Skripallar gizli olaraq Yeni Zelandiyaya köçüblər - "Sunday Times"

Baxış sayı:
1086

Britaniya hökümətində yüksək rütbəli mənbələrə istinad edən "Sunday Times" qəzetinin yazdığına görə, Britaniyada "Noviçok" sinir-iflicedici maddəsiylə zəhərləndirilmə cəhdinə məruz qalmış Rusiya hərbi kəşfiyyatının (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya Yeni Zelandiyaya köçüblər.

Nəşrin yazdığına görə, Yeni Zelandiyaya yollanmazdan əvvəl Skripallar bir il ərzində Britaniya kəşfiyyat xidmətinin (MI-6) himayəsi altında təhlükəsiz bir yerdə yaşayıblar.

Hökumətdəki bir mənbə "Sunday Times"-a bildirib ki, keçmiş ikili agent və onun qızı kimliklərini dəyişiblər və başqa bir ölkədə həyat qura bilmələri üçün onlara maliyyə yardımı göstərilib.

Nəşr müəyyən edib ki, Skripallar keçmiş qonşuları - Ross Cassidy və Mo ilə əlaqə saxlayırlar və keçən il onlara geri ünvanı olmayan Milad təbrik açıqçası göndəriblər.

"Onların bizi xatırladıqları çox xoşdur. Amma çətin ki, biz onları bir daha görək", - Cassidy deyib.

Keçmiş QRU zabiti Sergey Skripal Rusiyada casusluqda ittiham olunduqdan sonra 2010-ci ildə ABŞ-da həbs olunan rusiyalılara (onlardan bəziləri Rusiya xarici kəşfiyyat xidmətinin əməkdaşları olublar) dəyişdirildikdən sonra İngiltərədə məskunlaşıb.

Sergey və Julia Skripal 4 mart 2018-ci il tarixində, İngiltərədə Salisbury şəhərinin mərkəzində huşsuz vəziyyətə düşüblər.

Britaniya höküməti Rusiya xüsusi xidmət orqanlarını Skripalları "Noviçok" adlı sinir-iflicedici maddə ilə zəhərləmək cəhdində ittiham edib.

Skripalların zəhərlənməsi Britaniya ilə Rusiya arasında münasibətlərin ciddi şəkildə pozulmasına səbəb oldu: hadisədən sonra London 23 Rusiya diplomatını ölkədən xaric etdi, Moskva da eyni diplomatik tədbirə əl atdı.

Rusiya tərəfi Sergey Skripala qarşı sui-qəsd cəhdində iştirakını ardıcıl olaraq rədd edir.