​“Şimali Koreya birtərəfli qaydada silahsızlaşmayacaq” – Pxenyandan ŞƏRTLƏR

Baxış sayı:
277

Şimali Koreya ehtimal ki, birtərəfli qaydada denuklearizasiyanı həyata keçirməyə başlamayacaq.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “IHS Markit” beynəlxalq konsaltinq şirkətinin tədqiqatçıları bildirirlər.
Onlar hesab edirlər ki, bu proses Koreya yarımadasında nüvə silahının yerləşdirilməsindən imtina barədə ABŞ tərəfindən veriləcək təminatla bağlıdır.
“Şimali Koreya yəqin ki, birtərəfli qaydada denuklearizasiyanı həyata keçirməyi arzulamayacaq. Bu proses ehtimal ki, Koreya yarımadasına nüvə silahlarının qaytarılmasından imtina və başqa məsələlər haqqında ABŞ tərəfindən veriləcək təminatlarla bağlıdır. Sanksiyaların yumşalması və sülh müqaviləsi də daxil olmaqla, təhlükəsizlik zəmanətləri Koreya Xalq Demokratik Respublikasının əsas məqsədi olaraq qalır”, - “IHS Markit” şirkətinin ekspertləri Elison Evans-ın və Karl Dyuinin şərhində deyilir.
Xatırladaq ki, Pxenyan mayın 15-də Vaşinqtonu ABŞ-KXDR sammitini ləğv etməklə hədələyib. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilib. KXDR həmçinin bildirdi ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.
Tramp KXDR-in lideri ilə görüşünün tarixi və yerini açıqlamış, görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.
Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə etdi ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.
Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.