Siyasi mühacirlərin fəallaşmasından narahat olan Bakı yenə Qərb izi axtarır

Baxış sayı:
22330

Xaricdən fəaliyyət göstərən mühacirlər Azərbaycandakı siyasi proseslərdə fəal iştirak etməyə çalışırlar. Onlara verilən yardımın ölçüsü fəal siyasi fəaliyyətlə məşğul olmağa imkan vermir. Buna görə onları "maraqlı qüvvələrin" maliyyələşdirdiyini hesab etmək üçün əsas var.

Bu üstüörtülü bəyanatlarla çərşənbə günü baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada çıxış edib.

Tədbir hökumətyönlü "Vətən" partiyası tərəfindən bir neçə siyasi partiyanın, o cümlədən Müsavat, REAL və AXCP istisna olmaqla, müxalifət partiyalarının nümayəndələrinin iştirakı ilə keçirilib.

"Dərin" mülahizələrini davam etdirən Əhmədov belə bir nəticəyə gəlib ki, rəsmi Bakını tənqid edən mühacirlər "maraqlı xüsusi xidmətlərin təsiri altına düşməyə məhkumdurlar və asanlıqla cəlb edilə bilərlər".

Daha sonra Əhmədov xarici emissarların "Azərbaycandakı mitinqləri və küçə yürüşlərini izlədiklərini və onlara yön verdiklərini" iddia edib, amma fakt göstərməyib, konkret şəxs və ya ölkə çəkməyib. O, siyasi partiyaları qətiyyətlə "çirkin" anti-Azərbaycan təbliğatına qarşı çıxmağa çağırıb.

Tədbirin təşkilatçısı, "Vətən" Partiyasının sədri Fəzail Ağamalı siyasi mühacirləri hakimiyyəti söyən anarxist, xuliqan adlandırıb. Onların məqsədi ölkədə sabitliyi pozmaqdır.

"Xalq Partiyası"nın nümayəndəsi Pənah Hüseyn ona etiraz edib, mühacirlərin korrupsiya və insan hüquqlarının və demokratiyanın pozulması məsələlərini qaldırdıqlarını bildirib. Bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirmək olmaz.

Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu Rusiyanın təsirinin və Azərbaycandakı siyasi proseslərə müdaxiləsinin qarşısını almaq zərurətini qeyd edib.

O, həmçinin ölkədə vətəndaş qarşıdurmasının gücləndirilməsi addımlarını pisləyib və hakimiyyəti müxalifətlə münasibətlərin normallaşdırılması üçün addımlar atmağa çağırıb. O, həmçinin xarici qüvvələrin dəstəyi ilə öz kürsülərində oturan və daxili siyasi vəziyyətə təsir etməyə çalışan "müəyyən hökumət qüvvələrini" ittiham edib.

"Ağ" Partiyasının nümayəndəsi Tural Abbaslı hakimiyyəti siyasi mühacirlərin ölkəyə qayıtmasına imkan verəcək siyasi amnistiyaya çağırıb. "Bununla da mühacirlərdən siyasi məqsədlərlə istifadə etmək imkanı aradan qaldırılacaq", deyə o bildirib.

Sosial Araşdırmalar Mərkəzinin direktoru Zahid Oruc hakimiyyətin müxalifətlə dialoqunu alqışlayıb və bu təcrübəni davam etdirməyə çağırıb.

"Böyük Quruluş" Partiyasının sədri Fazil Mustafa da dialoqu davam etdirməyə və xarici təsirə qarşı səyləri birləşdirməyə çağırıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hakimiyyəti siyasi məhbusları azad etməyə çağırıb, bunun ölkədə siyasi vəziyyəti yaxşılaşdıracağını qeyd edib.

Müzakirələrin yekunlarına görə qəbul edilən bəyanatda Qarabağın azad edilməsi üçün səylərin birləşdirilməsi zərurəti qeyd edilir. Həmçinin, sənəddə hökumətin islahatlarına dəstək və "qeyri-etik məlumatların" yolverilməz olduğu bildirilir, ictimai dialoqun davam etdirilməsi alqışlanır və seçkilər prosesinə xarici müdaxilənin yolverilməz olduğu deyilir.

Qeyd edək ki, hakimiyyət sosial şəbəkələrdə ictimai rəyə təsirin artmasından ciddi şəkildə narahatdır. Azərbaycanlı siyasi mühacirlər sosial şəbəkələrdə fəal şəkildə istifadə edir. Onlar Azərbaycan hakimiyyətini və konkret hökumət üzvlərini korrupsiya və insan hüquqlarının pozulmasına görə kəskin şəkildə tənqid edir və ifşa edir. YouTube və Facebook-da mühacir kanallarının məşhurluğu hakimiyyətin bütün təbliğat maşınını üstələyir, onların nüfuzunu və təsirini ciddi şəkildə sarsıdır.//turan.az