Şok: Eldar Mahmudov vəzifəsindən azad edildi - (İlkin ehtimallar)

Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Milli Təhlükəsizlik naziri postuna yeni təyinatla bağlı sərəncam, hələ ki, imzalanmayıb.
Eldar Mahmudovun vəzifəsindən azad olunması, heç şübhəsiz son illərin ən ciddi hadisələrindən biridir. İlk baxışdan gözlənilməz hadisə olsa da, Eldar Mahmudovun Prezidentin yanında etimadı itirdiyi haqda xeyli vaxtdır söhbətlər gəzirdi. İndi tam əminliklə demək olar ki, MTN başçısının vəzifəsindən azad olunması Beynəlxalq Bank ətrafında başlayan qalmaqalın davamıdır.
Hələ Cahangir Hacıyev (Eldar Mahmudovun qudası) vəzifəsindən azad olunandan və Beynəlxalq Bankda dövlətin milyardlarla manatının mənimsənildiyi məlum olandan az sonra bu işlərdə Eldar Mahmudovun da ciddi rolunun olduğu haqda məlumatlar gəlməkdə idi. Belə ki, 100 milyonlarla manatın məhz E.Mahmudovun göstərişi əsasında müxtəlif iş adamlarına verildiyi bildirilirdi. Bu faktlar təqdim olunduqdan sonra Prezidentin E.Mahmudov bərk qəzəbləndiyi də verilən məlumatlar sırasında idi.
Bu baxımdan, gözlənilirdi ki, Beynəlxalq Bankla bağlı istintaqın sonunda E.Mahmudov da vəzifəsindən azad olunacaq. Bu ehtimal artıq reallaşıb. Ona görə də, Prezidentin bugünkü sərəncamını həm də Cahangir Hacıyevin həbsinə sanksiya kimi də qəbul etmək olar.
Məsələ ondadır ki, Cahangir Hacıyev dövlətin milyardlarla manat vəsaitini heç bir təminat olmadan öz ətrafına paylamaqla yanaşı, həm də 21 fevral öncəsi (devalvasiya ərəfəsində) maliyyə xəyanətində də şübhəli bilinir. Bu, açıq-aşkar Azərbaycan Prezidentinə xəyanət, dövlətə qarşı sabotaj idi. Belə bir xəyanətin qarşısını almalı olan bir nömrəli şəxs isə, heç şübhəsiz məhz Eldar Mahmudov idi. Lakin o, bunun öhdəsindən gələ bilməmişdi. Bəlkə də gəlmək istəməmişdi.
E.Mahmudovun etimadını sarsıdan bir başqa hadisə isə Dövlət Bayraq Meydanı İdarəsinin keçmiş direktoru Rəşad Məmmədovun ətrafında baş verən qalmaqal idi. R.Məmmədovun arxasında Prezidentin köməkçisi Əli Əsədov dursa da, Bayraq Meydanı ətrafında aparılan söküntü-tikinti işlərində Eldar Mahmudova yaxın adamların da adı hallanırdı.
Bəs Eldar Mahmudovun yerinə kim təyin olunacaq? Bu sualın cavabı hakimiyyət daxilindəki qüvvələr nisbətinə ciddi təsir edəcək.
Beləliklə, deyə bilərik ki, Prezident İlham Əliyev sağı göstərib, solla vurdu! Hamı Ziya Məmmədovla bağlı sərəncam gözləyərkən, O, hakim komanda daxilindəki ən ağırçəkili fiqurlardan birini kənara itələdi.
***
Bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir, özünə bağlıdır  və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcək.
Lakin bu ehtimal o qədər də ağılabatan deyil.
Azpolitika.info