Boşandığı arvadının evini yandırdı, 2 yaşlı uşağı öldü - YENİLƏNİB

Baxış sayı:
6350

Şəmkirdə yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Ümumi sahəsi 30 kv. metr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. 

Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Bu barədə Mətanətin özü ifadəsində bildirib.  Hadisə zamanı qadının atası və qardaşı da evdə olub. Lakin onlar yanğından xəsarət almadan xilas ola biliblər. Hadisəni törədən şəxs isə oradan uzaqlaşıb. Hazırda onun axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

**
Şəmkirdə üzücü hadisə -  Uşaq öldü, anası və nənəsi isə...

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

Hadisə Sarıtəpə kəndində, evdə qeydə alınıb.

Yanğın zamanı, 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alıblar. Xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olması səbəbindən hər ikisinin Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(Report)