“SOCAR böyük borc yükü altındadır” - RÖVŞƏN AĞAYEV

“SOCAR-ın xarici valyutada borcları 11 milyard dollardan çoxdur”

“S&P agentliyinin SOCAR açıqlaması (qarşıdakı 90 gündə reytinqin endirilməsi ehtimalı) ilə eyni vaxtda Tarif Şurasının benzinin qiymətinin yüksəldilməsi ilə bağlı qərarında şirkətin maliyyə vəziyyətinin ağırlığını işarələyən ifadələr səsləndirməsi bir məsələni aşkar göstərdi: uzun müddətdir müstəqil iqtisadi təhlilçilər haqlı olaraq deyir ki, dövlət sektorunun problemi Beynəlxalq Bankla bitməyəcək. Böyük xarici öhdəlikləri olan dövlət şirkətlərinin heç biri Beynəlxalq Bankın üzləşdiyi vəziyyətdən sığortalanmayıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev “feysbuk” səhifəsində yazıb.

“2017-ci il ərzində SOCAR 6.7 milyard dollar borc qaytarmalıdır”

“İndi aydın olur ki, SOCAR indiyə qədər təxmin etdiyimizdən daha böyük borc yükü altındadır və S&P-in gözləntisi odur ki, hökumət şirkətə indiyə qədər olduğundan daha böyük dəstək verməlidir. Əks halda SOCAR üçün “beynəlxalq bank sindromu” daha kəskin olacaq.
SOCAR-ın son maliyyə hesabatı xeyli dərəcədə mənzərəni açır. Hesabatdan aydın olur ki, 2017-ci il ərzində SOCAR 6.7 milyard dollar borc qaytarmalıdır. Şirkətin uzun müddətli (2017-ci ildən sonrakı borcları) isə 7 milyard dollar ətrafındadır. Bunun 1.8 milyardı dolları (3.3 milyard AZN) manatla daxilidə götürülmüş borclardır, 5.2 milyard  dollar isə xarici valyutada olan borclardır. Bir sözlə, 2017-ci ildə qaytarılmalı olan borcları da nəzərə alsaq, SOCAR-ın xarici valyuatda borcları 11 milyard dollardan çoxdur”, - deyə iqtisadçı qeyd edir.

“Hazırda dövlət sektoru sürətlə ölkəni böhrana sürükləyən, ölkənin valyuta ehtiyatlarını tükəndirən sektora çevrilib”

Ağayev onu da nəzərə çatdırır ki, dövlət sektoru bütün çılpaqlığı ilə öz səmərəsizliyini ortaya qoyur: “İslahat aparılmadan, dövlətlətsizləşdirmə, korporativ idarəetmə prinsipləri, yüksək hesabatlılıq və şəffaflıq olmadan iqtisadiyyat dövlət sektorunun izafi yükündən xilas ola bilməyəcək. Səmərəli dövlət sektoru iqtisadi inkişafı dəstəkləyir, səmərəsiz olduqda isə iqtisadi inkişaf üçün buxova çevrilir. Azərbaycanda hazırkı vəziyyətdə dövlət sektoru sürətlə ölkəni böhrana sürükləyən, ölkənin valyuta ehtiyatlarını tükəndirən sektora çevrilib”.