Siyasi ittifaqların fəlsəfəsi - TƏHLİL

Avrasiya İttifaqına üzvlük Azərbaycan dövlətinin süqutuna səbəb olar

Azərbaycanda iqtidar-müxalifət ideologiyasının ziddiyyətlərindən biri və iqtidar-müxalifət problemini yaradan əsas məsələ ittifaq məsələsidir. Azərbaycan müxalifəti ittifaqla bağlı Türkiyə və Avropa Birliyini hədəf göstərir, Azərbaycan iqtidarı isə Avropa Birliyindən uzaqlaşmağı və Avrasiya İttifaqına qoşulmağın mümkünlüyündən danışır.
İlham Əliyev Qazaxıstana sonuncu səfərində “bizim təhlükəsizliyimiz  Rusiya ilə ittifaqdadir” bəyanatını verməklə əsası Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, Heydər Əliyev tərəfindən həyata keçirilmiş, on ilə yaxın özünün də həyata keçirilməsində iştirak etdiyi Avropa Şurası, Avropa Birliyi ilə əməkdaşlıq siyasətindən 180 dərəcə üz çevrilməsinin mümkünlüyünə işarə etmişdir. Buradan sadə vətəndaşlarda bir çox sual doğur: ittifaq nədir? Hansı ittifaqda olmaq onun həyati maraqlarına uyğundur? Yəni ölkəmiz hansı ittifaqda olsa, insanlar indikindən daha yaxşı vəziyyətdə yaşaya və təhlükəsiz ola bilər? Və bu zaman Azərbaycan dövlət  müstəqilliyini və suverenliyini hifz edə və möhkəmləndirə bilərmi? Və yaxud ittifaqa qoşulmadan yaşamaq olmazmı?
Bir dövlətin təhlükəsizliyi onun müstəqilliyinin və suverenliyinin vəhdətindən ibarətdir. Hansı ki, bir-birindən fərqli üç dövlət sferasına ayrılır: hüquqi, siyasi  və iqtsadi. Sosial sfera bu üç sferanın summasiyasının nəticəsində üstqurum kimi yaranır. Hansı ki, fərdin müstəqilliyi və suverenliyindən təşkil olunur. Fərdlərin müstəqiliyi - yaxşı yaşamaq, suverenliyi - hüquq və azadlıqlara malik olmasından ibarətdir. Bunların vəhdətindən yaranan fərdi təhlükəsizlik isə fərdin dövlət həyatında iştirakı - seçilmək və seçmək kimi təzahür edir. Buradan aydın olur ki, vətəndaşların seçmək və secilmək hüququnun pozulması sonda dövlətin  suverenliyini və müstəqilliyini itirməyə və əksinə, dövlətin müstəqilliyini və suverenliyini  itirməsi fərdin təhlükəsizliyinə - yaşamasının pisləşməsinə və azadlıqlarını total şəkildə itirməyə səbəb olur. Buradan “hansı itiffaqı seçmək dogrudur”- sualının cavabı alınır. O ittifaqda olmaq lazımdır ki, insanların yaşantışı yaxşılaşsın, hüquqları genişlənsin, dövlətin suverenliyi toxunulmaz və müstəqilliyi itirilməz olsun.   
İttifaq nədir və onsuz yaşamaq mümkündürmu? İnsanlıq bir tam kimi dünyanın tabe olduğu mövcud olma qanunlarına -əksliklərin vəhdəti və mübarizəsi, tək və cüt kəmiyyətin keyfiyyətə keçməsi qanularına tabedir. Sadəcə, təbiətdə bu qanunlar paralel, cəmiyyətdə isə ardıcıl meydana çıxır. Bu qanunların ardıcıl meydana çıxmasından cəmiyyət həyatında təzahüründən sosial həyat təşəkkül tapır. Dünyanın mövcudluğunun əsas qanunu - əksliklərin vəhdəti və mübarizəsi qanunundan ibarətdir. Cəmiyyət həyatında da ilk özünü göstərən bu qanun olmuşdur. Dövlətlər arasında əkslik üç ayrı-ayrı müstəvidə - hüquqi, siyasi, iqtisadi və ya da hamısının summasiyası kimi təhlükəsizlik məsələlərində meydana çıxır.

Əgər maraqları hissəvi və ya tam şəkildə əkslik təşkil edən tərəflər ittifaqlarsız bərabər güclüdürsə, bu zaman dinc yanaşı yaşama - əməkdaşlıq prinsipi işə düşür. Yox, əgər tərəflər qeyri-bərabər gücdədirsə, buradan “güclü gücsüzünağasıdır”-təhlükəsizlik prinsipi yaranır. Məhz bu - ikinci prinsip  dünyamızın digər bir qanununun cəmiyyətimizdə təzahürünü meydana çıxarmışdır. Bu qanun tək və cüt qanunundan ibarətdir. İttifaq eyni maraqların bir güc təşkil etməsindən ibarətdir, hansı ki, bu dünyanın təkin (bütün insanlıgın) cütə (ayrı-ayrı xalqlara) ayrılması, cütün (bəzi ayrı-ayrı xalqların) tək (ittifaq) yaratması qanunundan meydana çıxır. Cütün təkə keçməsi - ittifaqın yaranması ilə bu dünyanın üçüncü qanunu - kəmiyyətin keyfiyyətə keçidi baş verir, hansı ki, əksliklərin gücsüz tərəfi güclənir, güclü tərəfi zəifləyir, bununla gücsüz ittifaqdan özünü qorumaq üçün istifadə edir.
Dövlət sferasının ayrı-ayrı sahələrinə uyğun ittifaqlar assosativ, təhlükəsizkliklə bağlı total ittifaq dissosativ olur. Assosasiya - birlikdə mövcud olmani, dissosasiya – birinin digərində yox olmasını bildirir. Buradan assosativ ittiifaqlar bərabər tərəflər, dissosativ ittifaqlar qeyri-bərabər tərəflər arasında yaradılır. Assosativ birliklər hər iki tərəf üçün təhlükəsiz, dissosativ  ittifaqlar bir tərəf üçün təhlükəsiz, digər tərəf üçün təhlükəlidir.
Əksliklərin vəhdəti və mübarizəsi qanununun sosial həyatda təzahürü Osmanlı dönəminə qədər sosial həyatın tabe olduğu tək təbii qanun olmuşdur. Bu dövrə qədər güclü gücsüzü məhv etmiş, bərabər güclülər dinc yanaşı yaşamışdır.
Təkin cütə, cütün təkə çevrilməsi qanunu tarixdə ilk dəfə qlobal şəkildə Osmanlı dönəmində Türklərin Avropa ölkələrinə hücumunda meydana çıxmışdır, hansı ki, eyni dindən olan Avropa dövlətləri din birliyinə görə başqa dindən olan Osmanlıya qarşı ittifaq yaratmağa başlamışdır. Bu, Roma papasının təşəbbüsü ilə başlayan və dünya tarixində ittifaqların yaradılması prosesini başlatmışdır. Sonralar özünü müdafiə məqsədi ilə yaradılan xristian ittifaqı xaç yürüşləri altında həm də hücüm məqsədi daşıyan ittifaq kimi mövcud olmuşdur...
Bizim eranın mininci ilindən başlayan dünyadakı ittifaqlaşma prosesi birinci dünya müharibəsində bəzi dövlətlərin bəzi dövlətlərlə vuruşması ilə artıq millətlər liqasının - ziddiyyətdə olan dövlətlərin bir ittifaqda olub, dinc yolla ziddiyyətləri həll etmə formasını - əməkdaşlıq ittifaqını meydana çıxarmışdır ki, məqsəd dünyanı dinc yolla təsir dairələrinə bölüşdürmək olmuşdur. Bundan Almaniyann narazı qalması ikinci dünya müharibəsinin qarşısını almağa yetərli olmadığından, ikinci dünya müharibəsindən sonra dünyada bütün insanlığın təhlükəsizlyini və bəzi dövlətlərin bir-biri ilə əməkdaşlığını təmin edən BMT-nin yaranmasına gətirib çıxarmışdır.

BMT ilə yanaşı ayrı-ayrı maraqların birləşdirdiyi ya əməkdaşlıq, ya da təhlükəsizlik üzrə transnasional və local, yəni ikitərəfli və çoxtərəfli ittifaqlar yaranmışdır. Məsələn, dini maraqlara görə - İslam Konfransı Təşkilatı, milli maraqlara görə - Türkdilli Dövlətlərin Sammiti, iqtisadi maraqlara görə - Qara Dəniz İşbilrliyi, hərbi təhlükəsizliyə görə - Azərbaycan-Türkiyə əməkdaşlığı mövcud olmuşdur.
Transnasional ittifaqların ən böyükləri Asiya qitəsində mövcud olan Şanxay İttifaqi, Avropada mövcud olan Avropa Birliyi və s. təşkilatlardır. Rusiya hazırda Şanxay təşkilatı ilə Avropa birliyinin sintezini özündə əks etdirən Avrasiya İttifaqı təşəbbüsü ilə çıxış edir. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı başlatmış, Avrasiya İttifaqına dəvət edilmə mərhələsindədir.
Bu gün hər iki ittifaq tərəfdarları sadə vətəndaşların anlayacağı dillə təcrübəyə istinadən çoxlu dəlillər gətirməklə özlərinin  mövqeyinin doğrulugunu sübut etmək istəyirlər. Avropa Birliyinə münasibətdə Avrasiya İttifaqına meyl edən iqtidarın Qərb əleyhinə iki, lehinə bir arqumenti vardır. Birincisi, Qarabağ məsələsində Qərb Azərbaycanı birmənalı dəstəkləmir, Ermənistanı işğalçı kimi tanımır və Qarabağın azad olmasında bizə açıq dəstək vermir. İkincisi, siyasi məsələdir, hansı ki, Qərb demokratiya, insan hüquq və azadlıqlarının qorunmasında Azərbaycanın daxili işlərinə qarışır. Qərblə əməkdaşlığa razılıq yalnız iqtisadi məsələ ilə bağlıdır.
Rusiya ilə ittifaqa - Avrasiya ilə bağlı meyllənmə ümumi şəkildə təhlükəsizliklə əlaqələndirilir, amma konkret olaraq onun dövlətimizin siyasi, hüquqi və iqtisadi sferasında təsirləri haqqında heç bir fikir bildirilmir. Yəni Avropa ilə əməkdaşlıqda iqtidarın narazı qaldığı iki - Rusiya ilə ittifaqın Qarabağın probleminin həllində rolu və Rusiyanın Azərbaycanın daxili işlərinə qarışıb-qarışmayacağı ilə bağlı heç bir fikir söylənmir. Eyni zamanda Avropa Birliyi ilə əməkdaşlıqdan razı qalınan məsələ - iqtisadi əməkdaşlığın Azərbayacana Avropadan fərqli nə verəcəyi haqqında da susurlar.
Müxalifət iqtidarla Qərbə münasibət məsələlərində bir məsələdə onunla razıdır - Qərb Qarabağ probleminə beynəlxalq hüquqa, yəni ədalətə istinad etmir, ikinci məsələdə əksinə Qərbin düzgün mövqedə olduğunu bildirir və iqtidar da fərqli olaraq, Qərbə qarşı başqa bir narazılıq irəli sürür. Bu da iqtisadi münasibətlərlə bağlıdır. Belə ki, Qərblə Azərbaycanın  əməkdaşlığı Azərbaycanda iqtisadi artıma səbəb olsa da və bunun nəticəsində infrastruktur dəyişilmələri baş versə də,  iqtisadi inkişafa yardım etməmişdir və bunun əvəzində bu günkü rejimin iqtisadi siyasətini – qeyri-rasional tərəqqi və iqtisadi  artım siyasətini açıq şəkildə müdafiə etmişdir.
Azərbaycan müxalifəti Rusiya ilə ittifaqın əleyhinə olaraq  bütün sferalarda Rusiya ilə ittifaqın zərərli olduğunu bildirir.
Birincisi, Qarabağ məsələsində Qarabağın Azərbaycandan qoparılması və ermənilərin Azərbaycan topraqlarında dövlətləşməsinin Rusiya tərəfindən həyata keçirildiyini bəyan edir. Bunun əleyhinə iqtidarın heç bir arqumenti yoxdur və ola da bilməz. Çünki bütün tarixi faktlar bu həqiqəti sübut edir.
Rusiya bu gün ağır iqtisadi böhranda olduğundan, Kremlin bu böhrandan çıxmaq üçün ittifaqda oldugu dövlətlərin iqtisadi potensialından bəhrələnəcəyi istisnasızdır. Bizim ruslarla çar və sovet dönəmi “müttəfiqliyimiz” rusların Azərbaycanı iqtisadi cəhətdən necə talan etdiyini təkzibedilməz faktlarla sübut edir. Siyasi məsələdə Rusiyanın Azərbaycanın daxili işlərini -suverenliyini ləğv etmək və öz daxili işi kimi həll etmək istədiyini iddia edir. Bunun bariz nümunəsi Rusiyanın tez-tez ittifaqa dəvət etdiyi, amma hələ qərarsız qalan dövlətləri işğal edəcəyi ilə hədələməsidir.
Əgər Rusiya ilə əməkdaşlıq dövlətin hər üç sferasında Azərbaycanın əleyhinədirsə, onda bu üç sferanın summasiyasından meydana çıxan təhlükəsizliklə bağlı Azərbaycan dövlətinin yeganə narahatçılığının Rusiya olduğu avtomatik sübut olunur. Bunun əleyhinə iqtidarın heç bir arqumenti ola bilməz. Çünki Rusiya açıq şəkildə öz təhlükəsizliyini qorumaq üçün başqa dövlətləri işğal edəcəyi ilə bağlı bəyanat verir və bunun söz olmadığını həm çar dönəmində Azərbaycanın şimal hissəsini işğal etməsi, həm də sovet dönəmində Əfqanıstan, Vyetnam, Koreya, Efiopiya və s. kimi ölkələrdə apardığı qanlı müharibələrlə və bu günkü tarixdə Suriya və Ukraynaya hərbi intervensiya ilə sübut edir. Bütün bunları nəzərə alıb, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinin Avropa Birliyinə üzvlükdən keçdiyini qətiyyətlə demək olar. Hansı ki, bunun doğruluğunun əleyhinə heç kimdə ağlabatan bir əks arqument yoxdur və ola da bilməz. İnsan hüquq və azadlıqlarının qorunması ilə Azərbaycan özünün dövlət  təhlükəsizliyini təmin edə bilər ki, əslində Avropa Birliyi ilə ittifaqin yeganə şərti də budur. Beləliklə, ölkəmizdə insanların yaxşı yaşamasını və azad olmalarını istəyən Avropa Birliyi Azərbaycanın suverenliyini və müstəqilliyini qorumaq istəyir, lakin bunun üçün Azərbaycanı yalnız müəyyən şərtlər daxilində Avropa Birliyinə dəvət edir ki, öz gücü və potensialını qanuni şəkildə üzvlük öhdəliyi əsasında bu problemin həllinə yönəldə bilsin. Əks halda, Avropa Birliyi Azərbaycanın təhlükəsizliyinə təminat verə bilməz, Avrasiya İttifaqına üzvlük isə Azərbaycan dövlətinin süqutuna səbəb olar.

Sərdar CƏLALOĞLU