​ŞÖBƏ MÜDİRİ: "Dilçi alimlərimiz yalançı iş görüntüsü yaratmaq həvəsini bir kənara qoysunlar"

Baxış sayı:
7345

“Müasir dilçilik elmimizin görkəmli nümayəndəsi, akademik Nizami Cəfərovun “Kim Tərcümə Mərkəzinin “Sözlüyünü “plagiat” sayırsa, çox böyük səhv edir” məqaləsi ilə, bəlkə də, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün yaratdığı qızğın mübahisələrə yekun vurmaq olardı. Çünki alim “Sözlüy”ə əsassız hücum edənlərə həqiqi dilçilik dərsi keçmiş, buna qədərki orfoqrafiya lüğətlərinin qüsurları barədə ciddi elmi mülahizələrini bildirərək, bu akademik işlə kəmsavadların deyil, yüksək intellektli elm sahiblərinin, peşəkar dil və ədəbiyyat mütəxəssislərinin məşğul olmasını tövsiyə etmişdi. Amma görünür, akademikin tövsiyə və iradları hələ də qəflət yuxusunda olanları ayıltmayıb, bu məsələdə açıq-aşkar birtərəfli və qərəzli mövqe tutanların təhriki ilə uğursuz polemikalara girişənlər də tapılıb. İş o yerə çatıb ki, adi vergüldən belə, başı çıxmayan, “ümumişlək termin”lə “sahəvi termin”in fərqini anlamayan, daim kimlərəsə hücum üçün fürsət axtaran Etibar Əliyev kimi “hərşeyşünaslar” da dərin dil mübahisələrinə qatılıb”.
“Report” xəbər verir ki, bunu “İşin özünü yox, görüntüsünü yaratmaq dövrü çoxdan ötüb…” məqaləsində Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin müdiri Bəhlul Abbasov yazıb.
O bildirib ki, belə davranışlar Mərkəzin, ikiillik ağır zəhməti hesabına, lüğətçilik tarixi və dil mənbələrinin geniş araşdırmaları nəticəsində ərsəyə gətirdiyi “Sözlüy”ü gözdən sala bilmədiyi kimi, Dilçilik İnstitutunun bərbad orfoqrafiya lüğətinə də bəraət qazandıra bilmir: “Neçə illərdən bəri lüğətin qüsurlarının tezliklə aradan qaldırılacağını bəyan etsələr də, ortaya mükəmməl bir iş qoya bilməyən alimlərimiz çıxış yolunu ictimai fikri yayındırmaqda, baş qatmaq məqsədi ilə lüzumsuz polemikalar yaratmaqda görür, bununla komik vəziyyətlərə düşdüklərinin fərqinə varmırlar. Lakin vəziyyət komik olduğu qədər də tragikdir. Çünki söhbət, ana dilimizdən – dövlət dilimiz olan Azərbaycan dilindən gedir.
Nəsimi adına Dilçilik İnstitutunun N.Cəfərova ünvanladığı xeyli mübahisəli, qeyri-elmi, dolaşıq fikirlər və cümlələrlə dolu olan “kollektiv cavabı”, hər şey bir yana qalsın, hörmətli dilçilərimizin, problemin mahiyyətini hələ də anlamadıqlarını və akademikin onlar barədə işlətdiyi “kəmsavadlar” ifadəsinin doğruluğunu bir daha təsdiqlədi. Burada inciməyin nə yeri var?
Bəli, akademik Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşlarına, “Sözlüy”ü gözdən salmaq cəhdi ilə müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış etmək əvəzinə, oturub elm öyrənməyi, savadlarını artırmağı tövsiyə etmiş, məlum mətləbləri çox sadə və aydın şəkildə açıqlayaraq, Dilçilik İnstitutunda oturub başqalarına dil və orfoqrafiya dərsi keçən, özü isə Azərbaycan dilinin elementar qrammatikasını bilmədiyindən, ortaya qrammatik xətalarla dolu, bisavad məqalələr qoyan alimləri “elm dəryası” yox, sadəcə “kəmsavad” adlandırmışdı.