Sığorta saxtakarlığı, yoxsa insanların bilgisizliyi?

"Ümum daxili məhsulun sığorta yığımları ilə olan artımları yalnız icbari sığorta növlərinin payına düşür. Bu, yaxşı hal deyil. Rəqəmlər onu göstərir ki, bizi nəyəsə məcbur edirlərsə, onu alırıq. Məcbur etmirlərsə, demək, öz həyatımıza da, əmlakımıza da biganə yanaşırıq".
 
Bu sözləri axar.az-a Azərbaycanda sığorta bazarının inkişaf etməməsinin səbəblərindən danışan sığorta mütəxəssisi, ekspert Xəyal Məmmədxanlı deyib. O bildirib ki, ötən ilin göstəricilərinə görə, sığorta yığımlarının böyük qismi icbari sığorta növlərinin payına düşür:
“Dünyanın əksər ölkələrində həyat və digər sığorta növlərindən könüllü yığımlar olur. Azərbaycanda isə istər həyat, istərsə də qeyri-həyat sığortalarından daxil olan yığımların böyük hissəsi icbari sığorta növlərinin payına düşür. Son beş ilin rəqəmlərinə baxanda görəcəksiniz ki, sığorta bazarında durğunluq yaşanır. Yəni inkişaf və güclü dinamika yoxdur. İnsanların da sığorta barədə təsəvvürləri və məlumatları çox məhduddur. Burada əsas problem sığorta şirkətlərinin normal işləməməsidir. Dünyada yüzə yaxın sığorta növü var. Lakin bizdə bu şirkətlər yalnız icbari sığorta ilə kifayətlənirlər. İnsanlara yeni məhsullar təklif etmirlər, maraqlı ödəmə şərtləri, paket proqramlar hazırlamırlar. Bazarın vəziyyətinə baxanda görmək olur ki, 15 il əvvəl hansı məhsulları satırdılarsa, indi də həmin məhsulları təklif edirlər. Təəssüf ki, ümumi daxili məhsulda sığortanın payı hələ də 1 faizin altındadır. İnsanlarımız sığortaya “artıq pulumuz olsa, edərəm” düşüncəsi ilə yanaşırlar. Amma bu əksinə olmalıdır. Bir ara sığortaların və rəqəmlərin inkişafına səbəb olan kreditləşmələr prosesi var idi ki, bunların da hamısı sığortaya cəlb olunurdu. Bunlar kifayət qədər ciddi rəqəmlər yaradırdı. Artıq 3-cü ilə yaxındır, demək olar ki, avtomobil kreditləşməsi də dayanıb”.
Ekspert düzgün işləməyən sığorta şirkətlərindən və onların insanlarda yaratdıqları inamsızlıqdan da danışıb:
“Mütəmadi olaraq müəyyən sorğular keçiririk. Son keçirdiyimiz sorğuda təxminən 86% qeyd etmişdi ki, sığorta şirkətlərinə inanmır. Bu, çox ciddi göstəricidir. Səbəb isə sığorta şirkətlərinin müqavilə bağladığı zaman şərtləri müştəriyə olduğu kimi izah etməməsidir. Sabah müştərinin başına bir hadisə gəldiyi zaman bəlkə də həqiqətən ona hər hansı hala görə ödəniş düşmür. Lakin şirkət bunu vaxtında izah etmədiyinə görə, müştərilər aldadıldığını düşünərək mövcud vəziyyətdən şikayətlənirlər. İnamsızlığın digər bir səbəbi də bəzi sığorta şirkətlərinin müştəriləri incitməsidir. Müştəriyə ödənişi verməyən, get-gələ salan, keyfiyyəti zəif olan şirkətlər var. Düzdür, bu gün belə şirkətlərin sayı azalıb. Hazırda isə iqtisadi rəqabət səbəbilə sığorta şirkətləri müştərini razı salmaq üçün çalışır. İnsanların özləri də sığorta şirkətləri haqqında bilgiyə sahib deyillər. Bəzi səbəblər də var ki, onlar nə müştəridən, nə də sığorta şirkətlərindən asılı deyil. Bunlara avtomobilin qiymətləndirilməsi, sənədləşdirmə və digər proseslər daxildir. Yəni avtomobil qəzası zamanı yol polisindən arayış almaq və bu kimi oxşar prosedurlar var. Buna görə, müştəriyə ödənişin verilmə şərtləri, qaydaları sadələşdirilməlidir. Operativliyi artırmaq və müştərini razı salmaq üçün müasir texnologiyalardan istifadə etmək lazımdır. Düzdür, sığorta bazarı yeni formalaşan ölkələr üçün bu rəqəm normaldır. Yəni bu rəqəmləri Avropa ölkələri və digər inkişaf etmiş ölkələrlə müqayisə etmək düzgün deyil. Azərbaycanda bazarın ümumi sığorta yığımına baxdıqda, görürsünüz ki, 500 milyona yaxın sığorta haqqı yığılır. Bunun da 250 milyona yaxını hadisələrə görə insanlara ödənilir. Bu səbəblə də sığorta şirkətlərinin ödəniş etmədiyini deyə bilmərik. Onların haqqına girmiş olarıq”.