ŞOK İDDİA: ​“Rövşən Həsənov mənim xəttimlə gəlib, indi də gedib pomidorunu satır”

Baxış sayı:
454

MMA (Mixed Martial Arts) dünyada bir çoxunun diqqətini çəkən idman növüdür. Son dövrlər daha da populyarlaşan Qarışıq Döyüş Növünə Azərbaycanda da maraq kifayət qədərdir. Ancaq bu idman növü üçün Azərbaycanda bir neçə şəxsin adı federasiya rəhbəri olaraq göstərilir.
Keçmiş idmançılar Azad Əsgərov, Şəhriyar Abbasov və Rövşən Həsənov və başqalarının adlarını çəkmək olar. Maraqlıdır ki, Dünya MMA Federasiyasının (World Mixed Martial Arts Federation) rəsmi saytında bu döyüş növünün Azərbaycandakı təmsilçisi olaraq Şəhriyar Abbasov göstərilib.
"World Mixed Martial Arts Association” (Dünya MMA Assosiyası) adlı bir qurum isə Azərbaycanda nümayəndəlik olaraq Rövşən Həsənovu qeyd edib.
Azad Əsgərov Unikal.org-a açıqlamasında bildirib ki, MMA-nın Azərbaycandakı nümayəndəsidir. O, Pankartion, Graplinq və MMA Federasiyasının rəhbəri olduğunu vurğulayıb.
MMA-nın Azərbaycanda tanınan simalarından Şəhriyar Abbasov da Unikal.org-a açıqlamasında MMA-nın Azərbaycandakı nümayəndəliyinin özü olduğunu deyib. O illərdir idmançılarını bu döyüş növü üzrə rəsmi yarışlara apardığını qeyd edib:
"Biz ictimai birliyik. Qurumumuzun tərkibində 15-dən çox klub birləşib. Demək olar hər rayonda nümayəndəliklərimiz var. MMA-nın Azərbaycanda rəsmi olaraq rəhbəri mənəm. Azad Əsgərov Pankartion və Qraplinq Federasiyasının rəhbəridir. MMA ona aid deyil. Heç bir ölkədə Pankartion, Qraplinq və MMA deyə bir federasiya yoxdur.
Dünya Güləş Federasiyasının saytını açıb baxdığınızda özünüz də görəcəksiniz ki, MMA-nın Azərbaycanda rəsmi nümayəndəliyi olaraq mənim adım qeyd edilib. MMA-nın peşəkar və həvəskar formalarını qarışdırırlar. Kimsə peşəkar yarış təşkil edirsə, istəyən gedib qatılır. Amma rəsmi dünya çempionatlarına idmançılar mənim rəhbərliyim altında gedir. Dünya MMA Federasiyası tərəfindən bizim idmançılar rəsmi yarışlara dəvət edilir və idmançılarımızın gəlib-qayıtmasını, qalmasını iştirakını təmin edir. Peşəkarda isə şəxsi hesabına və ya sponsor hesabına çıxış edirsən”.
Şəhriyar Abbasov Azərbaycan MMA Federasiyasının prezidenti kimi təqdim edilən Rövşən Həsənov haqqında isə "Pomidor satandır” deyə cavab verib:
"O Moskvada bazar adamdır. Mənim xəttimlə gəlib, indi də gedib pomidorunu satır. Hərə bir qurum açır MMA adı verir. Dünya MMA Federasiyası birdir. Siz dediyiniz son vaxt yaradılan bir qurumdur. Yəni, əsas deyil, hərə özündən bir qurum yaradıb. Əsas Federasiyanın rəsmi saytını da sizə göndərdim (www.wmmaf-world.com). O saytda Azərbaycandan nümayəndəlik olaraq bir şəxsin adı gedir –mənim...

Mən ermənini udanda Rövşən Həsənov bizim bir millət olaraq yanımızda olub. Sonra bu işlərə qarışmağa başlayıb. Guya özünü MMA federasiyasının prezidenti kimi təqdim edir, Moskvada oturub pomidor satır. Bunu da efirə düşməyin xətirnə edir. Belə iş olar? Dediyim kimi qeydiyyatı, möhürü olan qurum bizdədir”.