Siyasi məhbusların dəyişməyən siyahısı - ÖLKƏMİZ UÇURUMA GEDİR

Azadlıq olmayan ölkədə inkişaf ola bilməz. Əlbəttə, “inkişaf” dedikdə, heç də şəhər və rayonların kosmetik gözəlləşdirilməsindən söhbət getmir. İnkişaf o deyil ki, kasıb insanları Bakının mərkəzindən uzaqlaşdırıb, onların köhnə evlərinin yerində göydələnlər ucaldasan. İnkişaf o deyil ki, şəhərin mərkəzini və prezident keçən küçələrini il ərzində bir neçə dəfə asfaltlayıb, qalan yolları xarabalığa çevirəsən. İnkişaf o deyil ki, ölkənin 3-5 faizi milyonlar, milyardlar içində üzsün, böyük əksəriyyət isə gündəlik çörəkpuluna möhtac olsun...
Təəssüf ki, Azərbaycan televiziyaları illərdir dövlət büdcəsinin talanması hesabına Bakıda aparılan tikinti işlərini xalqımıza “inkişaf” deyə sırımağa cəhd edirlər. Sanki bu tikililərin bir qrup məmura məxsus olduğunu və hansı məqsədlə tikildiyini kimsə bilmir...
Bəs, inkişaf nədir?
Sözsüz ki, bir dövlətin inkişafı ilk növbədə onun müstəqilliyi və xalqının azadlığından başlayır. Tarix də sübut edir ki, azad olmayan heç bir xalq inkişafa nail ola bilməyib. Çünki kölələr hər zaman özləri üçün deyil, sahibləri üçün çalışır. 
Azərbaycan 25 il öncə öz müstəqilliyinə qovuşsa, xalqımız 70 il qolunda daşıdığı qandalı sındırıb atsa da, müstəyilliyimiz, azadlığımız çox çəkmədi. Doğrudur, sözdə “Azərbaycan müstəqil dövlətdir və xalqımız azaddır”, amma reallıq tamamilə bunun əksini göstərir. Həqiqət odur ki, biz SSRİ-nin “caynağı”ndan xilas olsaq da, 20 ildən çoxdur, ondan heç də az qəddar olmayan bir rejimin əsarəti altında yaşayırıq. Hansı ki, bu rejim illər ötdükcə daha da azğınlaşır və daha da amansız olur. Ölkə həbsxanaları bu rejimi tənqid edən, onun siyasətinə qarşı çıxan günahsız insaların cəza yerinə çevrilib. Azərbaycan yeganə ölkədir ki, burda günahkarlara deyil, günahsız insanlara cəza kəsilir. Azərbaycan yeganə ölkədir ki, burda cinayətkarlar əlini-qolunu sallayaraq çox sərbəst gəzdikləri halda, hər bir müstəqil fikirli, azad düşüncəli insanın içərisində hər an həbs oluna biləcəyi qorxusu var. 
Bu ölkədə çox haqsız həbslərin şahidi olduq. Qeyd etdiyimiz kimi, həbsxanalar siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri, fəal gənclər və s. kateqoriyadan olan AZADLIQ QURBANLARI ilə doludur. Bu sahədə vəziyyət o qədər acınacaqlıdır ki, indi ölkədə məhbuslara da müxtəlif adlar verilir. Məsələn, “Heykəl məhbusları”. 
Doğrudur, zaman-zaman ölkə başçısı “humanistlik” nümayiş etdirib, onların bir qrupunu əfv edir. Amma siyasi məhbusların siyahısı heç vaxt dəyişmir. Belə ki, 5 nəfər azad olunursa, dərhal onların yerinə başqa 5 nəfəri həbsə atırlar. Çünki bu hakimiyyət özünün siyasi ömrünü uzatmağın yolunu siyasi məhbusların sayını çoxaltmaqda görür. Bu baxımdan rejim kimsənin göz yaşlarına acımır.
Təbii ki, bütün bunlar heç də Azərbaycan iqtidarının güclü olduğunu söyləməyə dəlalət etmir. Ümumiyyətlə, güclü hakimiyyətlər heç bir zaman öz xalqına qarşı zor tətbiq etmir. Əslində, xalqdan dəstək almayan heç bir hakimiyyət də güclü ola bilməz. Bu baxımdan Azərbaycan hakimiyyəti xalqın dəstəyindən məhrum olduğu üçün xalqı əzməklə “güclü olduğunu” nümayiş etdirməyə çalışır. Ancaq son proseslər – Leyla və Arif Yunusların, İntiqam Əliyevin, jurnalist Xədicə İsmayılın, NİDA-çı gənclərin və s. şəxslərin azadlığa buraxılması göstərdi ki, bu hakimiyyət zənn etdiyi qədər də güclü deyil. Çünki bu insanların hər biri ilk əvvəl qondarma ittihamlarla həbsə atılsalar da, sonradan beynəlxalq basqılar nəticəsində onlara qarşı irəli sürülən hüquqi maddələr dəyişdirildi və hər biri azadlığa qovuşdu. 
Bütün hallarda hakimiyyətin bu addımı təqdir olunmalıdır. Qəbul edilməyən isə odur ki, bu rejim öz vətəndaşını günahsız yerə həbs etməklə ölkəmizin dünyadakı nüfuzuna böyük zərbə vurur, sonra da xaricü güclərin təzyiqi altında onları sərbəst buraxmağa məcbur olur. Hansı ki, illərdir bu proses davam edir və bu sahədə inkişafa doğru heç bir müsbət addım atılmayıb. 
Bu səbəbdən, yaxşı olardı ki, məmurlarımız Bakıda 3-5 tikinti aparıldığı üçün insanlara “inkişaf nağılları” danışmaqdansa, ölkədə insanların hüquq və azadlıqları sahəsində gerçək inkişafa nail olsunlar. Çünki, dövlətin əsl inkişafı burdan başlayır!    

Çingiz Əsgərov