“Siyasi mühacirin cənazəsinin ölkəyə gətirilməsi ilə bağlı qadağa yoxdur”

Baxış sayı:
512

Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyatsızlıqdan 4-cü mərtəbədən binanın həyətinə yıxılıb.

Bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Əlövsət Əliyevin sözlərinə görə, qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib:

"Dünyasını dəyişən qadın hamilə olub. Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırlar. Rəhmətə gedən xanım əri və 1 uşağı ilə birlikdə yaşayırmış".

Bəs xaricdə dünyasını dəyişən azərbaycanlılar harada dəfn olunur? Həmin şəxs mühacirdirsə, onu nəşi ölkəyə gətirilə bilərmi?

Xarici ölkədə yaşayan soydaşlarımız bildirirlər ki, Avropada yaşayan azərbaycanlılar vəfat etdikləri zaman onların yaşadıqları ölkədə dəfn olunmaları üçün hər bir şərait var. Məlumatlara görə, azərbaycanlı soydaşlarımız rəhmətə gedəndə türk imamlarına müraciət edir. Avropadakı məscidlərə ianələr də verilir ki, bu da dəfn və digər mərasimlərin təşkilində, məscidin saxlanmasında kömək edir.

Əgər vəfat edən mühacirin yaxınları onu Azərbaycana gətirib, burada dəfn etmək istəyirlərsə, bu zaman da problem olmur. Bu barədə “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib. Onu da qeyd edək ki, Azərbaycanın Gömrük Buraxılış Məntəqələrində də cənazələrin keçirilməsi sürətli qaydada həyata keçirilir. Gətirilən tabunun içərisində başqa əşya keçirilməməsi üçün xüsusi aparatla yoxlanılır. Bundan sonra daşıma xərcləri ödənildikdən sonra cənazə, sahiblərinə təhvil verilir...

Əsabəli Mustafayev bildirib ki, Azərbaycanın qanunlarında siyasi mühacirin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı heç bir qadağa yoxdur:

“Mənim bildiyim qədərilə hökumət də buna heç bir problem yaratmır. Çünki bu, sosial, humanizm məsələdir. Rast gəlməmişəm ki, kiminsə xaricdə qohumu vəfat etsin və onun Azərbaycana gətirilməsinə qadağa, maneə yaradılsın. Burada əsas məsələ xərclə bağlıdır. Təbii ki, hökumət bu xərci boynuna götürməyib. Ona görə də əgər adamın yaxınlarının imkanı varsa, cənazəni ölkəyə gətirə bilərlər. Adam var ki, vəsiyyət edir ki, öldükdən sonra məni vətənimdə dəfn edin. Adam da var ki, belə bir vəsiyyəti olmur və Avropada dəfn edirlər. Orada da hər bir şərait var. Bildiyim qədərilə kimsəsizlərin dəfni üçün ictimai qurumlar da dəstək olurlar. Məlumdur ki, kimlərsə xaricə təkcə gedir. Yaxud da ailənin dəfn xərcləri üçün imkanı olmur. Bu zaman bələdiyyələr və ya sosial ictimai qurumlar xərcləri üzərilərinə götürərək, dəfn mərasimini həyata keçirirlər”.

Əli Rais,
“Yeni Müsavat”