Şəmkirdə karantin rejimini pozan 3 nəfər həbs edildi

Baxış sayı:
3864

Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədi ilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunauyğun tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 109 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Daha 3 şəxs rayon məhkəməsinin qərarı ilə 10 gün müddətində inzibati həbs edilib.

Qeyd edək ki, tərtib edilən protokollardan 58-i ( 53.2 %) yerində ödətdirilib, 4 nəfər barəsində isə tərtib edilən prtokola baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərilib.