SOCAR 5 MİN NƏFƏRDƏN ÇOX İŞÇİNİ İXTİSARA SALIR - Mirvari Qəhrəmanlı: “2 minə yaxın quyu bağlanacaq”

Baxış sayı:
6775

Mayın 1-dən etibarən OPEC+ razılaşması çərçivəsində Azərbaycanın da 164 min gündəlik  neft hasilatını azaltması Dövlət Neft Şirkətində və  ölkədə fəaliyyət göstərən digər neft şirkətlərində çalışan işçilərin ixtisar olunmasını gündəmə gətirib.  Artıq neft şirkətlərində çalışan işçilərin bəziləri ixtisar oluncağını gözə alıb, narahatlıq yaşayırlar.  

Qeyd edək ki, bu ilin aprel ayında OPEC+ ölkələri gündəlik neft hasilatının mayın 1-dən 9,7 milyon barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verib. Azərbaycan da öhdəliklərə uyğun olaraq gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021-2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır.

“Dövlət Neft Şirkətinin əvvəlcədən o qədər işçi saxlamağa ixtiyarı yox idi”

Neft sektorunda çalışan işçilərin ixtisar olunub-olunmaması ilə bağlı fikirlərini bölüşən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Hürriyyət”ə deyib ki, OPEK+ təşkilatının qərarı dünya üzrə qəbul olunan qərar idi: “Çox  təəssüf edirəm ki, Beynəlxalq Əmək Təşkilatı buna münasibət bildirmədi. Ona görə ki, həm koronavirus vaxtıdı, həm də bununla yanaşı hasilatın azaldılması məsələsini qoymaq onsuz da işsizlikdən əziyyət çəkən insanları dizindən vurmaq, tamamilə pis vəziyyətə salmaq idi. Mən Azərbaycanı götürürəm. Beynəlxalq Əmək Təşkilatı etiraz etmədi, sonradan başlayacaqlar ki, işsizlik başlayıb. Təkcə SOCAR yox, BP də, tərəfdaşlar da hasilatın azaltmasına getməlidir. Ümumiyyətlə, Azərbaycan hasilatı azaltmalıdır. Səhv etmirəmsə, ötən il Azərbaycan üzrə hasilat 38 milyon ton olub. Dövlət Neft Şirkətinin özü köhnə yataqlarda əməliyyat şirkətləri var, onlarla birlikdə 7 milyon tondan çox neft çıxarıb. Mən niyə neçə milyon neft hasilatını qeyd edirəm? Dövlət Şirkəti özü tək 6 milyon ton neft çıxarır. Onun əvvəlcədən o qədər işçi saxlamağa ixtiyarı yox idi. 1999-cu ildə hələ rəhmətlik Natiq Əliyev şirkətin prezidenti olanda hasilat 8 milyon idi, əmr verdi ki, işçilərin sayı ixtisar olunmasın, amma işə qəbul dayandırılsın və tədricən azaldılma getsin. 2006-cı ildə ki, Rövnəq müəlim şirkətin rəhbəri gəldi, bütün komanda dəyişildi, işçi qəbulu başlandı, aidiyyatı olmayan çoxlu strukturlar, məhdud məsuliyyətli cəmiyyətlər yarandı. Eləsi var lazımlıdır, amma o qədər artıq MMC-lər var ki, gənə kimi Dövlət Neft Şikətinin gəlirində oturub, bunlar bir cibdən, o bir cibə atılır. Necə? Tutaq ki, Dövlət Neft Şirkətinin tərkibində neft-qaz tikinti tresti var, ona paralel olaraq neft-qaz tikinti MMC yaradılıb. Bu, bir misaldır. Çoxlu qurumlar yarandı. Məsələn, Ekologiya Departamenti var. Çox mərtəbəli, aşağı idarələrə kimi ekologiya ilə məşğul olan qurumlardır, çox yaxşı. Amma əlahiddə Ekologiya İdarəsi, əlahiddə EKO MMC yaradılıb. Bunu niyə sadalayıram? Neft Şirkətinin tərkibində “SOCAR- Media” adlı içtimai birlik yaradılıb. Bu, lap biabçılıqdır. Mən bilmirəm, siz oradan pul alırsınız, almırsınız. Bura 3 televiziya, çoxlu sayda saytlar, mətbuat orqanları daxildir. Axı, neftçinin pulunu sovururlar. Bu, insafdan deyil. Bu, o deməkdir ki, sən mətbuata mütləq dəstək verməlisən? Dəstək ver, müəyyən bir üsulla, nəyləsə ver, amma sən onu strukturuna daxil etmə. Qeyr-qanuni, dövlət qurumu hesabına ictimai birlik yaratmaq tamamailə düz olmayan haldır. Çoxlu sayda artıq ştatlar açdılar, 200-ə qədər müşavirlər var. İşdən çıxan hansı idarə müdiri var, onu götürüb müşavir kimi saxlayıblar”.

M. Qəhrəmanlı mərhum Qurban Abbasovun dönəmində baş verənləri xatırlatdı: “Hələ ümumittifaq vaxtı idi, Qazaxıstan da ora daxil idi, onun 3-4 müavini, onların da bir katibələri var idi. Bunlar həddindən artıq şişirtdi. Mən bunları niyə sadalayıram? Ona görə ki, indi bu quyuları bağlayırlar. Yəni zamanında Dövlət Neft Şirkəti o boyda xərcləri azaltmaqla, indi bu işçiləri saxlaya bilərdi. Dövlət Neft Şirkətinin inkişafına, yeni quyuların qazılmasına və sair işlərə artıq xərclər etdilər”.

“Çox təəssüf ki, Dövlət Neft Şirkətinin işçilərindən işsiz qalan çox olacaq”

Qəhrəmanlı qeyd etdi ki, onun bildiyinə görə, 2 minə yaxın quyu bağlanacaq: “Yazıblar ki, biz işçiləri ixtisar etməyəcəyik, ancaq sərbəstləşdirəcəyik. Elə bil camaatı axmaq yerinə qoyublar. İşçi ixtisarla ixtisara salınır, sərbəstləşmə ilə işdən çıxarılıb, sərbəst qalır, kadr bazasına daxil olacaq, iş olanda onlar qəbul olacaq. Orada 5 min nəfərdən çox işçinin işsiz qalması ehtimalı var. Çünki müvafiq şöbələr, idarələr var. Bunlar deyirlər ki, “mən kadr ehtiyatları bazasına yerləşdirəcəm”, mən inanmıram. Çünki Dövlət Nef Şirkətinin idarə və müəssisələrinin işçilərinin əksəriyyəti ilə müvəqqəti müqavilə bağlayıblar. Bir qismini müqavilə vaxtının bitməsi ilə çıxardacaqlar, bir qismini boş dayanma kimi, maaşının üçdə ikisini verib, bir müddət saxlayacaqlar. Bu da uzun çəkən deyil. Bu, Azərbaycanın Əmək Məcəlləsinin 169-cu maddəsində yazılıb, boş dayanmadır. Bu da bir həftə, uzaqbaşı 10 gün üçün olur. Boş dayanma nədir? İşçini sən mal, materilla təmin etmirsən.  Mənim proqnozlarım kaş, səhv olaydı, həmişə deyirəm, sonra düz çıxır. Çox təəssüf ki, Dövlət Neft Şirkətinin işçilərindən işsiz qalan çox olacaq”.

 “Həmkarlar İttifaqı çox vaxt şirkətlə bərabər bəzi işçilərin ziyanına olan əmrə qol çəkir, qərarlar verir”

“İşsiz qalan neftçilərin hüquqlarının müdafiəsi ilə bağlı hər hansı bir addım atırsınzmı” sualına M. Qəhrəmanlı belə cavab verdi: “Mən onların hüquqlarının müdafiəsi ilə bağlı bir aydır sosial şəbəkədə yazıram, xəbərdarlıq edirəm. Dövlət Neft Şirkətinə təkliflərimi verirəm. İşşizlərə xəbərdarlıq etmişəm, hüquqlarını tanıtmışam, qanunları göstərmişəm, hər gün maarifləndirmə aparmışam. Çox təəssüf ki, Azərbaycanda bunların hüquqlarını qoruyacaq Həmkarlar İttifaqı yoxdur. Dövlət Neft Şirkəti 50 mindən çox insanın hər ay əməkhaqının 1, bəlkə də arada 2%-ni Həmkarlar İttifaqının büdcəsinə köçürürlər ki, onların hüququnu müdafiə etsin. Koronavirus vaxtı Dövlət Neft Şirkətinin çoxlu səhvləri oldu,  işçilərə artıq qalan günlər ikiqat ödəniş olmadı, Həmkarlar İttifaqı səsini çıxarmayıb. Hazırda onlar etirazını bildirməlidirlər, əksinə çox vaxt şirkətlə bərabər bəzi işçilərin ziyanına olan əmrə qol çəkirlər, qərarlar verirlər. Yəni birinci olaraq Həmkarlar İttifaqı onları müdafiəyə qalxmalıdır. Çünki onlara işçilərin əməhaqqından aylıq pul ödənilir. Biz bu sahədə 25 ildir fəaliyyət göstəririk, neftçilərin hüquqlarını müdafiə edəcəm də. Bir aydı mən ofisdə qalmışam, evimizə getməmişəm. Bütün günü biz platformalarla əlaqədəyik. Hüquqşünasımız evindən, mən buradan sosial şəbəkələrdə paylaşımlar edirik. Qurtarsın, vəziyyətlə əlaqədar hesabat hazırlayacam”.

“Hər bir işçini taleyi sual altındadır”

“Hazırda ixtisar olunan işçilər varmı” sualına gəlincə, M. Qəhrəmanlı bidirdi ki, dünən axşamdan quyuların bağlanması başlanıb: “Bibiheybət, Siyəzən neft yataqlarında, Əmirov və Tağıyev adına mədəndə quyurların bağlanması prosesi gedir. Bunlara paralel də bunlarda xidmət edən nəqliyyat idarələrinin işçilərinin fəaliyyəti saxlanmağa başlayıb. O mədənlərin daxilində xüsusi nəqliyyat işləyir. İşçilər indi mənə yazdılar ki, deyiblər “hələ ki, evdə oturun, görək, neynirik”. Hələ işçilərə dəqiq məlumat verməyiblər. Baxmayaraq ki, hər gün mən məlumat vermişəm. Elə-belə ixtisar olmayacaq. Bu gün (red-dünəni nəzərdə tutur) saat 11-dir, insanlara real, onların vəziyyətinin nə olacağı ilə əlaqədar Dövlət Neft Şirkəti işçilərinə rəsmi məlumat verməyib. Bəlkə bundan sonra verəcəklər, bilmirəm. Yəni ki, hər bir işçini taleyi sual altındadır, işsiz qalma ehtimalı çoxdur. Etap-etap edəcəklər. Yenə deyirəm, kaş, mən səhv edəm.  Çünki  2002-ci ilin aprel ayına kimi neft hasilatı az olacaq. Ona görə, işçilərin hamısına xəbərdarlıq edirəm ki, sizi müvəqqəti müqavilənin vaxtının bitməsi ilə çıxartsalar, prezidentə teleqram vurarsınız. Demir ki, mən işçini çıxartamyacam, indi çıxartma”.

Şamo EMİN,
Hurriyyet.org