SOCAR MÜFLİS OLA BİLƏRMİ? - EKSPERT RƏYİ

İstiqrazlarla bağlı SOCAR-ın bir neçə yalanının üstünü açmışam. Lakin ən böyük yalanı SOCAR deyil, onun istiqrazlarını birbaşa və dolayısı reklam edənlər yayır. Məsələn, deyirlər ki, guya SOCAR müflis ola bilməz, arxasında dövlət durur, istiqrazların dövlət zəmanəti var, az qala nağd pula bərabər bir şeydi və hər an satılıb pula çevrilə bilər və s. və i.a. Bütün bunlar həqiqətə uyğun deyil!
Azərbaycanda yalnız bir hüquqi şəxs müflis ola bilməz – Mərkəzi Bank (haqqındakı Qanunun 14-cü maddəsinə əsasən). Digər hüquqi şəxslər müflis ola bilər. O cümlədən SOCAR. Hətta istiqrazlarının Emissiya prospektinin 6-cı və 42-ci səhifələrində SOCAR-ın müflis ola bilməsi ehtimalı etiraf olunur. Borcları əmlakından çox olan hüquqi şəxs müflisdir. Bu halda o ləğv olunur və mövcud əmlakı hesabına borclarının yalnız bir qismi ödənilir, qalanları isə silinir, batır.
SOCAR-ın Nizamnaməsinin 1.7-ci bəndinə əsasən isə dövlət onun öhdəliklərinə görə cavabdeh deyil. Yəni SOCAR borclarını ödəyə bilməsə, dövlət arxasında durmayacaq, borclarını (o cümlədən istiqrazlar üzrə) ödəməyəcək. Bu halda müflisləşmiş SOCAR sadəcə ləğv olunacaq, borclarının da ən azı bir qismi ödənilməmiş qalacaq (onu da nəzərə alın ki, ilk növbədə SOCAR-ın dövlət qarşısındakı borcları, o cümlədən vergiləri ödəniləcək, nəsə qalsa digər borclar ödəniləcək). Neft-qaz sahəsinin idarə edilməsi üçün isə dövlət başqa şirkət yaradacaq, adını da misal üçün SOCMAZ qoyacaq. Dövlətin SOCAR-ın müflisliyinə heç vaxt imkan verməyəcəyinə inananlara isə manatın devalvasiyalarını xatırlatmaq istəyirəm. Dövlətin devalvasiyaya da getməyəcəyinə çoxları inanırdı. Pul olmasa, dövlətin başqa çarəsi qalmayacaq.
SOCAR-ın istiqrazlarının da dövlət zəmanəti yoxdur. Emissiya prospektində də onların təminatsız olduğu birbaşa təsbit olunub. Dövlət sadəcə istiqrazların qeydiyyatını həyata keçirib. İstənilən hüquqi şəxs istiqraz buraxa bilər və dövlət onun istiqrazlarının qeydiyyatını həyata keçirəcək. Yəni burada dövlətin istiqrazların ödənilməsi üzrə hər hansı məsuliyyəti yaranmır.
İstiqraz pul deyil. Faktiki olaraq kredit müqaviləsidir. İstiqrazı buraxan borc alan, onu alan isə kreditordur. İstənilən borc qaytarılmaya bilər, çünki istənilən hüquqi şəxs müflis ola bilər.
İstiqrazı adi kreditdən fərləndirən onun başqasına satıla bilinməsidir. Təbii, alan olsa. SOCAR istiqraza qoylan pulu yalnız 5 ildən sonra geri qaytaracaq. Bu müddət ərzində onu kim ala bilər? 5 ildən sonra SOCAR-ın istiqrazı ödəyə bilməsinə inanan. Təbii, alan gəlir də götürmək istəyəcək. Buna görə də böyük ehtimalla istiqraza qoyulan puldan (1000 dollar) daha az ödəyəcək. SOCAR-a etimad azaldıqca istiqrazların da dəyər-dəyməzə alınması ehtimalı artacaq. Ümumiyyətlə, bu məsələdə daha çox bankların özünü necə aparmasına diqqət yetirmək lazımdır. Banklar bu istiqrazları çox alsa, deməli, SOCAR-a pis-yaxşı hələ etimad var. Almasalar, deməli, vəziyyət bildiyimizdən də pisdir.
Şaiyələrdən biri də budur ki, guya SOCAR-ın istiqrazları əhalidən dolların yığılmasına hesablanır, SOCAR-ın bu pula heç ehtiyacı da yoxdur. Bu mifdir! Dövlətə lazım olsaydı, Maliyyə Nazirliyi öz istiqrazlarını buraxardı, necə ki, ilin əvvəlində etdi. Həmin istiqrazların dövlət təminatı var və buna görə də dərhal alındı, əsasən elə banklar tərəfindən.
İstiqrazlar sırf SOCAR-ın ehtiyacı üçün buraxılır. SOCAR-ın borcu çoxdur. Ucuz pul tapa bilmir. Dövlət də əvvəlki kimi kömək etmir (nəinki SOCAR-a, həmçinin digər dövlət şirkətlərinə). Odur ki, SOCAR adi borc alandır, pula ehtiyacı var, bizdən borc almaq istəyir, vəssalam. Ola bilsin ki, qaytaracaq. Ola da bilər ki, qaytarmasın. Ən azı özünü çox şübhəli aparır, yalan danışır və s.
P.S. Təsəvvür edin ki, iri torpaq sahəniz və üzərində iri təsərrüfatınız var. “Sökər” adlı şirkət yaradıb təsərrüfatın idarə edilməsini ona həvalə etmisiz. “Sökər”in nizamnaməsində də yazılıb ki, siz onun öhdəliklərinə görə cavabdeh deyilsiz. “Sökər”in də əmlakı yalnız xırda mebeldən ibarətdir. Torpaq, üzərindəki bitkilər, məhsul, mal-qara, avadanlıq və s. isə sırf sizə məxsusdur. “Sökər” təsərrüfatınızı idarə edir, məhsulunuzu satır, xərclərini çıxdıqdan sonra gəliri sizə verir. Faktiki özünüz özünüzə verirsiz, çünki şirkətin sahibi sizsiz. “Sökər” fəaliyyəti genişləndirmək üçün borc da alır. Hətta istiqraz da buraxıb pul cəlb edir. Təsərrüfatınızdan əlavə kənddə mağaza da işlədir, basketbol klubu da alır, gözəllik müsabiqələrinə sponsorluq edir və s. və i.a. Amma bir müddətdən sonra borclarını ödəyə bilmir. Nə edəcəksiz? Təbii, onu müflis elan edəcəksiz və deyəcəksiz ki, öhdəliklərinə görə məsul deyiləm. “Sökər”in olan qalan əmlakı hesabına bəzi borcları ödəniləcək (ilk növbədə vergi), qalanları isə batacaq. Təsərrüfatınızın taleyi necə olacaq? Yaxşı olacaq. “Sökməz” adlı yeni şirkət yaradıb təsərrüfatı ona tapşıracaqsız.
P.P.S. Mən şirkətlərimizin istiqraz buraxaraq əhalidən borc almağın əleyhinə deyiləm. Olsun! Amma dürüst məlumat verilsin! Şirkətlərimiz qanuni fəaliyyət göstərsin, səmimi, şəffaf və məsuliyyətli olsunlar! Boynumuza da minnət qoymasınlar!

Əkrəm HƏSƏNOV