SINAQDA OLAN AZƏRBAYCAN! – Ayrı-ayrı komandalar yox, Azərbaycan güclü çıxmalıdır bu sınaqdan!

Baxış sayı:
502

Zeynəbi söyürlər… Afaqı söyürlər… Anarı ələ salırlar… İslamı araya qoyurlar… Şövkəti tanımırlar… Gülağanı bəyənmirlər… Milli təəssüb hissi koşalmış vəziyyətdədir… Hər şeyə lağ obyekti kimi baxırlar…
Adam fikirləşir, özünə sual edir ki, görəsən, biz bu günə qalmaq üçün müstəqil olmuşduq? Bəs bu vəziyyətə necə gətirildə ölkə?
-İlk addım, milli medianın sıradan çıxarılması oldu.
-Ardıyca şəxsi maraq, dövlət marağını üstələdi.
-Sonra dövlətlə, siyasi lider arasında ciddi uçurum yaradıldı.
-Axırıncı mərhələdə vətəndaşla dövlət, siyasi lider münasibətləri “hasarlandı”.

Beləcə illərlə qurduqları sistem işlədi. İndi ölkə olaraq gəmi kimiyik. Xilas olmağa çalışan gəmi. Ortaq hədəfimiz var dövlətimiz üçün yaxşı olan hər şeyi edək istəyirik bir çoxumuz. Ancaq buna fərdiyyətçilik, vahid komanda ola bilməmək mane olur. Hərə öz komandası, öz qaydaları ilə “oynayır”. Hamı da öz çapında, özünü haqlı sayır, komandasını ən güclü bilir. Ayrı-ayrı komandalar yox, Azərbaycan güclü çıxmalıdır bu sınaqdan. Siyasi komandalar bunu anlayırmı? Müsbət cavab vermək hələlik çətindir!
***
Bəlkə indi deyəcəyim xırda bir detaldır, amma xırda olduğu qədər də böyükdür. Məsələn, “yeniləndi” dediyimiz telekanallardan birinin əməkdaşı xalq artisti Hamlet Xanızadənin adına sosial şəbəkə səhifəsinə yazır ki, sizi efirə dəvət edirik. Sizinlə söhbət maraqlı olar. İnsanlara sizi təqdim edək, tanıdaq. Necə bilməmək olar ki, Hamlet Azərbaycan səhnəsinin Teymurləngidir. Ən möhtəşəm kişi obrazlarından biridir və illər öncə dünyasını dəyişib. Özü də millətinin başına gətirilən faciəyə, iyirmi yanvar faciəsinə dözə bilməyib, ürəyi dayanıb, çatlayıb ölüb Hamlet Xanızadı. Bəlkə də elə yaxşı eləyib ölüb deyə düşünürəm. İndiyə qalsaydı, belə urvatsız dəvəti özü şəxsən eşidəcəkdi. Urvatsız dəvətdənsə, xalqa sevgisindən ölmək daha şərəflidir. Ruhun şad olsun SƏNƏTKAR!
İndi gələk təklifi edən tərəfə. Bu nəinki bir media adamının işi deyil. Bu media adamının cinayətidir. Bu həm də onun göstəricisidir ki, milli kökdən qopmuş, özünə dünya vətəndaşı deyən bir nəsil yetişdiriblər ölkədə. Bir az da zombiləşmir. Geyimdə, üslubda, danışıqda, düşüncə tərzinə görə bir birlərinə yaxındırlar. O nəsilin nümayəndələri artıq ictimai rəyin formalaşmasında da istifadəyə verilib. Milli ruhu yox, milli ənənələrdən uzaq. Bu bir ölkə və cəmiyyət üçün qorxulu tendensiyadır.
Bəs başımıza zor, ya xoş, fərq etməz, bu gətirilənlər, bizi hara aparır? Hələlik heç yerə, dalana dirənmiş durumdayıq, dövlətli, vətəndaşlı. Dövlət başçısı vətəndaşa aktiv olmağı, daha çox ictimai qınaq mövqeyi sərgiləməyi təklif edir. Vətəndaşsa ictimai qınaqdan qaçır, çünki gözləmədiyi pressinqlə üz-üzə qalır. Onu tutrlar, hədələyirlər, cəzalandırırlar. Daha dəqiqi vətəndaşı dövlətə arxadaş olmaqdan itələyirlər. Bunu bir yandan radikal güclər, bir yandan iç siyasi proseslə razılaşmayan keçmiş komanda “yoldaşları”, bir yandan da hələ onların ciddi post tutan qolları edir. Hərə bir tərəfə çəkişdirir gözəlim məmləkəti. Nə olur olsun, bircə dövlət baba ilə millət yaxınlaşmasın. Çünki onda daha qüdrətli və yenilməz bir güc ortaya çıxacaq. Buna nail olmağın ən vacib yolu,
-Yeni milli ideologiyanı qısa zaman kəsiyində müəyyən etməkdir.
Sonrasında,
-Milli medianı dirçəltmək. Bu işdə Mətbuat Şurası, MTRŞ, hətta KİVDF adılı media qurumarının müstəsna rolu və yeri olmalıdır.
Ən vacibi,
 -Keçmişdə olduğu kimi, qohumluq, dostluq, tanışlıq münasibətləri ilə təyinatlar sıfırın da altına salınmalıdır. Çünki biz indi ölkə olaraq bunun son dərəcə acı nəticələrini yaşayırıq. İndi yeni bir əl dəyişməsinin on ildən sonra daha ağır nəticələrə aparacağı yəqin ki, heç kimə sirr deyil.
Əks halda biz ölkə və cəmiyyət olaraq çox sürətlə aşınmaya doğru gedəcəyik. Adamlar kütləvi zombiləşəcək. Hər şey onlar üçün adiləşəcək, reaksiyasız olacaqlar. Bəs bütün bunlar bizə lazımdırmı?! Məncə yox, bəs siz nə düşünürsünüz?!.
Jalə MÜTƏLLİMOVA