SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur – RƏSMİ / YENİLƏNİB

Baxış sayı:
860

Bakı və bakıətrafı ərazilərdə karantin postlarının götürülməsindən sonra 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur.

Muxalifet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək: “Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur”.

***

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da  8103-ə göndərməlidir.

Muxalifet.az report-a istinadən xəbər verir ki, təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.

Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Belə ki, müvafiq kod üzrə SMS icazənin cavab gəlişinin müddəti 15 dəqiqəyə qədər artırılıb. Bundan əlavə gün ərzində vətəndaşın müvafiq kodlardan yalnız biri ilə iki saatlıq yaşayış yerini tərk etməsinə icazə verilib.