Smart-kart tipli sayğacları olanlara XƏBƏRDARLIQ – Qazsız qala bilərsiniz

Baxış sayı:
823

Smart-kart tipli sayğacları olan “Azəriqaz” abonentləri, kim ki bilir vəsaitləri azdır və bitə bilər, onlar kartlarına iki günlük balans yükləsinlər.

Muxalifet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hər kəs öz sayğaclarındakı balansı bilir və ona görə də, tədbirli olmalıdırlar:

“Biz bunu bir müraciət kimi ünvanlayırıq, hər hansısa ajiotaj yaratmaq üçün demirik. Hər halda hər bir kəs öz ailə büdcəsini bilir və öz sayğacına nəzarət edir. Ona görə də, şəhərin bir çox nöqtələrində ödəniş terminalları var, hər bir kəsdən çox xahiş edirik, bu günün sonuna qədər öz kartlarının balansını artırsınlar”.

C.Səfərov qeyd edib ki, qurum şənbə və bazar günləri iş başında olacaq, ancaq Nazirlər Kabinetinin də qərarında göstərildiyi kimi işçilərin sayı məhdudlaşdırılacaq:

“”Azəriqaz” İstehsalat Birliyi qaz təhcizatını həyata keçirən bir təşkilat olduğu üçün digər kommunal sektorlarla birlikdə bu günlərdə çalışacaq. Şənbə və bazar günləri iş başında olacağıq, ancaq çox məhdud sayda. Çünki qərarın özündə də qeyd olunur və quruma gələn rəsmi məktubda da öz əksini tapıb ki, sırf abonentlərin qazsız qalmamaları üçün zəruri olan işçilər, xüsusən də qəza xidmətinin əməkdaşları iş başında olmalıdırlar. Bununla yanaşı 104/185 saylı Çağrı Mərkəzi işləyəcək, abonentlərdən gələn hər hansı qəza hadisəsi ilə bağlı müraciətləri qəbul edəcəklər. Bundan başqa daim aktiv rejimdə olan 077-310-41-04 mobil nömrəsi var ki, “whatsapp” üzərindən səsli, görüntülü müraciətlər də qəbul olunacaq”.

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.