“Sirab” ASC- yə qarşı təxribat, yoxsa... – ŞİRKƏT İSA QƏMBƏRİ MALİYYƏLƏŞDİRDİYİ HAQDA İDDİALARA REAKSİYA VERDİ

Baxış sayı:
8428

““Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur”

Son zamanlar bəzi xəbər saytlarında “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılmışdır. Bu səpgili xəbərlərin meydana çıxmasına səbəb isə, Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən “youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər Babək “Sirab” ASC – yə məxsus “Sirab”  mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanmışdır.
Babək “Sirab” ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd etdiyimiz kimi, Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.
Muxalifet.az xəbər verir ki, Babək “Sirab” ASC - nin İdarə Heyətinin sədri Namiq Novruzovun mətbuata açıqlamasında “Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə heç bir əlaqəsinin olmadığı bildirilir:
“Babək “Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçmiş həmin “Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.
Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı “Babək Sirab” ASC rəhbərliyi ilə heç bir dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlamışdırlar. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeiyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Babək “Sirab” ASC-yə və “Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.
Bir daha mediya və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinə yetirməyə dəvət edirik”.

Namiq Novruzov

Muxalifet.az