“SOCAR-ın vitse-prezidentinin 300 evi olursa, Qarabağ qazisinin bir evi olmamalıdır?!” – PARTİYA SƏDRİ

Baxış sayı:
5770

“Bu adamın bu torpaqda yuva qurmaq hüququ yoxdursa, torpağı niyə qorumalıdır?”

“Sən kimsən ki, məhkəmə qərarı olmadan kiminsə evini sökürsən, qanına boyayırsan?”

“Bu, özbaşınalıqdır, müharibədə iştirak edənlərə qarşı düşmən münasibətidir. SOCAR gedib erməni kilsələrinə pulsuz qaz verir, amma Azərbaycanda Qarabağ qazisinin evini dağıdır”

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qazilərinin SOCAR-ın əməkdaşları tərəfindən döyülməsi, qana boyanması günlərdir cəmiyyətdə ciddi etirazlara səbəb olmaqdadır. Sosial şəbəkələrdə hər kəs SOCAR-ın “qoçu dəstəsi”nin Qarabağ qazilərinə göstərdiyi şiddətdən danışır. Halbuki, Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Amma Azərbaycanda vətəndaşların mülkiyyət hüququ Konstitusiyada qeyd olunduğu kimi nəinki müdafiə olunur, əksinə, dövlət qurumu olan SOCAR tərəfindən necənci dəfədir kobud şəkildə pozulur.
Qeyd edək ki, SOCAR-ın əməkdaşları sözügedən ərazidə tikilən evin sahəsinin şirkətin balansında olduğunu bəhanə edərək, Qarabağ qazisinn evini qanunsuz uçurub, dağıdıblar.

“Biz hökumətin mənzil siyasətini yanlış hesab edirik”

Qarabağ qazisinin SOCAR-ın əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Azərbaycan Demokat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, Azərbaycan Konstiutusiyasında vətəndaşın mənzil toxunulmazlığı var: “Əgər bir vətəndaşın mənzili yoxdursa, onda bu hüquq necə icra olunur? Belə çıxır ki, Azərbaycanda bir çox hüquqlar sadəcə olaraq söz yığınından ibarətdir, bunların arxasında konkret olaraq heç bir gerçəklik dayanmır. Biz təbiətə baxırıq, adi bir soxulcanın, arının, qarşıqanın da yuvası var, mənzil də insanın yuvasıdır. Bu, onu göstərir ki, əgər insan da canlı varlıqdırsa, bunun zərurətə görə yuvası olmalıdır. Buna görə də hökumət mənzil siyasəti həyata keçirir. Biz hökumətin mənzil siyasətini yanlış hesab edirik.
Birincisi, hətta inkişaf etmiş kapitalist ölkələrində dövlət mənzilləri var ki, kasıb, imkansız ailələrə dövlət təqdim edir ki, gəl, qal. Eyni zamanda vətəndaşlara ipoteka verirlər ki, gedin, özünüzə ev tikin. Azərbaycan hökuməti nə mənzil tikintisi ilə məşğuldur, nə də mənzil tikinsi üçün ipoteka siyasətini həyata keçirir. Beləliklə, vətəndaşların mənzil əldə etmək imkanları yoxdur. Yəni bu, Konstitusiyanın, mənzil toxunulmazlığı hüququnun dolayısı ilə pozulması deməkdir”.

“Bir torpaq ona görə qorunur ki, o torpaqdan istifadə edəsən”

S.Cəlaloğlu sökülən evin ərazisinin SOCAR-a aid olması ilə bağlı fikirlərini belə ifadə etdi: “SOCAR bir dövlət müəssisəsidir, torpaq da dövlətindir. Azərbaycan Konstitusiyasında torpaq Azərbaycan xalqına məxsusdur. Qarabağ qazisi öz sağlamlığını bu torpağın qorunması üçün qurban verib, gəlib bu torpaqda kiçik bir ərazidə balaca bir ev tikmək istəyir, bunu döyüb, öldürürlər. Onda adama deyərlər, bu adamın bu torpaqda yuva qurmaq hüququ yoxdursa, torpağı niyə qorumalıdır? Bir torpaq ona görə qorunur ki, o torpaqdan istifadə edəsən. Bu, Dədə Qorqudun sözüdür. İstifadə etmədiyim torpağı mən niyə qorumalıyam? Tutaq ki, dövlətin əmlakını qazi mənimsəyib. Bu zaman SOCAR-ın əməkdaşlarının bu dövlət əmlakını öz gücünə qoruması və yaxud vətəndaşlara zor tətbiq etməsi hansı qanunla tənzimlənir? Dövlət əmlakı hüquq-mühafizə orqanları tərəfindən qorunur. Bununla bağlı qanun var, sərhədlərimiz ordu, dövlət əmlakı da Daxili İşlər Nazirliyi tərəfindən qorunur. SOCAR orada qazinin atdığı addımın qanuni və ya qeyri-qanuni olduğunu məhkəmə qaydasında sübut etmədən vətəndaşın evini sökür. Bəlkə də məhkəməyə versə, məhkəmə o qazini haqlı hesab edəcək və yaxud doğrudan qazinin elədiyi hərəkətlərə hüquqi qiymət verəcək. Sən haradan bilirsən ki, onun addımları qeyri-qanunidir? SOCAR-ın məhkəməyə müraciət etmədən vətəndaşların evlərini sökməsi özbaşınalığın bir formasıdır. Əgər sən dövlət orqanı kimi məhkəməni saymırsansa, vətəndaş niyə məhkəməni sayıb, məhkəmələrə müraciət etməlidir? Onda da “razborka”lar başlayacaq, kim kimi harada tutdu, gücü çatdı döyəcək, öldürəcək. Əslində, bu, ölkədə hüquqi nihilizimin əlamətlərindən biridir”.

“Qarabağ qazisi sağlamlığını bu torpaqlara görə itirib”

S. Cəlalaoğlu onu da vurğuladı ki, SOCAR rəhbərinin müavinlərindən birinin 300 evi var: “Aldığım məlumata görə, başqasının 500 evi var. Sən 5 min, yaxud 10 min maaşla 300 ev alırsan, özünün, qardaşının, qohumlarının Azərbaycan torpaqlarının qorunmasında heç bir xidməti yoxdur, amma bu Qarabağ qazisi sağlamlığını bu torpaqlara görə itirib, bunun bir dənə mənzil əldə etməsinə imkan vermirsən, zorakılıq tətbiq edirsən. Bu da SOCAR rəhbərliyinin mənəvi cəhətdən qazinin evini dağıtmağa ixtiyarı olmadığını göstərir”.

“Bu, qeyri-qanuni hərəkətdisə, onda təkcə qazinin evi yox, oradakı bütün evlər sökülməlidir”

“Sovet hökumətinin vaxtında neft kəmərlərinin ətrafında 10 metrlik bir məsafə təhlükəsiz zona kimi nəzərdə tutulub, Azərbaycan müstəqillik əldə etdikdən sonra SOCAR bu 10 metri 50 metr edib. Beləliklə də xalqa məxsus olan xeyli torpağı qeyri-qanuni öz mülkiyyətinə keçirib. Biz hamımız bilirik ki, heç bir yerdə borudan 50 metr aralıda mənzil tikilməyib, mənzillərin hamısı 20-30 metr boruların ətrafındadır. Əgər doğrudan da boruların ətrafında nəsə tikməkdən söhbət gedirsə, onda gərək, bütün o evlər sökülə. Konkret olaraq bu videodan da görsənir ki, qazinin evinin söküldüyü ərazidə onlarla 2-3 mərtəbəli villa var. Əgər bu, qeyri-qanuni hərəkətdisə, onda təkcə qazinin evi yox, oradakı bütün evlər sökülməlidir. Sual olunur ki, onda sən niyə gedib o qazinin evini sökürsən?”, - deyə partiya sədri söylədi.

“Prezidentin fərmanı var ki, qeyri-qanuni tikilən evlərin hamısı dövlət qeydiyyatına alınsın”

S.Cəlaloğlunun sözlərinə görə, mənzil tikintisində rüşvət faktoru çox böyük rol oynayır: “İcra başçısı da, polis də, o biri də rüşvət alır. SOCAR o qazinin evini tikməkdən, gedib, onun evini sökür. Sual olunur bu adam bu evin bünövrəsini qoyanda dövlət orqanları haradaydı? Vətəndaşa iş başlamamışdan qabaq xəbərdarlıq etmək lazımdır ki, sən bunu tikmə. Sən mənə demirsən, mən də evi tikirəm, sonra da traktor gətirib, evi sökürsən. Mən bura pul qoymuşam, zəhmət çəkmişəm. Mənim itkilərimə kim cavabdehlik daşıyır? Bu baxımdan, təkcə SOCAR-ın yox, dövlət orqanlarının qeyri-qanuni atdığı addımlar Azərbaycan Konstitusiyasına ziddir, kobud surətdə insan hüquq və azadlıqlarının pozulmasıdır. Beynəlxalq iqtisadi paktların bütün tələblərinə ziddir, insanın mülkiyyət toxunulmazlığı var. Prezidentin fərmanı var ki, qeyri-qanuni tikilən evlərin hamısı dövlət qeydiyyatına alınsın. Bu sərəncam artıq vətəndaşların tikdiyi evlərin sökülməsinin qeyri-qanuni olduğunu göstərir. Artıq prezidentin o sərəncamına görə, kimin evi varsa, o qanuni mülkiyyətdir. İndi sən gedib vətəndaşın mülkiyyətini niyə dağıdırsan? Axı, Konstitusiyada mülkiyyət toxunulmazlığı var. Məhkəmənin hökmü olmadan qanuni və ya qeyri-qanuni tikilən hər hansı bir əmlakı kimsə dağıda bilməz. Sən kimsən? SOCAR-ın rəhbəri bu gün sənsən, sabah başqası olacaq. SOCAR sənin atanın mülkiyyəti deyil”.

“Sual olunur SOCAR-ın vitse-prezidentinin 300 evi haradandır”

“Son vaxtları bizə daxil olan məlumatlara görə, ayrı-ayrı dövlət orqanları “qoçu dəstə”ləri saxlayırlar, idmançılara 300-400 manat pul verirlər. Vaxtilə Ziya Məmmədov da bundan geniş istifadə edirdi. “Qoçu dəstə”ləri sürücləri, taksi şöferlərini döyürdülər, indi də SOCKAR-da bu hərəkət özünü göstərir. Bütün bunların hamısı göstəri ki, Azərbaycan hakimiyyətində özbaşınalıq başlayıb, artıq qanuna, Konstitusiyaya heç kəs məhəl qoymur, xüsusən dövlət qulluqçuları səlahiyyət həddlərini aşırlar, vəzifələrindən sui-istifadə edirlər, dövlət əmlakını qorumaq adı altnda vətəndaşlara zülm edirlər, özləri isə münbit şəraitdə dövlət əmlakını dağıdırlar. Sual olunur, SOCAR-ın vitse-prezidentinin 300 evi haradandır? Sən bir qaziyə ev tikməyə imkan vermirsən, deyirsən bu, qeyri-qanunidir, onda bəs, sənin bu 300 evin necə qanuni olub? Sənin bütün nəslin işləsə, ayda da hərəniz 10 min alasınız siz 300 evi əldə edə bilməzsiniz. Vergi idarəsi yoxlayıb, məlum olub ki, sənin şirkətində milyonlarla yeyinti var. Sən özün doğrudan da dövlət əmlakının qeyrətini çəkirsənsə, birinci özünün fəaliyyətində çalış dövlətə ziyan vurma. Bu qazinin dövlətə vurduğu 5 min manat olar, amma sən milyardlarla ziyan vurursan. Guya, özünü da Azərbaycan dövlətinin təəssübkeşi kimi göstərirsən. Bunlar hamısı “pakazuxa”dır”,-deyə partiya sədri əlavə etdi.

“Müdafiə Nazirliyi bəyanat verməlidir”

S.Cəlaloğlu Qarabağ qazilərinin döyülməsini qətiyyətlə pislədi: “Ölkə prezidenti buna reaksiya verməlidir. Müdafiə Nazirliyi orduya apardığı, qazi olan insanların taleyinə laqeyd qalmamalıdır. Sovet hökumətinin vaxtında veteranlarla bağlı Müdafiə Nazirliyi hər il neçə tədbir keçirirdi. Müdafiə Nazirliyi adamları aparır, əlil və yaxud şəhid olurlar, sonra onları taleyin ümidinə buraxır, heç maraqlanmır ki, mənim bu qazim hara getdi, başına nə iş gəldi. Əgər Müdafiə Nazirliyi istəyirsə ki, doğrudan da inşanlar ordunun arxasında mütəşəkkil şəkildə dayansınlar, torpaqların qorunmasında fədakarlıq eləsinlər, o qazilərin, şəhid ailələrinin qayğısına qalmalıdır. Birinci Müdafiə Nazirliyi bəyanat verməlidir. Çünki bu qazi bunun keçmiş əsgəridir, bunun əmri ilə gedib qazi olub, amma Müdafiə Nazirliyi susur. Prezident Ali Baş Komandandır. Bu adamlar sənin rəhbərliyin altında gedib döyüşüblər, sağlamlıqlarını itiriblər. Evi-eşiyi yox, istəyir özünə bir yuva tikə. Qaradaşım, sən hara baxırsan? Sən bu qazilərə özün ev tikib vermək əvəzinə, ev tikən qazini də sənin hakimiyyətin altında olan hansısa bir dövlət müəssisəsinin əməkdaşlar qoçuluq edir, yumruq-təpik atır, qanına bulaşdırır. Belə şey olar?! Bu, özbaşınalıqdır, müharibədə iştirak edənlərə qarşı düşmən münasibətidir. SOCAR gedib erməni kilsələrinə pulsuz qaz verir, amma Azərbaycanda Qarabağ qazisinin evini dağıdır. SOCAR həmin qaziyə öz hesabına başqa bir yerdə torpaq almalıdır, ev tikiməlidir. Yalnız onda SOCAR-ın bu hərəkəti qanuni hərəkət olar. Sən canını bu torpağa qoymuş insana bu torpaqdan istifadə etmək hüququ vermirsən, onda o, niyə bu torpağı qorumalıdır? Bu baxımdan, hesab edirəm ki, Müdafiə Nazirliyi, prezident bu məsələyə bilavasitə münasibət bildirməlidir, özbaşınalıq edən SOCAR-ın əməkdaşları və bu göstərişi verənlər haqqında çox ciddi qanuni tədbirlər görməlidir. Dövlət orqanlarının vətəndaşlara qarşı zorakılığı qeyri-qanuni hərəkətdir. Sən kimsən ki, məhkəmə qərarı olmadan kiminsə evini sökürsən, qanına boyayırsan? Lap o, sənə müqavimət göstərir, sən onun qapısında neynirsən?”

“Ölkə prezidenti, Birinci vitse-prezident və Müdafiə Nazirliyi bu qazinin hüquqlarını qorumalıdırlar”

Cəlaloğlunun fikrincə, SOCAR-ın əməkdaşlarının Qarabağ qazilərini döyməsi hakimiyyətdə özbaşınalığın hökm sürdüyün göstərir: “Hər kəs qazanmaq istəyir. O torpaqları SOCAR-ın torpağı elan ediblər, onu satırlar, pul qazanmaq istəyirlər. Burada dövlətə qarşı təxribatdan söhbət getmir, bu, vətəndaşa qarşı təxribatdır. Təbii ki, bu cür hadisələr partlayış verə bilər. Azərbaycanda çox ciddi gərginlik var. Bəzi adamlar xüsusi sosial qrupların maraqlarını müdafiə etmə adı altında bu cür faktlardan istifadə edib, aranı qarışdıra, vətəndaş qarşıdurması yarana bilər. Xalq üsyana qalxa, hakimiyyətin üzərinə gedə bilər. Ona görə, ola bilsin, bunları qəsdən edirlər ki, haradasa bir insident yaransın. Özü də 1-2 dəfə edəcəklər, üçüncü dəfə bunun qarşısını ala bilməyəcəklər. Mən şəxsən müxalifət lderi kimi bundan çox narahatam ki, Azərbaycan iqtidarının, məmurlarının özbaşnalıqları elə ciddi sosial təhükələr yaradır ki, o problemlər Azərbaycan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Ona görə, ölkə prezidenti, Birinci vitse-prezident və Müdafiə Nazirliyi bu qazinin hüquqlarını qorumalıdırlar. Bu zorakılığı edənlər cəzalandırılmalıdır. O qaziyə normal ev verilməlidir. Vətəndaşların mənzilinin olması qədər ikinci normal hadisə yoxdur. İnsanın evi olmalıdır. Qarışqanın, arının yuvası varsa, insan qarışqa, arı qədər yoxdur?! Bir daha təkrar edirəm ki, SOCAR-ın vitse-prezidentinin 300 evi var. Hətta SOCAR-ın şöbə müdirlərinin, əməkdaşlarının hər birinin 50-100, 200 evi var. Bu faktlar mənim qulağıma çatıb, deyiblər ki, bu evlər filankəsindir. Bunlar bu evləri kirayə verib, ayda 200-300 min pul qazanırlar. İnsanlar evsiz olanda kirayəyə ehtiyac var, ev tikildikcə kirayənişinlərin sayı azalır, axı. Ona görə də bəzi adamlar düşünülmüş şəkildə vətəndaşların şəxsi mənzil sahibi olmasına mane olurlar. Dövlət tikmir. Birinci yolla mane olurlar. İkincisi də vətəndaş tikəndə gedib dağıdıb, sökürlər və mənzil tikintisini süni sürətdə mürəkkəbləşdirirlər. Kirayə verən mafiya Mənzil Məcəlləsini özlərinə uyğun bir şəkildə tənzimləyir. İmkan vermirlər qanun elə bir azadlıq versin ki, kimin mənzilə ehtiyacı var, tiksin. Əgər hamının mənzili olsa, bunların 300 mənzilində kim kirayənişin qalacaq? Əsas səbəblərdən biri budur. Çünki Azərbaycanda çoxlu mənzil sahib olan adamların əksəriyyəti SOCAR-ın əməkdaşlarıdır. Hər birinin 300-400 mənzili var”. /Hurriyyet.org