​Şəkidə tənha yaşayan 29 yaşlı əlilin daxmasına qaz və işıq verilmir – BİBİSİ PREZİDENTDƏN XAHİŞ EDİR Kİ…

Baxış sayı:
10480

Şəki rayonu, Baş Göynük kənd sakini Əmirova Almas Hüseyn qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Cənab Prezident!
Qardaşım Oruc bir neçə il əvvəl xəstəlikdən vəfat etdikdən sonra, onun ailədə tək qalmış 3-cü qrup əlil oğlu Əmirov Sərvərin yaşayış şəraiti və dolanacağı ağırlaşmışdır. Belə ki, 29 yaşlı Sərvər atasını itirdikdən sonra kəndimizdə yaşadığı daxmasına hamı kimi işıq və qaz xətti çəkilməsi üçün biz qohumların köməkliyi sayəsində dəfələrlə yerli orqanlara etdiyim xahiş və ərizələrin heç bir xeyri olmamışdır. Qardaşım oğlu Sərvər fiziki cəhətdən güclü olsa da, son 3 ildir ki, qışı da, payızı da elektriki və qazı olmayan 1 otaqlı daxmada mağara şəraitində yaşamağa, daha doğrusu, mövcud olmağa məhkumdur.
Kəndimizin əhalisi də bu əlil oğlanın halına yansalar da, onun zülmət içində yaşadığı daxmaya bir vətəndaş olaraq aidiyyatı təşkilatlar digər vətəndaşlar kimi bu tifilində evinə qaz və elektrik sayğacı qoydurub, adam kimi yaşamasına imkan vermirlər. Sadəcə pulu olmadığına görə. Sərvər də tək tənha Robinzon Kruzo kimi yaşamağında davam edir. Çox avam və sadə olduğuna görə, kənd sakinləridən bəziləri onu aldadaraq gündəlik 2-3 manat pul verib öz təsərrüfatlarında  qul kimi işlədirlər. Çarəsiz tifil də özünə çörək almaq üçün bütün əzablara qatlanır.
Təqaüddən başqa ona heç bir ünvanlı yardım edilmir. Axı, bu da insandır. Aldığı qəpik-quruş təqaüdünü dərmanlara veririk ki, xəstəliyi artmasın. Onun gündəlik quru çörəkdən başqa yeməyə heç nəyi olmur. Kim inanmırsa kəndimizə gəlib Sərvərin dəhşətli yaşam tərzinin şahidi ola bilər. Müqayisə üçün deyim ki, hazırda erməni əsirliyində olan soydaşlarımız Sərvərdən yaxşı yaşayırlar.
Cənab Prezident!
Məcbur olub Sizə müraciət etdim. Xahiş edirəm ki, tənha və xəstə qardaş oğlum olan Sərvərə də bir vətəndaş olaraq işıq və qaz sayğaclarının qoyulması üçün  aidiyyatı üzrə tapşırıqlar verəsiniz ki, məsələ tezliklə həllini tapsın”.
Muxalifet.az