​Slavyan Universiteti ətrafında qalmaqal

Universitet binasının fasadındakı mozaikanın sökülməsi etiraza səbəb oldu

Bakı Slavyan Uuniversitetinə (BSU) yeni təyin edilmiş rektor Nurlana Əliyeva universitetin giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı göstəriş verib. Universitet rəsmisi Əbülfəz Nağıyevin AzNews.az-a verdiyi açıqlamaya görə, mozaika daşların tökülməsinə görə sökülür. O, sözügedən mozaikanın heç bir tarixi əsasının olmadığını və daşların keyfiyyətini itirdiyini deyib: “Əvvəla o mozaikanın heç bir tarixi əsası yoxdur. Mozaikanın daşları tökülürdü, buna görə də sakinlər də bizə şikayət edirdi, tələbələr də. Elə hallar olub ki, mozaikadan qopan daş tələbələrdən kiminsə başına düşüb və o, xəstəxanaya yerləşdirilib. Sakinlər tələb edirdilər ki, məsələyə bir əncam çəkin. Buna görə də tökülə-tökülə gedən bu daşların tamamilə sökülməsi barədə qərar qəbul edildi”.
“Mozaika restavrasiya oluna bilməzdimi?” sualına isə Əbülfəz Nağıyevin cavabı belə olub: “Restavrasiya etmək mümkün deyildi. Çünki aşağı hissəsi çox dağılmışdı. Amma mozaikanın bir hissəsi – yuxarı hissəsi saxlanılacaq. 46 il idi o mozaika orada quraşdırılmışdı. Sovet ideologiyasından qalma bir şey idi. Məlumatı bilməyənlər şişirdirlər ki, guya tarixi mozaika idi. Tarixi abidəni sökərlər? Ondan Nizami muzeyində də var idi, bağçalarda da, hamısını sökdülər. Sökürlərsə deməli, sökülməli idi. Qərar elə-belə verilməyib”.
Əbülfəz Nağıyev bildirib ki, sökülən mozaikanın yerində yeni layihə işlənəcək: “Indi həmin hissə üçün Azərbaycanın özünün şərq ornamentlərinə uyğun yeni bir arxitektur proyekt işlənir. Hətta proyektdə Şirvanşahlar sarayının şəbəkələrindən də istifadə olunacaq. Mozaika olmayacaq, lakin aqlay daşından yeni bir kompozisiya salınacaq”.
Bununla belə mozaikanın sökülməsi ciddi etiraza səbəb olub.ÿ Memar Elçin Əliyev aznews.az-a açıqlamasındaÿmozaikanın sökülməsinin yalnış olduğunu deyib: “Mən memar olaraq hesab edirəm ki, bu, bizim tariximizdir. Istər sovet ideologiyasından qalma olsun, istərsə də digər bir şey. Tarix tarixdir. Hazırda xalq olaraq elə bir yüksək mədəniyyət səviyyəsində cəmiyyət qururuq ki, bizim tariximizə əl vurmaq olmaz. Nə olsun ki, sovet vaxtından qalıb. O da Azərbaycan tarixinin bir dövrüdür. Özü də incəsənət baxımından gözəl dövrüdür. Sovet vaxtı rəssamlar qoyulan məhdudiyyət çərçivəsində gözəl əsərlər yaradıblar. Onları məhv etmək olmaz”.
Tanınmış vəkil Aslan Ismayılovun məsələyə münasibəti daha sərt olub. O, baş verənlər barədə “Facebook” səhifəsində bunları yazıb: “Doğurdan da, deyəsən ya bizə xəstələr rəhbərlik edir, ya da biz xəstəyik!
Yadımdadır uzun illər bundan qabaq adlarını çəkməyəcəyim bir sıra ziyalılarla Bakının tarixi mədəniyyətinə vurulan ağır fəsadlardan gileylənirdik. Mən ürək ağrısı ilə görə biləcəklərimdən, Içəri Şəhərin məhv edilməsindən, Qala Divarlarının sökülməsindən danışırdım. Bakını göz bəbəyi kimi tanıyan və sevən, əməkdar mühəndis rəhmətlik Emil Axundov isə mənim görə bilməyəcəyim, amma sözün həqiqi mənasında Bakının dəyərini itirəcək hallardan danışdı. O, bildirdi ki, bizim gördüklərimiz küçələrdə baş verənlər, adi insanların gördükləridir. Ardınca mənə müraciət edərək dedi: “Indi sən təsəvvür et, biz peşəkarlar nələr çəkirik”. O, bir neçə dəqiqə ərzində hələ keçən əsrin əvvəllərində Bakı Milyonçularının bəzi qədimi binalarda quraşdırdığı kaminlərin və digər zəngin memarlıq incilərinin vəhşicəhinə sökülüb atılmasından, onların yeni, heç bir dəyəri olmayan Iran kafel və metlaxlarla əvəzlənməsindən danışdı. Rəhmətlik Emil Axundovu ən çox üzən belə varvarlıqdan biri də köhnə “Moskva” Mehmanxanası kimi tanıdığımızın binada yerləşən, səhv etmirəmsə Toğrul Nərimanbəyovun işlədiyi mozaik divar idi. Qeyd etdi ki, həqiqətən bu işlə peşəkarlar məşğul olsa idi, heç olmasa o zibilə atılan mozaik daşlarından, onları satışa çıxarmaqla belə milyonlar qazanardı.
Bu gün şəxsən belə bir varvarlığın şahidi özüm oldum. Vaxtı ilə Kamal Abdulla kimi bir ziyalının rektoru olduğu Slavyan Universitetinin giriş qapısının üstündə mədəniyyət incisi olan 46 illik mozaikanın hansısa xəstənin, sovet ideologiyasının qalığı adı altında, sökdürməsinin şahidi oldum. Artıq yarıdan çoxu didilən mozaikanın zibilə atılmaq üçün maşına yığılmış qırıntılarını seyr edəndə doğurdan da Bakını yiyəsiz gördüm. Əgər Bakının sahibi olsaydı onun orqanizminin dəyərli bir parçasını bu gün varvarlar daraşıb didməzdilər. Bu vəhşiliyə haqq qazandıran, xəstə birisinin, saxta, yalan bəyanatı ilə də tanış oldum. Sən demə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Imadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid sovet ideologiyasının qalığı imişlər. Sən demə az qala əsərin hər tərəfini bəzəyən 5 yox 8 guşəli ulduz sovet ideologiyasını tərənnüm edirmiş. Kamal Abdulla kimi bir ziyalının görə bilmədiyini bu xəstələr indi görüblər. Mənim gördüyüm isə başqa bir şeydir. Bu acgözlər divarları aqlaylamaqla qazanacaqları manatlara görə tariximizi məhv edirlər. Yazıdakı sərt ifadələrin fərqindəyəm. Ancaq bu gün dünyaca məşhur Berlinin Humbolt Universitetində Leninin mozaikadan ibarət rəsmini saxlayan almanları ağılsız sayıb özünü ağıllı göstərənləri ancaq xəstə adlandırmaq olar.
Yalanları da ondadır ki, guya daşlar düşüb insanlara xəsarət yetirəcəkmiş və bu insanabənzərlər insanların sağlamlığını düşünüblər. Bu da ağ yalandır. Istənilən ekspertiza bunun yalan olduğunu göstərər, çünki hər bir daşın arxasında özü boyda divardan zorla didilmiş sementi görərlər. Bir də o kiçik daş parçaları kiminsə başına düşsə belə heç bir ağır xəsarət yetirə də bilməz. Ikincisi də, qopan daşları bərkitmək də problem deyildi. Ancaq bu bəhanə belə kökündən yalandır. Çünki sökülməmişdən öncəki şəkillərdən də bir dənə belə daş parçasının qopduğu görünmür.
Ölkə rəhbərliyinə müraciət edib xahiş edirəm, təcili bu varvarlığı dayandırın! Heç olmasa hər şeyi olduğu kimi saxlayın ki, gələcək nəsillər necə insanabənzər rəhbərlərin olduğunu görsünlər”.
Deputat Nizami Cəfərov isə mozaikanın sökülməsinə haqq qazandırıb.ÿ”Bakı Slavyan Universitetinin əsas korpusu həm bina, həm də xarici görünüş olaraq müasir tələblərə cavab vermir”, – deyə o, bildirib.
Onun sözlərinə görə, universitetdə böyük işlərin görülməsinə ehtiyac var:ÿ”Söküntü işləri universitet rəhbərliyinin göstərişi, məsləhəti ilə aparılır. Əgər xanım düşünürsə ki, daha yaxşısını yaratmaq mümkündür, o zaman əlbəttə ki, etiraz eləmək olmaz. Nəzərə alaq ki, universitetə yeni rəhbərlik gəlib, təkmilləşmə işləri gözlənilir. Bundan əlavə, o mozaika tarixi abidə deyil. Heç kəs tarixi abidəyə qarşı hörmətsizlik etməz. Düşünürəm ki, oranı qaydaya salmaq lazımdır. Hər halda bu, Slavyan Universitetidir. Indi yeni universitet binası tikmək çətin olar. Amma binasının strukturu elə olmalıdır ki, oranın Slavyan Universiteti olduğu hiss olunsun. Nurlana xanım təcrübəli adamdır, yaxşı işlər görəcək. Düzünü desəm, həmin mozaika yaxşı yadımda deyil. Amma onu deyə bilərəm ki, həmin mozaikanın texniki keyfiyyəti yerində idisə və tarixi əhəmiyyət daşıyırdısa, onu nəzərə alıb saxlamaq olardı. Yəni harasa qoymaq, saxlamaq olardı”.
Azərbaycan Tarix Muzeyinin direktor müavini Əli Məhərrəmov da Nizami Cəfərovla həmfikirdir. O düşünür ki, həmin mozaikanın dağıdılması yox, hansısa məktəbə verilməsi daha düzgün olardı: “Həmin mozaikanın tarixi əhəmiyyəti yoxdur. O yalnız bir dövr üçün yaradılmış kompozisiya olub. Hər halda onu sökməkdənsə Bakı məktəblərinə, bağçalarına vermək olardı. Ya da kiməsə verib hissə-hissə yenidən quraşdırmaq olardı. Hər hansı bir rəssamın, heykəltaraşın əl işidirsə, onu saxlamaq mümkün olardı”.
Arxitektor universitetin “mozaikanın restavrasiyası mümkün deyildi” açıqlamasına da münasibət bildirib: “Mən bu fikirlə razı deyiləm. Bizdə bu gün də Rəssamlıq Akademiyasında belə bir şöbə var. Bəlkə kimə müraciət etmək lazım olduğunu bilmirlər, amma bizə desəydilər istiqamət verərdik. Bir Bakı sakini olaraq mən buna ancaq təəssüflənirəm”.