Siyasilər hakimiyyəti yıxıb-sürüdü - PAŞİNYANA YETƏRLİ CAVAB VERİLMƏDİ...

Baxış sayı:
395

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə “Qarabağ-Ermənistandır” deməsi Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı. Hətta insanlar sosial şəbəkələrdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ-Ermənistandır” sözlərini qəti şəkildə rədd edirik” bəyanatını məsxərəyə qoydular ki, bu, nə cavabdır, Azərbaycan verir.

İnsanlar Azərbaycan Xarici İşlər Nazirliyinin cavabından da narazılıqlarını ifadə etdilər. Bəyanatın müəyyən hissəsini xatırladırıq: “Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu.

Görünür, Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur”.

Maraqlıdır ki, müxalifət Paşinyanın sərsəm bəyanatına Azərbaycanın cavabını adekvat hesab edirmi?

Картинки по запросу İxtiyar Şirin

“Hürriyyət”in sualını cavablandıran keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin dedi ki, bu məsələyə cavabı Xarici İşlər Nazirliyi verməli deyildi: “Bu hadisəyə cavabı Azərbaycan dövlətinə rəhbərlik edən şəxslər və Azərbaycanın Müdafiə Nazirliyi verməliydi, özü də sözlə yox, hərəkətlə. Çox təəssüf ki, Azərbaycan hakimiyəti bu məsuliyyətdən, torpaqlarımızın işğaldan azad edilməsi məsələsindən canını qurtarmaq üçün bütün məsuliyyəti Xarici İşlər Nazirliyinin üzərinə yıxıb. Xarici İşlər Nazirliyinin əlində nə var? Ancaq bəyanat verə, etiraz edə bilir. O da bir dəfə düz verir, başqa bir dəfə verdiyi bəyanatlar bizi qane etmir. Ona görə də mən hesab edirəm ki, Xarici İşlər Nazirliyinin verdiyi bəyanat baş verən hadisəyə uyğun olmamaqla bərabər, bu, təkcə Xarici İşlər Nazirliyinin verdiyi bəyanatla qurtarmalı deyildi, Azərbaycan dövlətinə, Azərbaycanın güc strukturlarına, Müdafiə Nazirliyinə rəhbərlik edən şəxslər konkret qərarlar qəbul edib, torpaqlarımızın işğaldan azad ediləcəyi ilə bağlı hərəkətlərə keçməliydi. Çox təəssüf ki, bunları görmədik”.

İxtiyar Şirin onu da dedi ki, “Azərbaycanın hakimiyyətinin susmasının bir neçə səbəbi var:“Onlardan biri budur ki, gücləri, siyasi iradələri çatmır. İkinicisi də istəmirlər. Onlar dövət rəhbərləri, hakimiyyət kimi Azərbaycanın mənafeyi, torpaqları uğrunda mübarizə etmək istəmirlər. Səbəbləri bu cür ola bilər. Başqa nə səbəb ola bilər ki? Ya qorxurlar, ya da istəmirlər”.

“Azərbaycan xalqı öz sözünü deməsə, bu məsələ həll olunmayacaq”

İ. Şirin hesab edir ki, xalq hakimiyyətdən Qarabağın azd olunmasını tələb etməlidir: “Bu məsələdə mənim, sizin, ümumiyyətlə, siyasətçilərin, jurnalistlərin, mətbuatın tələbləri kifayət deyil. Xalq hakimyyətdən öz vəzifələrini yerinə yetirməsini tələb etməlidir və lazım olsa başqa qərarlar da qəbul etməlidir. Çünki bu cür davam edə bilməz. Artıq 26 ildir ki, Qarabağ və başqa müəyyən ərazilərdə olan torpaqlarımız ermənilərin tam nəzarəti altına düşüb və Azərbaycan hakimiyyəti bu torpaqlar uğrunda mübarizəni tamamilə dayandırıb. Belə görünür ki, indiki hakimiyyət bunu bu cür də davam elətdirmək istəyir. Müəyyən şoularla, aldatmalarla, oyunlarla xalqın başının altına yastıq qoyub, bu məsələni uzatmaq istəyir və məsuliyyətin altına girmək istəmir. Ona görə də mən sizə deyirəm ki, bu məsələdə son sözü xalq deməlidir. Azərbaycan xalqı öz sözünü deməsə, qərarını qəbul etməsə, düşmənlə mübarizəni öz əlinə almasa, bu məsələ həll olmayacaq”.

“Azərbaycanın müdafiə naziri də populist bəyanatlar verməkdən əl çəkməlidir”

Картинки по запросу Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də dedi ki, o, Azərbaycanın cavabını qətiyyən adekvat hesab etmir: “Paşinyanın dəfələrlə Azərbaycanın yuridiksiyasında olan, amma defakto Ermənistanın nəzarətində olan ərazilərə gəlməsi, orada çox qızışdırıcı bəyanatlar verməsi, yallı getməsi həm Azərbaycan hakimiyyəti, həm müxalifəti, həm də cəmiyyəti üçün həddindən artıq böyük təhqirdir. Biz bu təhqiri götürüb yaşamamalıyıq. Azərbaycan hakimiyyəti əməli addım atmalıdır, ata bilmədiyi işi Azərbaycan müxalifətinin vasitəsilə etməlidir. Azərbaycan hakimiyyəti əgər Rusiyadan (Ermənistanın dalında duran, bu işğalçılığı həyata keçirən Rusiyadır) qorxursa, heç olmasa müxalifət təpki verməlidir, etiraz etməlidir. Etirazdan da bir şey çıxmır. Azərbaycanın ordusu var. Orduya milyardlarla vəsait sərf olunub. Ordu öz görəvini yerinə yetirməlidir. Balaca, ölü Ermənistanın öhdəsindən gəlməlidir. Bu təhqir altında yaşamaq olmaz. Azərbaycan hakimiyyəti də, müxalifəti də, cəmiyyəti də bu təhqir altında yaşamamalıdır. Bəyanat verməklə bir iş olmur. Hesab edirəm Azərbaycan Xarici İşlər Nazirliyi həddindən artıq zəif işləyir. Elmar Məmmədyarov da, onun ətrafında olan adamlar da yerində olmayan adamlardır. İllərlə Xələf Xələfovdu, Araz Əzimovdu, kim oldu oradadır. Bir mətbuat xidməti gedir, o birisi gəlir, onlar da oradadır. Bu adamlar heç düz əməlli bəyanat verməyi bilmirlər. Ona görə də Elmar Məmmədyarov da istefa verməlidir. O adam Azərbaycan xarici işlər naziri vəzifəsini icra edə bilmir. Hesab edirəm, Azərbaycan ordusu da öz görəvini yerinə yetirməlidir. Azərbaycanın müdafiə naziri də populist bəyanatlar verməkdən əl çəkməlidir, hərəkət etməlidir. Ölkənin ərazi bütövlüyünü təmin etmək Azərbaycan hakimiyyətinin vəzifəsidir, ərazi bütövlüyünü təmin etməlidir. Azərbaycan müxalifəti də bu məsələdə Azərbaycan hakimiyyətinə dəstək verməlidir. Biz tam hazırıq ki, təki Azərbaycan hakimiyyəti bir əməli addım atsın, biz də ona dəstək verək. Vəziyyət budur, burada ayrı bir yol yoxdur”.

“Belə təhqirə dözmək olmaz”

E. Musayev vurğuladı ki, Azərbaycan hakimiyyəti Rusiyadan çəkinir, ciddi heç nə yoxdur:“Azərbaycan hələ də Rusiyanın təsir dairəsindədir. Bunu beynəlxalq aləm də belə götürür. Amma buna baxmayaraq, Azərbaycan hakimiyyəti çəkinirsə, bayaq da dedim, heç olmasa bu işləri Azərbaycan müxalifəti vasitəsilə həyata həyata keçirməlidir. Azərbaycan müxalifəti Rusiya səfirliyi qarşısında piketlər keçirməlidir. Ondan başqa, Rusiyada milyonlarla azərbaycanlı var. Rusiya hiss etsə, qorxsa ki, bu milyonlarla azərbaycanlı vasitəsilə Azərbaycan Rusiyaya təsir, təzyiq edər, heç olmasa müəyyən qədər geri çəkilər. Təəssüf ki, belə şey yoxdur. Rusiya tam sərbəst bu bölgənin ağasıdır. Eyni zamanda həm də Azərbaycanın ağasıdır. Biz Ermənistanı deyirik ki, Rusiyanın forpostudur, əslində, Azərbaycan Rusiyanın forpostudur. Açıq deməliyik, belə təhqirə dözmək olmaz. Paşinyan kimdir, gəlsin Azərbaycanda at oynatsın, ölkəsinin resursu, bir şeyi yox, biz də illərlə geri çəkilək?”

“Avropa Şurasının qəbulunda öhdəlik götürənlər var ki, məsələ sülh yolu ilə həll olunsun”

“Azərbaycan müxalifətinin rəhbərliyində olan müəyyən kəsim adamlar var ki, onlar da qorxaq mövqedədir. Onlar da yalnız sülh yolu ilə münaqişənin həll edilıməsini istəyirlər. Çünki beynəlxalq təşkilatlara xoş gəlmək üçün bunu deyirlər. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının qəbulunda öhdəlik götürənlər var ki, məsələ sülh yolu ilə həll olunsun. Bizim o öhdəliyimiz yoxdur və bu təhqirlə də yaşamaq istəmirik, nə də istəmirik ki, bizim övladlarımız bu təhqir altında yaşasın”,-deyə partiya sədri əlavə etdi.

“Burada danışa biləcək xarici işlər naziri yox, müdafiə naziridir”

Картинки по запросу İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Paşinyan və yaxud onun sələfləri hansı Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığını deyib ki” deyə sual etdi: “Guya, Köçəryan, Sərksiyan və yaxud Ter-Petrosyan eyni mövedən hər zaman bəyanatla çıxış etməyibmi? Həmişə eyni mövqedən çıxış ediblər. Sadəcə, biz zaman-zaman proseslərdə bunları görməzlikdən gəlmişik. 1988-ci ildə proseslər “Miatsum”, yəni “birləşək” tələbi ilə başlamışdı və o proseslərin də fonunda şərait gəldi bu yerə çıxdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu şəkildə bəyanat verə bilər, amma Azərbaycan Müdafiə Nazirliyi nə deyəcək məsələ ondadır. Xarici İşlər Nazirliyinin görəvi bir, Müdafiə Nazirliyinin görəvi bir ayrıdır. Xarici İşlər Nazirliyinin nə deməsindən asılı olmayaraq söz Müdafiə Nazirliyinin olmalı idi. Azərbaycan sərhəddini pozanlar da, qeyri-qanini məskunlaşma həyata keçirənlər də cəzalandırılmalıydı. Mən bir dəfə çıxışlarımın birində demişdim, Azərbaycan ərazisində harada qeyri-qanuni məskunlaşma həyata keçirirlərsə, harada sosial obyektlər, evlər tikirlərsə, Azərbaycan təyyarələri onları bombalamaladı və cəzalandırmalıdır. Mən Xarici İşlər Nazirliyinin hansı görəvi yerinə yetirməyindən, hansı bəyanatı verməyindən daha çox, Müdafiə Nazirliyinin mövqeyini gözləyirəm. Burada danışa biləcək xarici işlər naziri yox, müdafiə naziridir”.

“Millət kimi ya ayağa qalxıb torpaqlarımızı işğaldan azad etməliyik, ya da sona qədər qırılmalıyıq”

“Müdafiə nazirinin niyə danışmamasını onun özündən soruşmaq lazımdır. Azərbaycan siyasi insitutları, ziyalılar sadə vətəndaşın mövqeyini qoymalıdır və tələb etməlidir. Uzun müddət atəşkəs rejimi ilə danışıqlar getdiyini bəyan edib, sonda yenidən bu bəyanatın verilməsi onun göstəricisidir ki, Azərbaycan bütün mərhələlərdə, yəni müharibə mərhələsində uduzduğu kimi danışıqlar mərhələsində də uduzub və Azərbaycana meydan oxuyurlar. Azərbaycan ortalığa öz mövqeyini qoymalıdır. Millət kimi ya ayağa qalxıb torpaqlarımızı işğaldan azad etməliyik, ya da sona qədər qırılmalıyıq. Bizim ayrı yolumuz qalmır. Çünki bütün danışıqların hamısı artıq fiaskodur, iflasa uğrayıb. Hökumət ortalığa mövqeyini qoymursa, biz tələb etməliyik”,-deyə partiya sədri vurğuladı.

“Azərbaycan hakimiyyəti isə çox qorxaq və səriştəsiz bir siyasət sərgiləyir”

Картинки по запросу Əhməd Oruc

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Paşinyanın sərsəm bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin cavabını belə dəyərləndirdi: “Azərbyacanın nəinki dünənki cavabını adekvat hesab edirəm, ümumiyyətlə, bütün fəaliyyətləri qeyr-adekvatdır. Ərazisi işğal olunmuş bir ölkənin vəziyyətinə, addımlarına qətiyyən uyğun deyil. Artıq 25 ildir atəşkəs adı altında Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşması, beynəlxalq ictimai rəyin isə status-kvoya adaptasiyası prosesi baş verir. Son dövrlər isə Ermənistan daha aqressiv, təhrikedici bir şəkildə Azərbaycanın üzərinə gəlir. Azərbaycan hakimiyyəti isə çox qorxaq və səriştəsiz bir siyasət sərgiləyir. Azərbaycan hakimiyyəti yalnız ictimai rəyi aldatmaqla, guya, danışıqlar yolu ilə problemin həll istiqamətində addımlar atılır kimi yalançı işlərlə məşğuldur. Ona görə, mən Xarici İşlər Nazirliyinin cavabını qətiyyən adekvat hesab etmirəm. Hesab edirəm ki, Azərbaycanın problemləri adekvat olaraq göstərir ki, bu hakimiyyətdən can qurtarmaq və Azərbaycanın maraqlarına uyğun yeni hakimiyyət formalaşdırmaq lazımdır”.

“Bundan sonra danışıqlara yer qalırmı” sualına Ə. Oruc belə cavab verdi: “Danışıqların yeri heç əvvəllər də yox idi. Sərkisyanın, Köçəryanın vaxtında da “Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması mümkünsüzdü, birbaşa asılılıqdan söhbət gedə bilməz, döyüşlə alınmış ərazilər, döyüşlə verilər” və. s kimi açıqlamalar danışıqların əsassız olduğunu ortaya qoymuşdu. Azərbaycan hakimiyyəti başqa çıxış yolu qalmadığından yalançılıqla, imitasiya ilə məşğuldur. Yəni Azərbaycan hakimiyyəti qızarmadan, utanmadan yenidən danışıqlara gedəcək. Vasitəçilərin yenidən regiona səfərləri, prezidentlərin, baş nazirin, xarici işlər nazirlərinin görüşü və. s kimi məsələlərlə Azərbaycan xalqını aldatmaqda davam edəcək. Biz bu hakimiyyəti rədd edənə qədər bu hakimyyət Azərbaycan xalqını aldatmaqla məşğul olacaq”.

“Bu cür biabırçılığa dözmək artıq mümkün deyil”

Картинки по запросу Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə dedi ki, ermənilərin bizim torpaqda kef çəkməsinin günahkarı bizim bu sahəyə baxan məmur kontingentinin həvəssizliyi və ögey münasibətidir: “Ona görə də millət çox narazıdır. Bizim qarşımıza da çox ciddi tələblər qoyurlar. Paşinyanın asma körpüdə oynaması bizə təhqirdir, millət olaraq bizə tüpürmək deməkdir. Vaxtilə biz bunların başına oyunlar açırdıq, amma indi onlar bizim başımıza oyun açırlar”.

H. Haciyev hesab edir ki, bu istiqamətdə ölkə ictimaiyyəti, QHT-lər ayağa qalxmalıdır:“Yaxud da bu sahəyə təhkim olunmuş ATƏT-in Minsk qrupunun həmsdərlərinin qarşısına konkret məsələ qoymaq lazımdır, ya torpağımı al, qaytar, ya da cəhənnəm ol get, sənin vasitəçiliyin mənə lazım deyil. Bu cür biabırçılıq olmaz, axı. Bunlar kimdir ki, onların hərəkətinə biz dözək. Bizim bu sahəylə məşğul olan nazirlərimizin canları çıxsın xalqın qarşısında hesabat versinlər. Bu cür biabırçılığa dözmək artıq mümkün deyil”.

Şamo EMİN, Hurriyyet.org