ŞOK İDDİA: 30 sutka iş verilən "heykəl məhbusu"na həbsxanada işgəncə verilir

Baxış sayı:
3853

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əfv fərmanından sonra azadlığa çıxan, siyasi məhbus kimi tanınan Bayram Məmmədova işgəncə verildiyi ilə bağlı xəbərlər yayılıb.

Bayram Məmmədovun hüquqlarını müdafiə edənlərdən biri, siyasi fəal Samir Əsədli BBC News Azərbaycancaya deyib ki, "onda olan məlumata görə Bayram Məmmədovun səhhəti pisdir".

"Bayramın olduğu təcridxanadan çıxan və adının açıqlanmasını istəməyən şəxs bildirib ki, onun vəziyyəti yaxşı deyil. Başından çoxlu zərbələr alıb, başı gicələnir və hər axşam qusur",- Samir Əsədli bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, onda Bayram Məmmədovun səhhəti ilə bağlı məlumat yoxdur.

Mehman Sadıqov deyib ki, "məhkumların müalicəsi və müayinəsini cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında çalışan həkimlər həyata keçirirlər və onlar da Pentiensiar Xidmətə tabe deyillər".

Penitensiar Xidmət rəsmisi bildirib ki, "biz heç vaxt məhkumun harada saxlanılması, hansısa yerə köçürülməsi ilə bağlı açıqlama vermirik, çünki qanun bunu qadağan edir".

Bayram Məmmədov ötən həftəsonu polisə müqavimətdə ittiham olunaraq saxlanılıb və ona 30 gün müddətinə həbs verilib.

Həbsindən sonra onunla görüşən vəkili Elçin Sadıqov Bayram Məmmədova saxlanılan zaman işgəncə verilməsini əks etdirən yazılı sənədi nümayiş etdirib, yerli mediada paylaşılan məlumatlarda deyilir.

Ağ vərəq üzərində yer alan təsvirdə Bayram Məmmədovun bədəninin hansı nahiyyələrindən zədə alması göstərilib və bu sənədin üzərində Bayram Məmmədovun imzası əks olunub.

Bayram Məmmədovun atası Fərman Məmmədov BBC News Azərbaycancaya bildirib ki, oğlu ilə əlaqə saxlamaq mümkün olmayıb.

"Ondan ötən həftənin cümə axşamı günündən bu yana xəbərimiz yoxdur. Səhhətinin pis olması ilə bağlı tanışlarımızdan eşitmişik. Ondan bəri də telefonla danışmamışıq",- Fərman Məmmədov deyib.

O əlavə edib ki, bu gün də oğlu ilə görşmək üçün təcridxanaya gedəcək.

Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurumun nümayəndələri cümə günü təcridxanada Bayram Məmmədovla görüşüb və onu dinləyib.

"Bayram Məmmədovun telefon danışığı, vəkili ilə görüşü məsələsi, ailə üzvləri ilə görüşü məsələsi bizim tərəfimizdən təmin olunub. Bizim onunla söhbətimiz zamanı o qusması haqqında məlumat verməyib. Söhbət konfidensial olub",- Rəşid Rumzadə belə deyib.

Rəsmi əlavə edib ki, Bayram Məmmədov Ombudsman aparatının nümayəndələrindən "vəkilinin aidiyyatı qurumlara artıq müraciət ünvanladığını və onlardanda buna dəstək vermələrini xahiş edib".

Cənab Rumzadə onu da vurğulayıb ki, Bayram Məmmədovla görüşün nəticələri ilə bağlı müvafiq qaydada müraciətlər olunub.