"Şimali Koreyaya raket mühərrikini ya Ukrayna, ya da Rusiya verib" - KİV

"Şimali Koreya iyul ayında sınaqdan çıxardığı iki qitələrarası ballistik raketi (QBR) üçün mühərrikləri ya Ukraynadan, ya da Rusiyadan alıb".
"The Guardian" bir təhqiqatın nəticələrinə əsasən yazır ki, Şimali Koreya iyul ayında sınaqdan çıxardığı iki qitələrarası ballistik raketi (QBR) üçün mühərrikləri ya Ukraynadan, ya da Rusiyadan alıb.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitunun (IISS) bazar ertəsi açıqladığı hesabatda deyilir ki, iki QBR-də istifadə olunan mühərriklər öz tipinə görə Şimali Koreyanın bu vaxtadək işlətdiyi mühərriklərdən köklü şəkildə fərqlənir və daha çox Sovet zəmanəsindən qalma mühərrikləri xatırladır.
Hesabatda bildirilir ki, bu mühərriklər naməlum sayda və qanunsuz yollarla Ukrayna və ya Rusiyadan alına bilərdi.
Şimali Koreyanın ötən ay buraxdığı iki raket Washington və Pxenyan arasında gərginliyi son həddinə çatdırıb. Şimali Koreya bəyan edib ki, onun hazırlamağa müvəffəq olduğu çoxpilləli qitələrarası raket texnologiyası Pxenyanın Birləşmiş Ştatların ərazisini vurmasına imkan yaradır.
Expertlər 4 və 28 iyulda buraxılmış raketlərin həqiqətən də ABŞ ərazisini vura biləcək ağırlıqda nüvə başlığı daşıması barədə müxtəlif rəy verirlər. Lakin getdikcə artan dəlillər göstərir ki, Pxenyan raketlərə yerləşdirilə biləcək miniatür ölçüdə nüvə başlıqları yarada bilib.
Ötən həftə prezident Donald Trump xəbərdarlıq etmişdi ki, Şimali Koreya ABŞ-a "nəsə etsə", "atəş və qəzəblə" qarşılaşacaq.
Şimali Koreya isə bu xəbərdarlığı rədd edərək bildirmişdi ki, Sakit Okeanda ABŞ ərazisi olan Quam adası istiqamətində raket zərbələri endirəcək.
Bunun cavabında Trump Amerikanın silahının "dolu və ayaqda" olduğunu bildirmişdi.
Bazar ertəsi müdafiə naziri James Mattis və dövlət katibi Rex Tillerson Trump-ın davakar bəyanatlarına toxunmadan Wall Street Journal qəzetində yazıblar ki, bu administrasiya Şimali Koreyaya münasibətdə əvvəlki administrasiyadan fərqli siyasət yürüdür.
Mattis və Tillerson yazırlar ki, biz uğursuz "strateji səbir" siyasətini yeni "strateji cavabdehlik" siyasətinə dəyişirik.
Onlar izah edirlər ki, "yeni" siyasət diplomatik və iqtisadi təzyiq vasitələrinin kombinasiyasından istifadə deməkdir.
IISS-nin raket eksperti Michael Elleman tərəfindən yazılmış hesabatında deyilir ki, Şimali Koreya özünün yeni raketlərində böyük bir ehtimalla sovetdən qalma RD-250 mühərrikindən istifadə edib, lakin qoşa daxiliyanma kamerasından bir kamera düzəldərək motoru modifikasiya edib.
Hesabatda qeyd olunur ki, belə bir modifikasiyanın həyata keçirilməsi üçün bu mühərriklərə yaxşı bələd olan ekspertlərin iştirakı lazım gəlməli idi.
Michael Elleman bildirib ki, belə mütəxəssislər yalnız Rusiyanın Enerqomaş və Ukraynanın KB Yujnoye zavodlarında var.
Ekspert güman edir ki, modifikasiya məhz bu iki zavoddan birində edilib.
Yujnoye Ukraynanın daha böyük silah istehsalçısı Yujmaşın dizayn qoludur.
Bundan əvvəl Yujnoye-dən Şimali Koreya üçün silahların oğurlanması barədə BMT-nin hesabatında söz açılırdı.
2011-ci ildə Ukrayna bildirmişdi ki, Yujnoyenin bir işçisinə yaxınlaşan iki şimali koreyalını həbs edib.
Şimali koreyalıların casusluq etdiklərini Kiyevə həmin işçi xəbər vermişdi.
Bazar ertəsi Kiyev Şimali Koreya raketləri üçün mühərriklərin Ukrayna zavodlarından qaynaqlandığını inkar edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov deyib ki, bu barədə söz-söhbəti öz cinayətini ört-basdır etmək istəyən Rusiyanın xüsusi xidmətləri dövriyyəyə buraxıb.
Çin ekspertləri isə mühərriklərin Şimali Koreyada hazırlandığına inanırlar.