SOCAR Almaniyanın siyasi partiyasına 28 000 AVRO İANƏ ÖDƏYİB

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Almaniya Xristian-Demokratik İttifaqı Partiyasının (CDU)  Frankfurt özəyinə 28,000 avro ianə ödəyib.
 
Bu məlumat ötən gün  Almaniya mətbuatında yayılıb. Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı həmin partiya ilə Bundestaq administrasiyası arasında uzun müddət məhkəmə çəkişməsi getsə də, ictimaiyyətin bundan xəbəri olmayıb.
Yazıda qeyd edilir ki, pul iki tranşla göndərilib.  SOCAR 2012 – ci ilin fevral ayının sonunda CDU-nun Frankfurt  özəyinin hesabına əvvəlcə 3000 , daha sonra isə 25.000 avro köçürüb.
Məşhur “Sueddeutsche Zeitung” qəzeti yazır kı, bu məsələ Almaniya siyasətini qarışdıra bilər: “Təkcə ona görə yox ki, Bundestaq administrasiyası bu məsələ ilə bağlı bağlı dörd ildən artıq apardığı hüquqi araşdırmanı ictimaiyyətdən gizli saxlayıb, həm də ona görə ki, haqqında söhbət gedən bu ianə SDU-nun keçmiş təmsilçisi Eduard Linnerin və bu partiyadan deputat olan Karin Strenzin Xəzər dənizi sahilindəki bir ölkənin antidemokratik hakimiyyəti ilə müəmmalı isti əlaqələrinin səbəbini ortaya çıxarır.
Yazıda qeyd edilir ki, ianəni qəbul edənlər pulları Almaniyanın bank  hesabından çıxarmış olsalar da, siyasi partiyaların başqa ölkədən, hətta xarici şirkətlərin Almaniya nümayəndəliklərindən ianə almaq hüququ yoxdur.
“SDU-nun Frankfurtdakı təmsilçiləri bu qanunsuz köçürmə ilə bağlı məsələ qaldırmasalar da, partiyanın Berlindəki rəhbərliyi bu ianənin mənbəyini Bundestaq administrasiyasına sonradan etiraf edib. Bundan sonra məhkəmə araşdırması həyata keçirilib və həmin ianənin “qəbuledilməz xarici ianə” olduğu barədə qərar çıxarılıb. CDU təmsilçiləri bunun adi bir səhv kimi qiymətləndirilməsinə və məsələnin cərimə ilə yekunlaşmasına çalışıblar. Məlumata görə, qanunun tələbinə uyğun olaraq, SDU həmin ianəni tam olaraq federal büdcəyə köçürüb. Amma bir neçə gün əvvəl məlum olub ki, SDU qanunu pozsa da, buna görə heç bir cəza almayıb” – qəzet yazır.
 
İANƏNİN HANSI MƏQSƏDLƏ VERİLDİYİ YOXLANMAYIB
 
Qəzet qeyd edir ki, Bundestaq administrasiyası Azərbaycan Dövlət Neft Şirkəninin Almaniyanın bir partiya özəyinə bu qədər ianə verməsinin səbəbini araşdırmayıb.
SDU-nun Frankfurt təşkilatının meneceri bununla bağlı jurnalistin sualını cavablandırmaq istəməyib.
SOCAR-ın Almaniyadakı təmsilçisi olan Anders Elmar Məmmədov isə suallara cavab olaraq deyib ki, “bizim üçün siysət adamları ilə əlaqələrin qurulması qeo-siyasi maraqlar baxımından lazım olub”. O, bu ianəni 2019-cu ildə başa çatmalı olan qaz kəməri ilə əlaqələndirib. Məmmədov təkcə siyasi partiyalara deyil, Almaniyada keçirilən mədəniyyət və idman tədbirləri üçün də pul ayırdıqlarını deyib.
“Avropanın başqa partiyalarına da ianə ödəyirsizmi” sualına isə Məmmədov cavab vermək istəməyib.
Yazıda daha sonra SDU-nun deputatı Karin Strenzin Azərbaycanın avtoritar rejiminə siyasi məhbuslar və Azərbaycanda insan haqlarının durumuna dair hesabatların qarşısının alınması  məsələsində dəstəyinə yer ayrılır.

Qeyd edək ki, Azərbaycanın avropalı siyasətçilərə rüşvət verməsi haqda məlumatlar bundan əvvəl də yayılıb. «Azərbaycanın pulyuyan maşını» adlı araşdırmada SDU-nun bəzi təmsilçilərinin Azərbaycandakı rejimdən pul aldığı iddia olunurdu. «The Guardian» qəzeti “Sueddeutsche Zeitung”a istinadla Karin Strenzə 7 min-15 min dollar (6 min-13 min funt sterlinq) pul verildiyini yazmışdı. Bu pulun Almaniya parlamentinin keçmiş üzvü, Azərbaycan üçün lobbiçilik edən Eduard Lintner-in yaratdığı firma vasitəsiylə köçürüldüyü iddia olunurdu.
 
Karin Strenz xəstə olduğunu bildirərək, “Sueddeutsche Zeitung”-in suallarını cavablandırmaq istəməyib. Qəzet yazır ki, indi əsas sual Bundestaq administrasiyasının onun barəsində tədbir görüb-görməyəcəyidir.
Beləliklə, SOCAR-ın Almaniyadakı təmsilçisinin də bu xəbəri təsdiqlədiyinə görə, deyə bilərik ki, Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri növbəti dəfə Qərb mətbuatında ifşa olunub. Əlavə edək ki, Azərbaycanda da siyasi partiyaların xaricdən maliyyələşməsi qanunla qadağan olunur. Azərbaycan hakimiyyəti bir qayda olaraq müxalifət partiyalarını xaricdən maliyyələşməkdə ittiham etsə də, bununla bağlı ortaya hər hansı sübut qoya bilmir. Amma gələn məlumatlar onu göstərir ki, hakimiyyət özü dövlət vəsaiti hesabına xaricdə fəaliyyət göstərən siyasi partiyaları qanunsuz olaraq maliyyələşdirməklə, öz korparativ maraqlarını təmin etməyə çalışır.
Mustafa Hacıbəyli
Bastainfo.com