Şəkidə ana üç uşağını götürüb Suriyaya gedib - şok təfərrüat

Rayonun Daşüz kənd sakini İbrahim Məmmədovun arvadı, qaynanası, baldızı və bacanağı azyaşlı uşaqlarını götürüb İŞİD-ə qoşulublar; “Qızlarımın biri 15, biri 12, oğlum isə 13 yaşındadır, qardaşları fermanı satıb Suriyaya getdilər”

Azərbaycandan İŞİD-ə qoşulan ailələrin sayı durmadan artır. Şəkidə daha bir ailə Suriyadakı döyüşlərdə iştirak üçün gedib. Hadisənin şok effekt doğuran məqamları evli qadının üç övladını götürərək Azərbaycanı tərk etməsidir. Belə ki, Şəkinin Daşüz kənd sakini İbrahim Məmmədov Rusiyadan evinə qayıdanda ailəsinin Suriyaya getdiyini öyrənib. Kənd sakini “Üç nöqtə” qəzetinə müsahibəsində deyib ki, həyat yoldaşı İŞİD-ə qoşulub:

“Qayınlarım neçə ildir orada döyüşür”

“Qayınanam, bacanağım, baldızım və həyat yoldaşım üç uşağımı da götürüb Suriyaya qaçıblar. Həyat yoldaşımın qardaşı Suriyada döyüşür, onlar da onun yanına gediblər. Bilmirəm, uşaqlarımı necə yoldan çıxarıblar. Onları aldadıblarmı, qorxuzublarmı, bu barədə məlumatlı deyiləm. Amma bildiyim odur ki, onlar dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhədini keçərək Gürcüstana, oradan isə Türkiyə vasitəsilə Suriyaya keçiblər”.

İ.Məmmədovun sözlərinə görə, onun qayınları artıq bir neçə ildir Suriyada döyüşlərdə iştirak edir: “Qayınanam Şahbanova Qərinə Sədi qızı, bacanağım Alxasov Daşqın Abid oğlu və baldızım Alxasova Bahar Beydullah qızı mənim övladlarımı da özləri ilə aparıblar. Amma onlar bunu necə edib, hələ də bilmirəm. Çünki mən 18 aprel 2013-cü ildə Rusiyaya işləməyə getmişəm. Orada işləyərək ailəmin dolanması üçün pul göndərirdim. Ölkəmizə isə bu il dekabrın 27-də qayıtmışam.

Anam mənə məlumat verdi ki, həyat yoldaşım Məmmədova Elnurə Beydullah qızı anasının və bacısının təkidi ilə uşaqlarımı da götürüb onlarla Suriyaya gedib. Böyük qızım - Məmmədova Günay İbrahim qızının 15, kiçik qızım - Məmmədova Ülkər İbrahim qızının 12, oğlum - Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var".

“Kəndimizdən 20 nəfərdən çox Suriyaya gedib”

Şəki sakini bildirib ki, əvvəlcədən böyük qaynı Sahib Şabanovun Suriyada döyüşlərdə iştirak etdiyini eşidib: “Sonradan isə o, qardaşları Tahir Şabanovla Rövşən Şabanovu da özü ilə apardı. Bu barədə biləndən sonra dəfələrlə yoldaşıma tapşırmışdım ki, birdən, onu da məcbur edərlər, heç yerə getməsin.

O isə məni arxayın etmişdi ki, heç yerə getməyəcək. Həm də mən arxayın idim ki, atanın icazəsi olmadan heç kəs yetkinlik yaşına çatmayan uşaqları ölkədən çıxara bilməz. Mən isə həyat yoldaşıma uşaqları ölkə ərazisindən çıxarmaqla bağlı heç bir etibarnamə verməmişəm. Mən Rusiyaya gedərkən heç onların pasportu da olmayıb. Bu hadisəni eşidib Azərbaycana gələndən sonra öyrəndim ki, onlar Bakı şəhəri ərazisində notarius Hüseynov Səadət Eldar oğlunun əli ilə sənədləri hazırlayıblar".

İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür:

“Mənim qayınlarım Türkiyə vətəndaşlarının vasitəsi ilə ora gedib. Baldızım - Həsənova Esmira Beydullah qızı Türkiyə vətəndaşı ilə evli idi. Onlar Adanada yaşayırdılar. Bir neçə il öncə Türkiyə vətəndaşları qaynım Sahib Şabanova da maddi köməklik göstərirdilər. O, əvvəlcə bir qədər mal-qara aldı.

Sonra onları satıb bir ferma düzəltdi. Sonra fermanı da satıb Suriyaya getdi. Düşünürəm ki, qayınanamgil də Türkiyədə yaşayan baldızımın vasitəsilə Suriyaya gediblər. Dekabrın 28-dən etibarən isə bu məsələ ilə bağlı ölkənin bütün güc strukturlarına, ölkəmizin Türkiyədəki səfirliyinə məlumat vermişəm. Amma hələ ki heç bir reaksiya verən yoxdur".

Notarius imzası saxtadı, “Bandotdel” araşdırır

Hadisə ilə bağlı axar.az araşdırma aparıb və 48 saylı notariat kontorundan notarius Səadət Hüseynov sayta deyib ki, uşaqların sərhədi keçməyi üçün verilən etibarnamələrə vurulan imzalar saxtadır: “Məsələdən bizim də xəbərimiz var. Ədliyyə və Daxili İşlər Nazirliyi də məsələni araşdırıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi də araşdırma aparır.

Araşdırma nəticəsində təsdiqlənib ki, həmin uşaqların ölkədən çıxa bilmələri üçün onlara verilən etibarnaməyə atılan imzalar notarius Hüseynov Səadətə məxsus deyil. Ümumiyyətlə, sənədə atılan imzalar bizim notariat kontoruna aid deyil. Saxta sənədlərdir".

Daha əvvəl isə 40-a yaxın azərbaycanlı vəhhabi ailə Suriyaya gedib. Azadxeber.az-a Füzulidən məcburi köçkün düşən Fərhadovlar ailəsi məlumat verib. Hazırda sözügedən ailənin 3 oğlu xanımları ilə birgə Suriya ərazisindədirlər. Kişilər saqqalını qırxaraq, qadınlar isə hicablarını açıb kosmetikadan istifadə edərək Azərbaycandan çıxmağa nail olublar. Ailələrin böyük əksəriyyəti evlərini və əşyalarını sataraq Azərbaycanı birdəfəlik tərk ediblər. Fərhadovlardan gedən ailə üzvlərinin adları bunlardır - Fərhadov Məhəmməd, Fərhadov Seymur, Fərhadova Rahidə, Fərhadova Şəfiqə, Fərhadova Cəmalə və Fərhadov Vüqar. İsmayıllı rayonundan isə Suriyaya gedən vəhhabi ailələri geri dönüb. Əsəd rejiminə qarşı döyüşməyə gedən vəhhabilərin arvadları geri qayıdıb. 

Rayonda bərbər işləmiş Rahidin həyat yoldaşı əri döyüşlərdə öldürüldükdən sonra Azərbaycana çətinliklə də olsa, geri dönməyə müvəffəq olub. Bu ilin avqustunda Suriyaya gedən bərbərin sentyabrın 27-də ölüm xəbəri yayılmışdı. Artıq onun arvadı və övladı İsmayıllıdadır. Məlumata görə, güləşçi Rəşad Baxşəliyevin də xanımı geri dönüb. Qeyd edək ki, onlarla belə ailə Suriyaya gedib.(musavat.com)