Şəmkirdə hakim ədalətsizliyinə qarşı aksiya... - SABAH YÜZLƏRLƏ VƏTƏNDAŞ ETİRAZ EDƏCƏK

Baxış sayı:
6613

Şəmkir rayon Əliyaqublu kənd sakinləri Həsənova Aləmzar Hüseyn qızı və Nəsənov Mirəli Həsən oğlu cavabdeh Əliyeva Afət Səməndər qızına qarşı məhkəmə iddiası qaldırıblar. Muxalifet.az xəbər verir ki, iddiaçı tərəf cavabdeh Afət Əliyevanın azyaşlı uşağı ilə birlikdə birgə yaşadıqları evdən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş ediblər.
Qeyd edək ki, Afət Əliyeva Aləmzar Həsənovanın gəlini, iddiaçı Mirəli Həsənov isə birincinin oğludur. Cavabdeh A.Əliyeva 2005-ci ilin avqust ayında iddiaçı A.Həsənovanın digər oğlu Həsənov Zəfər Həsən oğlu ilə ailə həyatı qurmuşdur. Onların birgə ailə həyatlarından 03.08.2009-cu ildə Hüseyn adlı övladları dünyaya gəlsə də, kəbin kəsdirməklə kifayətlənərək, nigahlarını rəsmiləşdirməyiblər.
2011-ci ildə Zəfər Həsənov müəmmalı şəkildə vəfat etdikdən sonra evin gəlini Afət Əliyeva körpə uşağını da götürərək, atası evinə köçməyə məcbur olmuşdur. 29 iyun 2012-ci ildə Şəmkir rayon Məhkəməsinin hakimi Nemət Paşayevin qərarı ilə A.Əliyevanın mərhum həyat yoldaşının evində yaşamaq hüququ təmin olunmuşdur.
İddiaçı Aləmzar Hüseynova və oğlu Mirəli Həsənov məhkəməyə müraciət edərək bildirib ki, hazırda Afət Əliyeva ilə eyni evdə yaşamaları mümkün deyil, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən tez-tez aralarında münaqişələr baş verir. Bu səbəbdən onlar 7 min manat kompensasiya ödənilməsi qarşılığında cavadehin Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən, mərhum həyat yoldaşına aid evdən istifadə hüququna son qoyulmasını məhkəmədən xahiş ediblər. İddia tələbində azyaşlı uşağın və A.Əliyevanın cehizinin də evdən çıxarılması istənilir.
29 mart 2019-cu ildə baş tutan məhkəmə prosesində cavabdeh Afət Əliyeva bildirmişdir ki, o və yetkinlik yaşına çatmayan övladı Həsənov Həsən Zəfər oğlunun mərhum həyat yoldaşı Həsənov Zəfər Həsən oğlunun qanuni varisləri olduğu artıq məhkəmə qərarı ilə təsdiq olunduğundan, ondan qalmış mirasın da sahibidirlər. Cavabdeh  mərhum həyat yoldaşına aid evdən istifadə hüququna xitam verilməsi qarşılığında ona verilən kompensasiyanın çox az olduğunu diqqətə çatdırıb və hakimdən iddianın rədd edilməsi haqda qərar çıxarmasını xahiş edib.
Şəmkir rayon Məhkəməsində hakim Mustafa Mustafayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddia tələbinə baxılıb və məhkəm belə hesab edib ki, “iddia əsaslı olduğundan təmin edilməlidir”. Odur ki, M.Mustafayev iddiaçılar Həsənova Aləmzar Hüseyn qızı və Həsənov Mirəli Həsən oğlunun cavabdeh Əliyeva Afət Səməndər qızına qarşı qaldırdığı iddia ərizəsini təmin edərək, 7 min manat məbləğində kompensasiya verilməsi qarşılığında cavabdehin Şəmkir rayonu, Əliyaqublu kəndi, İsrafil Məmmədov küçəsi 80 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xidtam verilməsi və azyaşlı oğlu ilə birlikdə həmin evdən çıxarılması haqda qərar qəbul etmişdir.

Mustafa Mustafayev

Cavabdeh Afət Əliyeva məhkəmə qərarı ilə razılaşmayaraq, hakim M.Mustafayevin ədalətsiz və qərəzli qərar çıxardığını hesab edir. Bu haqda onun qardaşı, Şəmkir rayonu Əliyaqublu kənd sakini Vüqar Əliyev Muxalifet.az-ın redaksiyasına müraciətində bildirib. O, deyib ki, hakim M.Mustafayev iddiaçı tərəflə yaxın qohum olduğundan ədalətsizliyə yol verib.
V.Əliyevin sözlərinə görə, mərhum Zəfər Həsənovdan onun qanuni varsiləri – həyat yoldaşı A.Əliyeva və oğlu H.Həsənova düşməli olan mirasın həcmi dəfələrlə çox olsa da, hakim cəmi 7 min manat kompensasiya təyin etməklə qərəzli mövqe nümayiş etdirib. “Çünki Afət Əliyeva və azyaşlı övladının 7 min manat kompensasiya ilə öz həyatlarını yenidən qurmaları faktiki olaraq mümkün deyil”, - deyə V.Əliyev əməkdaşımıza bildirib.
Şikayətçi onu da bildirdi ki, aprelin 29-da saat 10:00-da Şəmkir rayon Məhkəməsinin binası qarşısında aksiya keçirməyi planlaşdırırlar. Onun sözlərinə görə, aksiyada hakim ədalətsizliyi ilə üzləşən yüzlərlə vətəndaşın iştirak edəcəyi gözlənilir. V.Əliyev dedi ki, bu məsələ ilə bağlı ötən beşinci gün icra başçısının qəbulunda olub və məhkəm binasının qarşısında aksiya keçirəcəklərini onun diqqətinə çatdırıb.


Muxalifet.az
P.S. Mövzu ilə bağlı daha ətraflı məlumat verəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.