Siyasi partiyalarda özünütanıma və tanıtma – TƏHLİL

Baxış sayı:
4759

Daxilimizdə nə qədər “yaxşı” olsaq da, bunu xaricə təqdim edə bilmədiyimiz zaman “yaxşı olmayanların” qarşısında məğlub oluruq. Bu prinsip sadəcə fərdlərə aid deyil, birləşmələrə, toplumlara, cəmiyyətlərə və ən əsası, xalqlara da aiddir.
Siyasətdə “özünütanıma” və “özünütanıtma” məsələsinə terminoloji olaraq necə yaxınlaşmaq olar? Xüsusilə ölkəmizdə, özü də bu qədər çoxpartiyalılıq dönəmlərində mövcud siyasi partiyaların demək olar ki, çoxusu bu məsələyə diqqət ayırmamaqla birlikdə, bəziləri hətta bu məsələnin mövcud olduğundan belə xəbərsizdir. Siyasət – strategiyadır və nəzərə alsaq ki, bütün strategiyalar əvvəlcədən planlanmış şəkildə formalaşdırılır, ki bu “strategiya” qavramının təməlindədir, “özünütanıma” və “özünütanıtma” məsələsi bu strateji anlayışının vacib parametrlərindən biri olmalıdır.
Mərkəzi Seçki Komissiyasının yayımladığı siyahıya görə, ölkədə 55 qeydiyyata alınmış partiya var. Adi bir araşdırma ilə bu partiyaların bir çoxunun əlaqə saxlamaq üçün resursa sahib olmadığını, bəzilərinin vebsaytının ümumiyyətlə qeydiyyatdan keçirilmədiyi, bəzilərinin vebsaytının işləmədiyini (məs., Azərbaycan Xalq Cəbhəsi Partiyasının vebsaytı fəaliyyətdə deyil), partiyanın strukturu, mövqeyi, siyasi tutumu, nizamnaməsi və s. haqqında məlumat almaq üçün bir vasitənin olmadığını, partiyaya üzvlük prosesi barədə bir informasiya ala bilməyəcəyimizi görə bilərik. Siyasət toplumlar olmadan aparıla bilməz və nəzərə alsaq ki, hazırki dövrdə toplumlar daha çox internet dünyasında toplanır, belə bir halda adi vebsaytı belə olmayan bir partiyanın hansı dərəcədə ciddiyə alınıb, seçkilərdə uğurlu olmağı bir qırağa qoysaq, partiyaya üzvlük üçün kimin müraciət edəcəyi belə sual altındadır. Heç düşünmədən demək olar ki, ölkədə bu cür partiyalar “potensial üzvsüzlük sendromundan” əziyyət çəkir və bu xəstəlik hələ çox davam edəcək.
Yuxarıda qeyd etdiyim linkdən partiyaların son maliyyə hesabatlarını görmək olar. Hesabatları araşdırdıqdan sonra hər hansı bir vətəndaş çox rahatlıqla, tutalım, niyə Azərbaycan Xalq Partiyasının, Vətəndaş Birliy Partiyasının və ya Müasir Müsavat Partiyasının yox da,  Yeni Azərbaycan Partiyasının ölkədə bu qədər nüfuza malik olması məsələsinə fikir formalaşdıra bilər.
Gəlin, ümumi danışmağı burada dayandıraq və kiçik müqayisələr aparaq.
Son günlərdə yaranan və çox güman ki, hələ yaradılması təsdiqlənməyən Respublikası Alternativ Partiyasının nizamnaməsində qeyd edilmiş partiyanın məqsəd və vəzifələrinə nəzər salsaq, “çiçəyi burnunda” olan partiyanın burnunun ölkədəki “siyasi durum qoxusunu” elə də yaxşı ala bilmədiyinin şahidi oluruq. Nizamnamədə qeyd edilir ki, “Respublikaçı Alternativ Partiyası vətəndaşların siyasi iradəsini formalaşdırmaq və bu iradəni təmsil və ifadə etmək məqsədilə yaradılmış partiyadır. Partiya fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, AR-nın tərəfdar çıxdığı beynəlxalq sənədləri…(mənbə üçün bax; Nizamnamə layihəsi, REAL)” Nizamnamənin hələ layihə vəziyyətində olduğunu nəzərə alıb, bu maddəyə bir sıra təkliflər vermək olar, amma ilk öncə mövcud hakim partiyanın eyni mövzulu nizamnamə maddəsinə də nəzər salmaq lazımdır; “Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında – Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır. (mənbə üçün bax; Nizamnamə, YAP)” Əslində bu fərqləndirmə özü birinci partiyanın harada səhv etdiyini göstərir, amma;
ReAl partiyası, ölkədə siyasi iradənin olmadığını bildirir. Ola bilər ki, bu nizamnamə layihəsi olduğu üçün hələ inkişaf mərhələsindədir, amma bu şəkildə bir maddə qoyulması zaman keçdikcə insanlarda partiyaya qarşı savadsızlıq aqresiyası yaradacaq. Cümlə bu cür qurulmalı idi; “…vətəndaşlarda, partiyanın (red. ReAl) göstərdiyi siyasi iradəni birlik olaraq formalaşdırmaq…”
Respublikanın tərəfdar çıxdığı beynəlxalq sənədləri partiyanın fəaliyyət əsası olaraq göstərmək, ölkədə mövcud hakim partiyanın göstərdiyi ” …azərbaycançılığı ehtiva edən milli birlik…” əsası ilə tutuşmayacaq və birinci partiya nizamnamədəncə məğlubiyyətini elan etmiş olacaq. İllərdir ölkə toplumunun üzərində aparılan “ölkəni Suriyaya çöndərməyin” təbliğatına beynəlxalq sənədləri rəhbər tutaraq qarşı çıxmaq mümkün deyil.
Ümumiləşdirsək, mövcud durumda Respublikaçı Alternativ Partiyası nizamnaməsi partiyanı heç bir halda topluma düzgün tanıtmır. Bu da siyasi özünütanıtma məsələsinə partiyanın uduzduğunu göstərir. Nəzərə alsaq ki, ölkədə Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi köklü partiyanın hətta nizamnaməsi belə yoxdur (yayımlanmış versiyasını tapa bilmədim, varsa belə, bunu yayımlamalı idilər, yəqin ki.), digər partiyaların bu cəhətdən necə məğlub olduqlarını rahatlıqla anlamaq olar.
Digər bir müqayisə isə ölkədə partiyaların özünütanıtma üsulları barədədir. Düşünürəm ki, bu barədə Respublikaçı Alternativ Partiyasının yeni həbsdən çıxmış sədri İlqar Məmmədovun, “Milli Şuranın mitinq keçirməsi hakimiyyətə xidmətdir” çıxışı tam yerində müzakirə olunabiləsi çıxışdır. Məsələyə Milli Şura tərəfdən yanaşsaq, mitinqlərin mübarizə – özünütanıtma üsulu olaraq göstərilməsi yanlışdır. Mitinqlər – toplumların fikir bildirmə üsuludur. Təəssüf ki, ölkədə xüsusilə “Demokratik Qüvvələrin Milli Şurası” adı altında Azərbaycan Xalq Cəbhəsi Partiyasının mitinqləri mübarizə üsulu olaraq görməsi, mitinqlərin daim eyni yerdə, eyni üsullarla, eyni çıxışlarla və hətta eyni tarixlərdə baş tutması bu partiyanın, partiyanın timsalında bütün şuranın və müxalifətin məğlub mübarizə üsulunun ortaya çıxmasına səbəb olub. Nisbətən yeni və daha modern partiya olan Respublikaçı Alternativ Partiyasının mitinqləri “hakimiyyətə xidmət” olaraq görməsi elə bu səbəbdən haqlı yanaşmadır. Düşünürəm ki, ölkə müxalifəti mitinqləri sadəcə fikir bildirmə üsulu olaraq görməli, daha fərqli mübarizə üsulları formalaşdırmalı və partiyanın siyasi gedişlərini bu müzakirə üsulları ilə reform prosesinə qoymalıdır.
Digər bir siyasi özünütanıtma prosesi isə partiya rəhbərliyi ilə bağlıdır. Bu mövzuda Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasını müzakirə etmək yerinə düşərdi. Müsavat Partiyası uzun illərdən sonra axır ki, 2014-cü ildə öz sədri İsa Qəmbəri alternativ seçki üsulu ilə Arif Hacılıya dəyişdi. Doğrudur, İsa Qəmbər onun üçün siyasətdən getmə variantı daha faydalı olmasına rəğmən getmədi, amma İsa bəyin partiyadan çıxması partiyanın yenilənməsi üçün vacib addımlardan oldu. Müsavat Partiyası yeni rəhbərlik (!) ilə partiyanın siyasi mövqeyini yenidən formalaşdırmaqla ölkədəki müxalifət məğlubiyyətindən xilas ola bilər. Elçibəyin miras qoyduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasında isə vəziyyət acınacaqlıdır. Əli Kərimlinin partiyanı ailə şirkəti kimi qoruyub saxlaması bir qırağa, qurultaylarda namizədlərin olmaması, son qurultayda yeganə namizədin də nədənsə son anda (?) namizədlərini geri götürməsi partiyada Əli Kərimlinin legitimliyini göstərməsi bir yana, partiyanın bu illər ərzində sədrliyə namizəd yetişdirə bilməməsi alqısını yaradır. Ümumiyyətlə, demokratik cəbhələr partiya rəhbərlərini tez-tez dəyişməlidir, ona görə yox ki, demokratiya – rəhbərliyin tez-tez dəyişdirilməsi deməkdir, ona görə ki, demokratik cəbhələr daim fəaliyyətdə, uğur fəaliyyətdə olduqlarını, bunun nəticəsi olaraq da partiya sədrliyinə uyğun namizədlər yetişdirdiklərini göstərməlidir. Ölkəmizdə bu məsələdə müxalif partiyaların məsuliyyətsizliyinin şahidi oluruq.
Konkretləşdirsək, partiyalar siyasi özünütanıtma prosesini ciddiləşdirməli və toplumun qarşısına bu cür çıxmalıdır. Partiyanın tarixinin, kimlik və dəyərlərinin, rəhbərliyində Əbülfəz Elçibəyin və ya Heydər Əliyevin olub-olmamasının bir önəmi yoxdur. Önəmli məsələ toplumun partiyanı hansı gözlə, hansı tarixlə, hansı kimlik və dəyərlərlə görməsidir.
 
Ələkbər Məmməd
 
Redaksiyadan: Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.