyilib, tikinti işləri tamamlanmayıb. Qaz-işıq çəklilməyib. Bütün bunlara baxmayaraq, həmin evi mənim istifadəmə verib, çıxıb gediblər. Bu evdə isə yaşamaq qeyri-mümkündür. Buna görə, hazırda ailəmlə birlikdə kirayədə yaşayıram.
Mən Azərbaycan Respublikasının suverenliyi və Qarabağ torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb, əlil olmuşam. Dövlət Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin qayğısına qalır, buna görə büdcədən vəsait ayrılır. Ancaq bu vəsaiti talan etmək üçün min bir saxtakarlığa əl atan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsioner əməkdaşları məni və mənim kimi çoxlu sayda əlili hökumətdən narazı salmaq istəyirlər. Mən isə bilirəm ki, burada dövlətin heç bir günahi yoxdur. Qarabağ müharibəsi əlillərinə evlərin tikilməsi üçün dövlət pul ayırır, bundan tam razıyam, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşları bu pulun böyük hissəsini talan etdikləri üçün evim yarımçıq istifadəyə verilmişdir. Bu dövlətə qarşı cinayət və Qarabağ müharibəsi əlilinə qarşı təhqirdir.
Mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya  və Əmək və Əhalinin Soisal Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm. Sizdən xahiş edirəm, dövlətin ayırdığı vəsaiti talan edib, Qarabağ müharibəsi əlilinə evi yarımçıq tikib istifadəyə vermiş cavabdeh məsul vəzifəli şəxslər barəsində ciddi tədbirlər görəsiniz”.
 

Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.