Siyasi məhbusların yeni siyahısı...

Mayın 8-də Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrupu 81 nəfərdən ibarət yeni siyahı təqdim edib. Bundan öncə hazırda həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun hazırladığı siyahıda 98 nəfərin adı var idi.
Qrupdan verilən məlumata görə, mart ayında verilən əfv fərmanı və cəza müddətini çəkib azadlığa çıxan məhbuslar olduğundan bu siyahıya yenidən baxılıb. Azadlığa buraxılan 26 nəfər siyahıdan çıxarılıb, 9 nəfər yeni həbs olunanlar isə ora əlavə olunub.
Siayahıya əlavə olunanlar arasında jurnalist Xədicə İsmayılın, Seymur Həzinin, hüquq müdafiəçisi Taleh Xasməmmədovun, AXCP fəalları Asif Yusifli, Murad Ədilov, Elvin Abdullayev, Qadir Xudabaxşıyev, ilahiyyatçı Elşən Mustafaoğlu, taleaparıcı Ceyhun Cəfərovun adları var.
İşçi Qrupunun üzvü Oqtay Gülalıyev “Azadlıq” radiosunun suallarını cavablandırırb. O bildirir ki, qrup hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri daxil olmaqla 30 nəfərdən ibarətdir:
- Bir neçə gündür bu siyahının üzərində işləyirdik. Müzakirələr apardıq, siyahını yenilədik. Qrupda ictimaiyyətdə tanınan, nüfuzu olan hüquq müdafiəçiləri, jurnalistlər də olmaqla 30 nəfər var. Siyahı bu gün açıqlanıb və onun 81 nəfərə endirilməsi müəyyən suallar yarada bilər. Ancaq, bu hələlik tam siyahı deyil.
Bəzi məhbusların bu siyahıya düşməsi ilə bağlı məsələlər araşdırılır. Yaxın vaxtlarda təqdim etdiyimiz siyahıya yenilərinin əlavə olunacağı gözlənir.
- Siyahıya əlavə olunacaq təxminən neçə nəfərlə bağlı müzakirə aparılır?
- Çox uzun müzakirələrdən sonra biz 8 nəfər üzərində dayandıq. Başqa şəxslər də var idi. Qrupda belə razılaşma var idi ki, burada müzakirə olunan məsələlər və mövqelər qapalı saxlansın. 8 nəfərdən əlavə bir neçə nəfər də var ki, müzakirə aparıb qərar qəbul edəcəyik. Biz bu şəxslərlə bağlı araşdırmalar apardıqdan sonra qərar verəcəyik.
- Bu siyahının bir nəticəsi olacaqmı?
- Birinci məqsədimiz bu cür insanları yerli və beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Biz bu insanların azadlığa çıxmasına töhfə vermək, yardım etmək istəyirik. Həm də onların tapdanmış hüquqlarını bərpa etməkdir məqsədimiz. Bizim bu istiqamətdə digər addımlarımız da atılacaq.
- İşçi qrupu siyahıda olan məhbuslara hansı şəkildə hüquq yardım göstərəcək?
- Qrupda olan üzvlərin xeyli hissəsi həmin şəxslərin vəkilləridir. Siyahını hazırlayanda həmin vəkillərin rəylərindən istifadə etmişik. Eyni zamanda qrupda hüquq müdafiəçiləri var ki, onlar da siyasi məhbusların hüquqlarının qorunmasında rol oynayırlar. Qrupdakı şəxslər bu işin içindədirlər və indiyə kimi bu istiqamətdə töhfələri olub. Hesab edirəm ki, bundan sonra da olacaq.
- Beynəlxalq təşkilatlarla əlaqə imkanlarınız nə səviyyədədir?
- Hal-hazırda yenilənmiş siyahı ingilis dilinə tərcümə olunr. Yaxın günlərdə beynəlxalq təşkilatlara təqdim edəcəyik. Onlarla bizim əməkdaşlığımız var və bizdən bu siyahını gözləyirlər. Yaxın vaxtlarda bu siyahını maraqlı olan beynəlxalq təşkilatlara təqdim edəcəyik.
- Sizcə, bu siyahıda olanların hamısı tanınacaqmı təşkilatlar tərəfindən?
- Bizim elə bir narahatçılığımız yoxdur. Ona görə ki, bu siyahı əvvəlkinin davamıdır. Bundan öncəki siyahı həm beynəlxalq , həm də yerli istimaiyyət tərəfindən qəbul olundu.
Yeni əlavə olanların siyasi məhbus hesab olunması ilə bağlı hər hansı bir problem görmürük. Çünki, həmin şəxslərin əksəriyyəti nəinki siyasi, hətta vicdan məhbusu kimi qəbul olunublar.
Azərbaycana beynəlxalq diqqət artıb, insan haqları və azadlıqları ilə bağlı hökumətə təzyiqlər artıb. Hesab edirəm ki, ölkə daxilində də siyasi məhbuslarla bağlı aparılan işlər də onların azadlığa çıxmasına yardımçı olacaq.