Siyəzəndə komendant saatı tətbiq edildi

Əhaliyə xəbərdarlıq edilib ki, saat 8-dən sonra heç kim küçəyə çıxmasın...
 
İcra başçısı Asif Hüseynovun isə rayondan qaçdığı haqda xəbərlər yayıldı
 
Rayon sakini: “Küçəyə çıxanların əksəriyyəti YAP-ın üzvü, tərəfdarlarıdır.
Biz müxalifətçi deyilik. Öz qəbahətlərini ört-basdır etmək üçün bizə bu adı qoymasınlar”
Manatın ikinci dəfə devalsiyaya məruz qalmasından sonra əhalinin işsiz və maliyyə sarıdan korluq çəkən hissəsi panikaya düşüb. Təbii ki, bu proses təkcə onları yox, dayanıqlı gəlir mənbəyi olmayan hər bir Azərbaycan vətndaşını narahat edir. Çünki hər devalvasiyadan sonra, işbazlar məşhur “atam kündəni sayır, anam isə kündədən kəsir” misalını xatırladan əməllərə yol verərək, qiymətləri sürətlə artırmaqdadırlar.
Əslində, alınan və satlan hər şey monopoliyada olmasaydı, sadə, kasıb camaatı dolların artması qətiyyən narahat etməzdi. Lakin təəssüf ki, bu, heç də belə deyil. Odur ki, devalvasiya özüylə birlikdə intiharlar, ogurluqlar və digər kriminal elentlər gətirməkdədir.
Monopolistlərdən söhbət düşmüşkən, deputat Fəzail Ağamalının iki həmkarını ittiham etməsi heç də təsadüf deyil. Belə ki, F.Ağamalı ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat Tahir Süleymanovla Əsabil Qasımovu ittiham etməkdə haqlıydı. Çünki Azərbaycanda bir çox monopolistlər öz bizneslərini qorumaq üçün məhz deputat mandatından istifadə edirlər. Hansı ki, onlardan biri də, qeyd olunduğu kimi, Şabran-Siyəzən Seçki Dairəsindən özünü zorla parlamentə pərçimləyən Tahir Süleymanovdur.
Siyəzəndə baş verən hadisələrin günahkarı
Apardığımız araşdırma da sübut edir ki, Siyəzəndə baş verən hadisələrin günahkarı həqiqətən də ölkənin əsas un istehsalı müəssisəsinə sahib olan iş adamı, deputat Tahir Süleymanov olub. Yəni monopolist deputat unun qiymətini birdən-birə elə həddə qaldırıb ki, bu, işsiz, çörəyə mohtac insanların qəzəbinə tuş gəlib. Təsadüfi deyil ki, bu rayonda insanların əsas narazılığı unun kəskin bahalaşması ilə bağlıdır.
Siyəzəznlilər deyir ki....
 
YAP-ın Siyəzən rayon təşkilatının adının çəkilməsini istəməyən üzvü deyir ki, hətta Siyəzəndə baş verən aksiyada onun qohumlarından iştirak edənlər də olub. Hazırda onların bir neçəsi  saxlanılıb: “Deputat, un satışını monopoliyaya alan Tahir Süleymanov siyəzənliləri aldatdı. Ağsaqqallar yığışıb onun yanına xahişə gediblər ki, unu bu qədər bahalaşdırmasın. Harda görünüb ki, 50 kq-lıq un kisəsi 35-40 manata satılsın?! Köməkçikəri deyib ki, yanvarn 11-də Tahir Süleymanov sizi qəbul edəcək. Həmin vaxt isə saatlarla gözləyən insanlara deyiblər ki, Tahir müəllim Azərbaycanda deyil, unun bahalaşdırılması isə dövlətlə razılaşdırılıb”.
Məlumata görə, bundan sonra evinə, ailəsinə çörək ala bilməyən sakinlər Siyəzən rayon İcra Hakimiyyəti başçısının qəbuluna yollanıblar.
 
Vədinə xilaf çıxan başçı
 
Siyəzən şəhər İcra Hakimiyyətinin başçısı Asif Hüseynov isə narazı şikayətçilərə Tahir Süleymanovla danışacağını, qiymətlərin bahalaşmasına mane olacağını vəd etsə də, elə həmin günü Çevik Polis Alayının xüsusi təyinatlılarını və Daxili Qoşunların əsgərlərini guya şəhərdə sabitliyi qorumağa dəvət edib. Bu isə siyəzənliləri qıcıqlandırıb. Beləliklə, yanvarın 11-dən başlayaraq, rayon sakinləri etiraz üçün mərkəzi küçə saylan Heydər Əliyev prospektinə çıxıblar.
Etirazçılar deyib ki, qiymətləri süni şəkildə Tahir Süleymanov və onun monopoliyasında olan müəssisələr qaldırıb.
Yaşı 70-i keçən Vəliağa adli təqaüdçü deyir: “Biz dövlətimizdən yox, monopolist deputatdan narazıyıq. Zəhmət çəksin, illərdir bu dövlətin hesabına yığdığıı pulu xərcləsin. Süni bahalaşmaya gedib, əhalinin vəziyyətini ağırlaşdırmasın. Məgər unu ucuz satsaydı, kasıblayacaqdı? Niyə axı insanları bu həddə gətirib?! Küçələrə çıxanların hərəsi bir ailənin başçısıdır...”.
 
“Bizi çörəklə imtahana çəkməyin...”
 
Siyəzən sakini deyir ki, ümumiyyətlə Tahir Süleymanovun qanunsuz əməlləri həddini aşıb: “Məsciddə əzana qadağa qoydu ki, nəvələrimi səhər ekəndən əzan səsi narahat edir, yatmağa qoymur, dinmədik. Məscidin başında acından quruldayan göyərçinləri güllələdi, dinmədik. Şəhidin evini uçurub yerində özünə məsciddən hündür ev tikdirdi, dinmədik... Axırda da milləti çörəklə sınağa çəkdi. Əslində, onun deputat olmasını istəyən bir şəxs yoxdur. Qutudan çıxdı, etiraz etdik. Nəhayət, yenə onu prezidentimizə qurban etdik. 20 il bir adam heç bir iş görməsin və utanmadan yenə deputat olsun. Ac, işsiz insanları çörəklə sınağa çəkmək üçün?  Belə də dərd olar?! Küçəyə çıxanların əksəriyyəti YAP-ın üzvü, tərəfdarlarıdır. Biz müxalifətçi deyilik. Öz qəbahətlərini ört-basdır etmək üçün bizə bu adı qoymasınlar. Biz dövlətimizi də, prezidentimizi də sevir, hörmət edirik. Tahir Süleymanov kimilərə çağırış edirik  ki, xalqı çörəklə imtahana çəkmə, xalqı dövlətdən narazı salma.  Insanların bədbəxtliyindən, çarəsizliyindən istifadə etmə. Işbazlar həddini aşıb, etməyin-eləməyin. Prezidentin çağırışına əməl edin, səsinə səs verin. Xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutun.
Unun, taxılın üzərində dövlətin müvafiq qurumlarının ciddi nəzarəti olmalıdır. Bu möhtəkirlər, işbazlar yaranmış durumdan istifadə edib varlanmaq istəyirlərsə, əslində, dövlətə və prezidentə xəyanət edirlər”.
 
Qaz bombasının qurbanı olan məktəblilər
 
Qeyd edək ki, Siyəzəndə etirazçıları dağıtmaq üçün istifadə edilən qaz bombaları təsadüfən məktəbə düşüb. Bir neçə məktəbli zəhərlənib. Xəbəri ort-basdır etmək istəsələr də, etirazçıların çəkdikləri kadrlar mətbuata ötürülüb.
Artıq məktəblilərin həyatına təhlükə sovuşub. Dünən gün ərzində rayon mərkəzinə gələn yollarda aksiyaçılar maşın təkərləri yandırıblar. Ara-sıra təhlükəsizlik qüvvələri həmin küçələrə baş çəkərək yandırılan təkərləri söndürür, aksiyaçıların ərazidən uzaqlaşmasına nail olurlar. Bu zaman təhlükəsizlik qüvvələrinə daş-kəsək atıldığı bildirilir.
Belə bir toqquşma Siyəzənin mərkəzində - Heydər Əliyev prospektində yerləşən “Xalq-bank”ın yerli şöbəsinin yaxınlığında baş verib, atılan daşların bir neçəsi binanın şüşələrinə dəyib. Ümumilikdə Siyəzəndə gərginlik qalsa da, vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Şəhərin mərkəzində sakinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. Aksiyaçılar ara məhlələrdə, küçələrdə qalmaqda davam edirlər.
 
Saxlanılanlara polis idarəsində yer çatmır
 
Məlumata əsasən, hazırda siyəzəndə polis 250-dən çox etirazçını həbs edib. Onlardan 80 nəfəri Bakıya gətirilib. Həbs edilənlərin əksəriyyəti işsizlərdir.
Buna baxmayaraq, Siyəzəndə etirazlar davam edir. Şəhərin mərkəzi yerli polis orqanları ilə yanaşı, Çevik Polis Alayı, Daxili Qoşun əməkdaşlarının nəzarəti altındadır. Şəhərin mərkəzində sakinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. “20 yanvar” küçəsinin sakinlərinin verdiyi məlumata görə, əliavtomatlı polislər hələ də küçələrdə qalan etirazçıları dağılışmağa səsləyirlər. 
Siyəzənin mərkəzində bütün mağazalar bağlıdır. Sakinləri küçəyə çıxmağa qoymurlar. Ayın 14-də axşamüstü sakinlər yolları bağlamağa cəhd ediblər, polis gəldikdə isə ərazidən uzaqlaşıblar. Bəzi etirazçılar polisə daş, polis isə onlara rezin güllə atıb. Dövlət obyektləri, İcra Hakimiyyəti başçısının evi polis qüvvələri tərəfindən qorunur. Şəhərə giriş-çıxış nəzarətə götürülüb. 
Gün ərzində baş verən hadisələr zamanı ölən olmayıb, amma xeyli sayda döyülənlər, yaralılar var. Bir neçə polisin xəsarət aldığı haqda bilgilər var. Xəsarət alanlardan 5-i polis, 3-ü isə etirazçıdır.
 
İcra başçısı qaçıb?
 
Verilən məlumatda o da qeyd olunur ki, Siyəzənin icra başçısı ailəsi ilə birlikdə şəhəri tərk edib. Etirazçılar onun da istefasını tələb ediblər. İcra başçısı narazıları qəbul edərkən onlarla kobud rəftar edib. Deyib ki, “mən icra başçısıyam, prezident deyiləm. Vəzifəm rayonu abadlaşdırmaqdır, sizə çorək pulu vermək deyil...”. Məhz icra başçısının belə rəftarı narazıları bir az da narazı salıb.
 
Aksiyalar davam edir

Son olaraq onu da qeyd edək ki, dünən - yanvarın 14-də də Siyəzəndə vəziyyət gərgin olaraq qalıb. Vəziyyətin bu cür məcra alacağını gözləməyən Tahir Süleymanov isə mətbuata açıqlamalar verib ki, guya aksiyada iştirak edənlər içkili olub. Bu da narazıları qəzəbləndirib.
Bir də ki, çörək uğruna küçələrə çıxan narazısakinlər içki üçün hardan pul tapsın?
Axşam saatlarına olan məlumata görə, həbslər artsa da, bu narazıların müqavimətinə təsir göstərməyib. Bu səbəbdən rayonda komendat saatının tətbiq edildiyi vurğulanır. Əhaliyə xəbərdarlıq edilib ki, saat 8-dən sonra heç kim küçəyə çıxa bilməz...

Gülnaz Qənbərli, “Hürriyyət”
 
P.S. Gecə saatlarında aldığımız məlumata görə, deputat Tahir Süleymanov əhaliyə un kisələri paylamaq istəyib. Lakin sakinlər “bizə nə sənin unun, nə də sənin kimi deputat lazım deyil” deyərək onu qovublar.

P.P.S. Aldığımız başqa bir məlumata əsasən, dünən Quba və Qusarda da etirazlar başlayıb. Bildirilir ki, dərhal hər iki rayona Çevik Polis Alayı və Daxili Qoşun hissələri göndərilib...