Şəki İnzibati-İqtisadi və Apellyasiya Məhkəməsinin öz konstitusiyası var?

Baxış sayı:
479

Ağsu İcra Hakimiyyətinin sifarişi ilə Qarabağ əlilinin məhkəmə təminatı hüququna qadağa qoyulub 

Şəki İnzibati-İqtisadi və Apellyasiya Məhkəməsinin öz konstitusiyası var? - Ağsu İcra Hakimiyyətinin sifarişi ilə Qarabağ əlilinin məhkəmə təminatı hüququna qadağa qoyulub 
Bu torpaq ki, var ha, Dədə Məmməd  (şair Məmməd İlqar-red.) demiş, hər yerdə birdir, qəbir-qəbirdir. Maddi anlamda torpaq daşınmaz əmlak, həm də OCAQ -VƏTƏNdir! Uğrunda ölənin də, qalanın da! Amma uğrunda ölən olan torpağın alver predmetinə çevrilməsi mənəvi alçalmanın göstəricisidir. Bir sözlə, torpaq onun altında-üstündə yaşayanların Vətəni-Yurdu, var -dövləti,  Tanrı payıdır. Böyük Vətən torpağı bölünməz olsa da, kiçik yurd torpaqları payla bölünür . Pay bölgüsü ədalət prinsipinə söykənir. Ta qədimdən torpaq uğrunda savaşanlara bölgüdə özəl güzəştlər edilib və bu ənənə indi də qanunla davam edir. 
“Torpaq islahatı haqqında” 16.07.1996 tarixli Azərbaycan Respublikası Qanununun 14 və 19-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olan şəxslərə dövlətdən əlavə bir pay və bələdiyyədən bir dəfə pulsuz torpaq sahəsi ayrılmalıdır. Eyni zamanda “”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”29.06.2001 tarixli  və “Hərbi qulluqçuların statusu haqqında”25.12.2001 tarixli Azərbaycan Respublikası Qanunlarının tələbinə görə, müharibə əlillərinə torpaq sahəsi növbədənkənar verilməlidir. Qarabağ əlilinin, ehtiyata buraxılan hərbi qulluqçunun seçdiyi yerdə torpaq sahəsi ilə təmin olunmaması, onun rayon icra hakimiyyəti başçısına qarşı məhkəmə iddiası qaldırmaq hüququ da sözügedən qanunda təsbit olunub . İndi, fikir verin, 24-cü ildir torpaq bölünüb, ödənişli-ödənişsiz satılıb, amma torpaq uğrunda savaşda əlil olanlara nəinki toplam 3 pay, heç ümumiyyətlə, torpaq ayrılmayıb. Əksinə, Ağsu rayonu, Pirhəsənli kəndinin yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsundə olan torpaq sahəsini də Ağsu RİH başçısı, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək satıblar.
Paradoksa baxın, Konstitusiyanın da , Qanunun da Qarabağ əlilinin yanında olmasına baxmayaraq, əlili icra hakimiyyəti və bələdiyyə orqanlarının KORRUPSİYASINDAN qorumağa gücü çatmır. İcra başçısı açıqca bildirib : “Dövlət ,yəni Heydər Əliyev fondu əlilin torpağında uşaq bağçası tikir! “ Belə “ağılda olan” icra başçısına dövlətin himayəsində olan Qarabağ əlili başa sala bilmir ki, Heydər Əliyev fondu dövlət qurumu deyil və lap olsa da, fond tikinti şirkəti deyil və lap yenə olsa da, dövlət qurumunun bələdiyyə torpağı üzərində sərəncam vermək hüququ yoxdur! Heç bağlantılı dövlət qurumları, hüquq -mühafizə orqanları da  Ağsu RİH-in  fondun adından dələduzluq etməsinə hüquqi qiymət verilməsini təmin etmir. Məhkəməyə müraciət etməyi xahiş və tövsiyə edən sözügedən qurumların , görəsən, bəs özlərinin işinin adı nədir? Axı, torpağın hərracdan kənar satılması, zəbt edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq olaraq məsuliyyət yaradır!  Prokurorluq orqanları özləri də məhkəməyə müraciət etməyə borcludurlar! Məhkəməyə gəldikdə isə, aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıran  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin inzibati və məhkəmə təminatı hüququna da məhkəmə qadağa qoyub! (?).
Təsəvvür edin, Şəki İnzibati-İqtisadi Məhkəməsinə verilən 3 ayrı-ayrı iddianın 3-ü də 3 aydır tərəfləri çağırmadan, iclas keçirilmədən cavabdehlərin qeyri-prosessual təzyiqi ilə mümkün sayılmayıb . Özü də İnzibati Prosessual Məcəllənin  (İPM ) 46.1 maddəsinə əsasən. Guya  iddia ərizəsində məhkəmənin adı, cavabdehlərin ünvanı göstərilməyib. Qeyri-prosessual münasibətə fikir verin, məhkəmənin adı göstərilməyibsə, ərizə Şəki İnzibati-İqtisadi Məhkəməsinə necə daxil olub? Məhkəmə sədri Vidadi Qasımov necə olur ki, işi gənc və qeyri-prosessual münasibətdə perspektivli hakim İlqar  Cabbarova 5 dəfə  (?) baxmağa ,daha doğrusu, başdan etməyə verib ? Şikayətdən sonra “rotator”un hakimi seçdiyini bildirən sədr sonuncu ərizəyə baxıb başdan etməyi hakim Rüfət Məcidova tapşırıb və sonuncu da tapşırığa canla-başla əməl edərək iddianın iclas keçirmədən mümkün sayılmaması haqqında qərardad qəbul edəcəyini açıqlayıb.  Bu arada İlqar Cabbarovun 29.08.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qeyri-prosessual qərardadından şikayət baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası  (sədrlik edən Gündüz Abbasov ) 23.10.2019 tarixli qərardadla, Qarabağ əlilinin qospitalda müalicədə olmasına baxmayaraq, aşağı instansiyanın qərardadını qüvvədə saxlayıb. Bu 2 instansiyada özbaşınalıq o həddədir ki, eyni binada yerləşən apellyasiya instansiyasından qonşu otağa iş 3 aydan sonra “çatır ,  5 aydır kassasiya şikayəti vermək üçün vəkil ayrılması və ayrılan vəkilin qərarı icra edib şikayəti yazması təmin olunmur! ? Şəki İnzibati-İqtisadi Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi açıq-aşkar Prezidentin sərəncamına hörmətsizlik edir , qanuna, Konstitusiyaya ,Məcəlləyə yox, qeyri-prosessual münasibətə boyun əyir. Deyəsən, Şəki məhkəməsinin özünün ayrıca konstitusiyası var axı! 

Məğrur Bədəlsoy 

P.S.Qarşı tərəfin qeyri-prosessual mövqeyi ilə bağlı baş prokurorluq Cinayət Məcəlləsinin 295-ci  maddəsi  (“Bilə -bilə ədalətsiz hökm , qətnamə, qərardad və qərar çıxarma”) ilə cinayət işi başlamalıdır .