​Sənədlərinizi itirməyin, əlavə rüsum ödəməli olacaqsınız – YENİ QANUN LAYİHƏSİ

Azərbaycanda ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə bağlı dövlət rüsumlarının artırılması təklif olunur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “BBC Azərbaycanca”ya bildirib ki, dekabrın 1-də Milli Məclisin iclasında bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsinə baxılacaq.
Onun sözlərinə görə, müvafiq qanunlarda ümummilli "pasportun və ya şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanması" sözü çıxarılır və artıq bu məsələ "hər hansı inzibati və ya cinayət məsuliyyəti" daşımayacaq. Ancaq əvəzində rüsumlar artır.
Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması səbəbindən, yenidən verilməsinə görə, rüsumlar sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.
 
Yeni rüsumlar
 
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar isə belə təklif edilir:
Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə - 1 yaşadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlar 50 manat ödəniləcək.
5 iş günü müddətində verildikdə - 1 yaşadək uşaqlar üçün 30 manat, 1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat, 3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat rüsum nəzərdə tutulur.

1 iş günü müddətində verildikdə - 1 yaşadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara 170 manat ödəniləcək.
Rüsumlar əvvəlki ilə müqayisədə (yaş və verilmə müddətindən asılı olaraq) 10 manat artırılır.
Tahir Kərimli bu təklifi müsbət dəyərləndirir, vurğulayır ki, artıq rüsum ödənilsə də, vətəndaş şəxsiyyət vəsiqəsi və pasportunun korlanmasına və ya itirilməsinə görə hər hansı məsulyyət daşımayacaq.
"Vətəndaşlıq pasportlarının qəsdən korlanması, hətta cinayət məsuliyyəti yaranmasına səbəb olurdu. Artıq bu aradan qalxır".