SİYASİ TƏFƏKKÜRÜN YOXSULLUĞU - Süleymaninin ölümünə ağlayanların amerikalılara lənət yağdırması... / ƏLİSA NİCAT YAZIR

Baxış sayı:
2009

İranın quduz fars generallarından biri, deyildiyinə görə hətta birincisi, “İslam inqilabı keşikçiləri” komandanı  Qasım Süleymaninin ABŞ  prezidenti Donald Trampın əmri ilə məhv edilməsi həm Güney, həm də Quzey azərbaycanlılarını ilk vaxtlarda sarsıtmış və böyük əksəriyyətinin matəmə qərq olmasına səbəb olmuşdu. Bu da təəccüblü deyil. Çünki hər iki tərəfdə xalqın dözülməz kölə vəziyyətinə düşməsinin və on illərlə buna dözüb talelərinin heç yanda yada salınmamasının səbəblərindən biri də budur. Ümumiyyətlə, hər bir ictimai-siyasi hadisəyə reaksiya verərkən qətiyyən bunun öz milli məqsəd və maraqlarına uyğun olub-olmaması barədə qərar çıxararkən məhz öz zərərinə hökm vermək bizim bədbəxtliklərimizdən biridir.

Aydındır ki, ABŞ-da dünyadakı bütün totalitar rejimlərə münasibət mənfidir. Və əgər bu rejimlərin fəaliyyəti ABŞ-ın mənafeyi ilə toqquşarsa, onda Amerika hökuməti sözdən işə keçir. Məsələn, İraqda məhz belə olmuşdu. Nə qədər ki, Səddam Hüseyn öz ölkəsində diktatorluq edir, Kərkük türklərinin, şiə ərəblərin başına nə oyun açırdısa, ABŞ buna əhəmiyyət verməyib, yalnız sözdə qınayırdı. Lakin  bütün diktatorlar kimi axmaq Səddam Hüseyn də qonşu Küveyti işğal edəndə  ABŞ sözdən işə keçdi və  30-40 illik İraq diktatura rejimini və onun başıboş prezidentini nəhayət ki, məhv etdi.

İranla münasibətdə isə bir-birlərini əvəz edən ABŞ prezidentləri heç cür sözdən işə keçə bilmirlər. Yəni bu anti-bəşəri rejimin, dünyada misli bərabəri olmayan riyakar səltənətin dəyişməsinə hökm vermirlər. Nədir bunun səbəbi?  Səbləblərdən ən əsası odur ki,  guya İran uzun ənənələri olan qədim, çox mədəni bir dövlətdir və bütün Avropada olduğu kimi ABŞ-da da adı həmişə dərin hörmətlə çəkilir. Halbuki,  əvvələn “İran” deyiləndə tərtəmiz fars milləti nəzərdə tutulur. Amma heç kim də fərqində deyil ki, bu fars millətinin 2500 illik tarixi ərzində Firdovsi kimi cəfəngiyyat dolu şeir divanlarından başqa, heç bir mədəniyyəti yoxdur və heç bir mədəniyyət yaratmayıblar.

Yeri gəlmişkən, qeyd edim ki, İran şeirini, fars şairlərini Avropada xeyli təbliğ edib yayanlardan biri də siyasi hakimiyyətlərin dahi məddahı və yaltağı olan böyük Höte olmuşdur. O, dörd cildlik “Qərb və Şərq” divanında Hafiz kimi içiboş, bayağı poeziya, şeir divanı yaradan şairləri o ki var vəsf etmişdir.

Xülasə, İran adı çəkiləndə bütün dayaz Avropanın beyin sahibləri kimi  ABŞ-da da hamı ayağa qalxır. Bu da onun nəticəsidir ki, deyir “qızıl taxtım olunca, qızıl baxtım olaydı” – yəni bəxt günəşi daim İranın başı üstündə parlayır.

Lakin qəribə nədir? Həm qəribə, həm də təbii. Məsələ orasındadır ki, Süleymaninin ölüm xəbəri İrandakı ərəblərin, kürdlərin və hətta bəzi farsdilli tayflarının sevincinə səbəb olasa da Tehranda və Kirmanda matəmə batanların bir xeylisi bizim azərbaycan türkləridir. Çünki guya həmin bu Süleymani haçansa kimləsə Azərbaycan türkcəsində danışıb. Bəh-bəh! Nə böyük xəbər! Şiələrin əlində millətlərin başının qırmancı olan islam keşikçilərinin başçısı haçansa Əli Xameneyi kimi türkcə danışıb. Gözüm aydın. Bütün güney Azərbaycanında, hətta Tehranda belə, milli şüur adamlarını aramsız zindanlarda çürüdən və ya nəşəxor adıyla edam edən bir adam bizim danabaşlar üçün əziz bir sima imiş.

Ümuniyyətlə, hardasa kütlə, əhali millət deyilsə, onlar dünya üçün heç nədir, yoxdur! Adam yanıb-yaxılır ki, bu faktdır. 30-40 milyonluq Güney Azərbaycan xalqı, eləcə də cüzi bir fərqlə Quzey azərbaycanlılar, dünya, dünya siyasiləri, BMT kimi dünya miqyaslı təşkilatlar, eləcə də dünya qəzet və jurnalları üçün elə bil yoxdur, yox kimidir!

Bəli, vaxtaşırı Güney şəhərlərində Təbriz, Urmiya, Qəzvin, Zəncan, hətta Tehranda Azərbaycan türkləri küçələrə axışıb şəhəri bağırtılarla doldururlar. Yox, bu azadlıq çağıran bağırtılar deyil! Bu müstəqillik arzusunu ifadə edən bağırtılar deyil! Bu hətta adi, elementar öz dilində danışmaq və təhsil almaq hüququnu tələb edən bağırtılar da deyil! Yox, bu sürülər farsların televiziya və ya internet kanllarında Azərbaycan türklərini, onların dillərini nümayişkarana təhqir edən, ələ salan fars şovinistlərinə etiraz yalvarışları, etiraz xahişləridir. Ən qəzəbli halda isə

Türkün dili var olsun,

İstəməyən kor olsun! –

- bağırtılarıdır ki, ayətollaların heç  ...una da deyil. Amma təbrizlilər bunadan xoşbəxt olub döyüşdən çıxan qəhrəmanlar kimi evlərinə qayıdırlar.

Ümumiyyətlə, bu 30 milyonluq bəşər demək olar ki, artıq azadlığın nə olduğunu artıq bilmirlər. Bu söz nəinki artıq onların leksikonundan, hətta beyinlərindən belə, silinib gedib və bu səbəbdəndir ki, dünyanın heç yerində heç kim heç vaxt bu 30 milyonluq kütlənin faciəli taleyini dilə gətirmir. Heç kim onları tanımır və heç kim də heç vaxt BMT-də çıxış edib İran ayətollalarının bu dəhşətli milli zülmünə etiraz etmir.

Azərbaycan xalqının bağırtıları onun ürəyindən və beynindən deyil, qarnından gəlir. Bunların başına nə oyun istəyirsən aç, amma qazanclarına, pullarına, sərvətlərinə dəymə. Təkrar da olsa, böyük Məmməd Səid Ordubadi Təbrizdə eşitdiyi bir faktı “Dumanlı Təbriz” romanında belə xatırlayır. Böyük yazıçı yazır ki, İranda məşrutə hərəkatı başlayanda Səttarxan hərəkatı başçıları tacir və varlılara müraciət edib, onlardan maddi kömək istəyəndə Təbriz varlıları bir nəfər kimi belə cavab vermişdilər.

“- Baba biz məşrutəyə canımızı qurban demişik, malımızı deməmişik.”

Yəni bu 30-40 milyonluq xalq üçün qazanc, pul, var-dövlət nəinki milli mənafedən, azadlıq və hürriyyətdən, hətta canlarından belə, əzizdir. İndi özünüz deyin, belə bir xalq, belə bir kütlə haçansa azadlıq və müstəqillik görə bilərmi? Əgər onların ürəyində, beyinlərində azadlıq yanğısı olsaydı, heç 1920-ci ilin sentyabrında Xiyabaninin onlara bəxş etdiyi bu neməti o cür rüsvayçı bir biganəliklə əldən verə bilərdilərmi? Hansı xalq onun gözü qabağında onların dini rəhbərləri, onlara azadlıq və müstəqillik bəxş edən, vətəni müstəqil respublika elan edən bir qüdrətli və ağlasığmaz zəka sahibinin Tehrandan gələn beş-on gədə-güdə tüfəngli bəluc və ya fars nizamiyyəsi tərəfindən güllələrlə dəlik-deşik edilməsinə eşşək sürüsü kimi, mal sürüsü kimi lal-dinməz tamaşa edərdi?

Yaxud 1946-cı ildə neçə aylıq azadlıq və müstəqillikdən sonra böyük milli ordu vətənlərini, respublikalarını atıb, arvad sürüsü kimi maşınlara dolaraq Güneydən Quzeyə qaçarmı? Axı Pişəvəri və ya baş prokuror Firidun İbrahimi tərəfdarlarını başına yığıb milli qoşun ilə müqavimət göstərə bilərdi ya yox? Əlbəttə, göstərə bilərdilər. Keçilməz dağlara, meşələrə çəkib uzun illərlə müqavimət göstərə bilərdilər və bunun nəticəsində beynəlxalq ictimaiyyət tərəfindən, BMT tərəfindən dılğır Məhəmməd Rza Pəhləvi onlara müəyyən güzəştlər etməyə məcbur olmazdımı? Yüz faiz edərdi. Amma minlərlə təbrizli və güney azərbaycanlı gülləbaran olmağa razı oldular, amma bir dənə fars ajanına güllə atan olmadı ki, olmadı. Ay kişi, belə də tayfa olar, belə də əhali olar, belə də millət olar?! Bunlar özü də hamısı yox, bir qısmi ancaq onu gözləyir ki, kimsə gəlib bunlara öz dillərində oxumaq, yazmaq və danışmaq hüququnu verəcək və ya milli muxtariyyət bəxş edəcək. Bu kimsə də hətta olsa belə, axı nə faydası. Yenə hər hansı bir molla bir neçə yüz silahlı götürüb Təbrizin üstünə gələcək və təbrizlilər də qaçıb evlərindəki yeraltı anbarlarda gizlənəcəklər.

Dünyada kim nə layiqdirsə, kim nəyə can atırsa, əlbəttə, ağıl və dərrakə ilə - son nəticədə ona çatır. Bu köhnə həqiqət, köhnə aksiomdur.

Bu 30-40 milyonluq Güneydə, on milyon da Quzeydə özlərini heç azərbaycanlı deyil, müsəlman  adlandıran və müsəlmanlığın da onlar üçün heç bir dəyər və əhəmiyyəti olmayan 30-40 milyon güneyli, on milyon da quzeyli əhalinin ilk günlər demək olar ki, hamısının Qasım Süleymaninin ölümünə ağlayıb, amerikalılara lənət yağdırması gülməli və ağlamalı deyilmi? Yalnız bir neçə gündən sonra bu generalın  açıq-aşkar kim olduğunu, nə işlə məşğul olduğunu biləndən sonra orda-burda gözüaçıq adamlar tapıldı.

Bəli, nə qədər ki, güneylilər Güney Azərbaycanı ərazisini deyil, bütöv İranı özünə vətən hesab edir, belə də olacaq. Ay bədbəxt, sənin öz vətənin – şəhərlərin, kəndlərin, dağların, meşələrin, ən əsası isə bütün yeraltı, yerüstü sərvətlərin özlərini hesab edən fars şovinistlərinin ixtiyarındadır, Azərbaycandan kənar vilayətlər nəyinə lazım? Hələ öz torpağının sahibi ol, sonra da bütöv İranı özünə vətən hesab et!

Lap bu günlərdə internetdə oxuduq ki, bəs Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana əməli yardım edəcəyi bəyanatı səsləndi və İranın şiə liderləri dövlət adından nə bəyanat versələr yaxşıdır? Onlar Qasım Süleymani müsibətini belə, yaddan çıxararaq o dəqiqə elan etdilər ki, bəs bölgədə Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir kənar müdaxiləyə heç cür imkan verməyəcəklər. Yəni ermənilər Azərbaycanla müahribə başlayarsa, Azərbaycana hər hansı bir türk yardımına imkan verməyəcək. Yəni ermənilərin məğlubiyyətinə yol verməmək üçün Türkiyə ilə müharibəyə belə, hazırdırlar. Bunu elan edən Rusiyanın internet səhifəsində İran və Türkiyənin hərbi qüvvələrinin sayı belə, açıqlandı və mən çox məmnun halda gördüm ki, Türkiyənin hərbi qüvvəsi İrandan üstündür. Aydındır ki, Rusiya və Avropa dövlətləri belə bir münaqişənin başlamasına imkan verməzlər. Üstəlik, Türkiyənin də başı hələ Suriya və Liviyaya qarışıb. Amma sən İran adlanan və əhalisinin yarıdan çoxu türk olan bir dövlət işğalçı Ermənistana olan məhəbbət naminə bütün türk dünyası ilə müharibəyə belə hazırdır. Sən nifrətin dərəcəsinə bax! Və gülməli orasıdır ki, həmin bu 30-40 milyonluq türkün içində minlərlə adam var ki, hələ də  iftixarla özünü fars hesab edir.

Əlisa NİCAT